Ziya Məmmədovun kadrı buraxdığı “quş”un güdazına gedir: Zərdabın şefi yola salınır

Ziya Məmmədovun kadrı buraxdığı “quş”un güdazına gedir: Zərdabın şefi yola salınır Zərdab rayonu İcra Hakimiyyətinin başçısı Lütfəli Babayev toyda etdiyi çıxışına qurbanı ola bilər

Əldə etdiyimiz məlumata görə, Youtube sosial şəbəkəsində videosu yerləşdirilmiş icra başçısı yuxarıların qəzəbinə tuş gəlib.

Məlumata görə, kuratoru keçmiş nəqliyyat naziri Ziya Məmmədovun da arxasından çəkilməsi Zərdabın icra başçısını bu situasiyadan dayaqsız və qahmarsız buraxıb.

L.Babayev toyların birində “Azərbaycan Respublikanın prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində 20% torpaqlarımız işğal altındadır” söyləyib. Onun bu çıxışı internetə yerləşdirilib.

Sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olan və icra başçısının məsxərəyə qoyulması ilə nəticələnən bu sözlər təbii ki, ciddi siyasi xətadır.

Prezidenti torpaqların işğalında ittiham etmək nə deməkdir? Bir rayona rəhbərlik edən icra başçısı iki cümləni düzüb qoşub danışa bilməyib.

L.Babayev toy məclisində ümumi bir xeyir-dua verə də bilərdi. Ancaq ortalığa işğaldakı ərazilərimizlə bağlı məsələni salıb və “qaş düzəltmək istədiyi yerdə vurub göz çıxarıb”.

Ən dəhşətlisi budur ki, Z.Məmmədovun çıxışı qalmaqal yaradan ikinci belə kadrıdır. Qubanın icra başçısı Rauf Həbibovun artıq-əskik sözləri camaatı ayağa qaldırmışdı.

Bu dəfə əhalini yox, birbaşa hakimiyyəti qəzəbləndirən çıxış olub. L.Babayev özü də səhv etdiyini anlayıb və sözünü düzəltməyib.

Kimsə sözünü deyərkən səhv etməkdən sığortalanmayıb. Amma söhbət bir rayon rəhbəri, yaşlı, təcrübəli məmurdan gedir ki, toyda primitiv bir çıxış da edə bilməyib.

Məlumata görə, Zərdabda da geniş müzakirə olunan, çayxanalarda söz-söhbətə səbəb olan bu video L.Babayevi ciddi şəkildə narahat edib.

Amma kadrların Yutubdan silinməsinə nail ola bilməyiblər. Zərdabda danışırlar ki, icra başçısı çıxışı zamanı özündə olmayıb və torpaqların kim tərəfindən işğal edildiyini unudub.

Məlumatlı mənbə qeyd edir ki, Z.Məmmədovun gedişindən sonra onun kadrlarının “vurulması” prosesinə start veriləcək.

Elə başlanğıcda Ucarın icra hakimi olan qohumu Mənur Məmmədovla Zərdabın icra başçısı Lütfəli Babayevin yola salınması gözlənilir.

Mənbənin bildirdiyinə görə, nazirin yaxın ətrafı iqtidardakı postlarından təmizlənir. Çemodan əhval-ruhiyyəsində olan Ucar rayon icra hakimi sərəncama göndəriləcəyindən xəbərdardır. Lütfəli Babayevə gəlincə, 1959-cu il yanvarın 30-da Zərdab rayonunun Qaravəlli kəndində anadan olub.

1977-ci ilin may ayınadək Mingəçevir Şəhər Yol tikinti maşınları zavodunda ikinci dərəcəli fəhlə işləyib.

1979-cu ilin iyun ayınadək Çita şəhərində Sovet ordusu sıralarında hərbi xidmətdə olub. Uzun müddət Mingəçevirin orta məktəblərində direktor müavini və direktor işləyib.

Prezidentinin sərəncamı ilə 5 may 2005-ci il tarixdən 14 dekabr 2007-ci il tarixədək Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.

14 dekabr 2007-ci il tarixdən isə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Aprel döyüşlərində şəhid olmuş gizir Nurlan Abdullazadənin məzarından Azərbaycan bayrağının yığışdırılması əmrini verib.

Bayrağın şəhid məzarının yanına yerləşdirilməsi səbəbindən şəhidin ailəsinə icra hakimiyyəti işçiləri vasitəsilə təzyiq edib.

Bunu niyə etməsi sualına isə "Mənim işimlə bağlı məni niyə sorğu-sual edirsiniz ki? Prokuror-zadsız? Bayrağı harada gəldi, özü də qəbirstanlıqda asmırlar. Həmin bayrağı və plakatı mən sökdürmüşəm". deyə cavab verib.

Geri qayıt