Gəncə Şəhər Baş Polis İdarəsinin şöbə rəisindən prezidentə şikayət:- O, ÖVLADLARIMI TUTDURACAĞI İLƏ HƏDƏLƏYİR

Gəncə Şəhər Baş Polis İdarəsinin şöbə rəisindən prezidentə şikayət:- O, ÖVLADLARIMI TUTDURACAĞI İLƏ HƏDƏLƏYİR Gəncə şəhərində yaşayan Qəhrəman Ana Minarə Allahverdi qızı Poladova redaksiyamız vasitəsi ilə Gəncə Şəhər Baş Polis İdarəsinin şöbə rəisi Rasim Qurbanovdan prezidentə şikayət ünvanlayıb.

Həmin müraciətin mətnini olduğu kimi təqdim edir:

“Hörmətli cənab Prezident!

Bildirirəm ki, mən çoxuşaqlı ana olaraq “Qəhrəman Ana” ordeni ilə təltif edilmişəm. Mən və ailəm daima dövlət və dövlətçilik üçün xidmət etmişik. Özüm Yeni Azərbaycan Partiyasının (YAP) üzvüyəm. Damia Sizin siyasətinizə dəstək vermiş bir ailəyik. Lakin Gəncə şəhərində Sizə və xalqına xidmət etməyi özünə sığışdırmayan Rasim Qurbanov adlı polis əməkdaşı var ki, nəinki Gəncəyə, hətta yerə göyə sığmır. Qardaşı Gəncə Şəhər İcra Hakimiyyətində yüksək vəzifədə işləyir deyə yəqin ki, polis idarəsinin rəisinin də ona gücü çatmır. O, necə deyərlər “burda mənəm Bağdadda kor xəlifə” deyir. Həmin Rasim Qurbanov o qədər güclü adam hesab olunur ki, Gəncədə onun adı gələndə hamı əsir. Gəncə əhli biri-birinə qarğış edəndə deyirlər ki, “səni görüm Rasim Qurbanovun şərinə düşəsən”.

Hörmətli cənab Prezident!

Rasim Qurbanov mənim övladlarımla prinsip aparır. 2014-cü ildə oğlumun dostu tərəfindən edilmiş cinayəti Rasim Qurbanov oğlumu da iştirakçı kimi daxil elətdirməyə müvəffəq oldu. Bundan sonra bu azmış kimi böyük oğlum Famil Poladovu da hədələməyə başladı. Biz dəfələrlə daxili işlər naziri cənab Ramil Usubova müraciət etdik. O uşaqlarımı hədələyirdi ki, onların maşınından silah və narkotk çıxartdırıb tutduracam. Hətta bizdə Rasim Qurbanovun oğlumu hədələməsi ilə bağlı səs yazısı da var. Mənim 5 oğlum var, beşini də bu vətən və dövlət uğrunda qurban verməyə hazıram. Lakin Rasim Qurbanovun oğlumu şərlədərək tutdurmasını qəbul edə bilmərik. Ancaq Rasim Qurbanovun zülmündən Gəncə əhli də cana yığılıb. O yığdığı haram pulları obyektlər açdırıb guya halal pul qazandığını göstərmək istəyir. Mən elə bilirəm ki, bu müraciətim Rasim Qurbanovun sonu olacaq. Çünki “Zalımın sonu gələndə, zülmü artırar”.

Hörmətli cənab Prezident!

Mən əminəm ki, Rasim Qurbanov kimi təxribatçı şəxslər prezident seçkiləri ərəfəsində təxribat törətmək niyyəti ilə bu addımı atırlar. Ona görə də bu seçki ərəfəsində Sizdən xahiş edirəm ki, bu cür təxribatçı şəxsləri ciddi cəzalandırasınız”.

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Gununsesi.info
Geri qayıt