Neftçala Meliorasiya və Su Təsərrüfatı ASC-də böyük oyunlar

Neftçala Meliorasiya və Su Təsərrüfatı ASC-də böyük oyunlar Neftçala Melioservis İdarəsi və Neftçala Suvarma Sistemləri İdarəsinin fəaliyyətində müşahidə olunan nöqsanlar rayonun kənd təsərrüfatının inkişafına ciddi maneələr törədir
Hər halda görünən budur. Belə ki, bu gün “Meliorasiya və Su Təsərüfatı”Açıq Səhmdar Cəmiyyətinin nəzdində 120-dən artıq idarə və təşkilat fəaliyyət göstərir ki, onların da ümumi illik dövriyyəsi 1 milyard manatdan çoxdur. Son illər ərzində meliorasiya tədbirlərinə ayrılan dövlət vəsaitinin həcmi 7,3 dəfə, bütün maliyyə mənbələri hesabına bu sahəyə əsaslı kapital qoyuluşu isə 48 dəfəyə qədər artıb. Bütün bunlara baxmayaraq ölkənin su təsərrüfatının vəziyyəti hələ də arzuolunan səviyyədə deyildir. Səbəb isə bəzi struktur vahidlərinin rəhbər şəxslərinin korrupsiyaya qurşanaraq, çoxsaylı qanunsuzluqlara rəvac verməsidir. Bu da ölkənin kənd təsərrüfatını inkişafdan saxlayan əsas problemlərdən biridir.
Meliorasiya və Su Təsərrüfatı ASC-nin nəzdində 23 melioservis idarəsi fəaliyyət göstərir. Bu idarələr müqavilə əsasında Səhmdar Cəmiyyətinin təşkilatlarına, fermerlərə, digər torpaq sahibkarlarına melioservis xidməti göstərir, müxtəlif növlü torpaq işləri görür, çaylarda sel və daşqınlara qarşı mübarizə tədbirlərini və digər təmir işlərini həyata keçirirlər. Təbii ki, bu funksiyaların icrası rayonlarımızda kənd təsərrüfatının inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Təəssüflər olsun ki, bu idarələrə rəhbərlik edən şəxslərin heç də hamısı qarşıda duran vəzifələrin əhəmiyyətini düzgün qiymətləndirmirlər. Bizə daxil olan məlumatlarda da Neftçala rayon Melioservis idarəsinin fəaliyyətində yer almış ciddi nöqsanlardan bəhs olunur. İdarəyə rəhbərlik edən Nizami Nəsirov çalışdığı sahənin necə deyərlər, püxtələşmiş kadırlarındandır. Əfsus ki, həm də korrupsiya və maxinasiya sahəsində ixtisaslaşmış mütəxəssislərdəndir. Daha əvvəl Nizami Nəsirov Salyan rayonunda Aşağı Muğan Meliorativ Sistemləri İdarəsinin baş mühəndisi olub. Orada qazandığı zəngin maxinasiya təcrübəsini hazırkı vəzifəsində “uğurla” tətbiq edir. “Əl əli yuyar, əl də üzü” deyib atalarımız.
Nizami Nəsirova niyyətlərinin gerçəkləşməsində daha təcrübəli həmkarı Neftçala Suvarma Sistemləri İdarəsinin rəisi Elçin Əsədov yaxından köməklik edir. Əlbəttə, onların rəhbərlik etdikləri idarələrin ASC-nin struktur tabeçiliyində olan qurumlar olaraq, biri-birinə tərəf müqabili kimi çıxış etmələri anlaşılandır. Lakin Nəsirovla Əsədovun şəxsən tərəfdaşlıq münasibətləri özündə çox məqamları ehtifa edir. Elə səhmdar cəmiyyətin rəisinin qardaşı Qulam Əsədovun Melioservis İdarəsində baş mühəndis vəzifəsini daşınması özlüyündə az “əhəmiyyət” kəsb eləmir. Bu bir tərəfdən həm də o deməkdir ki, Nizami Nəsirov həm qanuni, həm də qeyri-qanuni heç bir işi Elçin Əsədovun xəbəri olmadan görə bilməz.
Bu qarşılıqlı asılılıq onları bir-birinin sirlərini qorumağa, eyni zamanda korrupsiya bataqlığında daha dərinə enməyə vadar edir. Agrılı nəticəsini isə təbii ki, bölgənin su təsərrüfatı görür.Qeyd olunur ki, idarənin müdiri Nizami Nəsirovun səhlənkarlığı və öz işində yol verdiyi bir çox qanun pozuntuları səbəbindən müəssisə özünün əsas funksiyalarının icrasında kifayət qədər ciddi çətinliklərlə qarşılaşmalı olur. Belə ki, idarədə maddi-texniki bazanın möhkəmləndirilməsi, işin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə Meliorasiya və Su Təsərrüfatı ASC-yə ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi hallarına geniş yer verilir. İdarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin köhnəlməsi adı ilə onların balansdan çıxarılaraq satılması nəticəsində külli-miqdarda pul əldə olunur. Transformatorların, elektrik mühərriklərinin, nasos aqreqatlarının əsaslı təmiri adı altında yüksək məbləğlər hesabdan çıxarılaraq xərclənsə də, əslində bu avadanlıqlara texniki xidmət də çox aşağı səviyyədədir.
Rayonda yaranmış vəziyyət isə ilk növbədə Neftçalada kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlərin və fərdi təsərrüfat sahiblərinin maraqları ilə ziddiyyət təşkil edir. Əgər vəziyyətə müvafiq dövlət qurumları tərəfindən təcili müdaxilə olunmazsa, yaxın vaxtlarda rayonun iqtisadi göstəricilərində nəzərəçarpacaq geriləmələr müşahidə oluna bilər. Bütün bu baş verənlərdə isə ən çox təəssüf doğuran məqam budur ki, Neftçala Rayon İcra Hakimiyyətinin rəhbərliyi də bu iki idarə rəhbərinin yarıtmaz fəaliyyətlərinin qarşısının alınması üçün indiyədək heç bir tədbir görmür.

Xeberdar.net
Geri qayıt