Aprel qazisini Daşkəsən RİH-də belə aldatdılar… – ŞİKAYƏT

Aprel qazisini Daşkəsən RİH-də belə aldatdılar… – ŞİKAYƏT Arzu Məmmədov: “Necə olur ki, Əhəd Abıyevlə o qədər yaxın olan qadın neçə nəfər qazini aldadıb pul alır, amma onun xəbəri olmur?”

Daşkəsən icra başçısı Əhəd Abıyev barədə mətbuatda müxtəlif ziddiyyətli məlumatlar dərc olunub.

Bu məlumatlardan hansının yalnış, hansının doğru olduğunu iddia edə bilmərik.

Lakin 2016-cı ilin aprel ayında Qarabağda gedən döyüşlərdə qolunu itirən hərbçi Arzu Məmmədov bu günlərdə LEGİON.AZ saytına müraciəti bir çox suallara səbəb oldu.

Arzu Məmmədov şikayətində qeyd edib ki, vaxtilə bank işçisi olub, lakin 2014-cü ildə Vətənə xidmət etmək fikrinə düşərək, MAXE kimi Milli Orduya yazılıb. O, cəbhədə xəsarət aldıqdan sonra, 2016-cı ilin may ayında Daşkəsənə qayıdıb. “Mən hospitalda olanda Prezident də gəldi yanımıza, amma rayonumuzun başçısı Əhəd Abıyevi orda görmədim. May ayında rayona qayıdarkən, icra hakimiyyətinə getdim. Əhəd Abıyevə dedim ki, bu rayondan şəhid də yoxdur, bir nəfər qolunu itirib, o da mənəm. Amma taleyimlə maraqlanmırsınız. Dedi bəs problemlərim var idi, bundan sonra məni əmin bil… Bir müddət sonra bildirdim ki, evim yoxdur, kirayədə qalıram. Mənə dedi ki, hazırda vəsait ayrılmayıb, amma sən Gəncədə qeydiyyata düşsən, orda tikilən binalarda sənə mənzil ala bilərik. Mən evdə məsləhətləşdim, sonra uzaq bir qohumun mənzilində qeydiyyata düşdüm”, – deyə Arzu Məmmədov bildirib.
Onun sözlərinə görə, 2016-cı ilin avqust ayında Daşkəsən İcra Hakimiyyətinin İlhamə Bayramova adlı hüquqşünasıyla birlikdə Gəncrə ŞİH-də də olub, nəticədə Əhəd Abıyevin onu aldatmayacağına inanıb. “Bir müddət sonra İlhamə Bayramova mənə zəng etdi ki, bəs Əhəd müəllim sizə dördotaqlı mənzil verdirmək istəyir, amma 20 min manat xərci var. Məndə o qədər pul yox idi. Valideynlərim dedi ki, eybi yox, kreditə pul götürək, amma mənzilin yaxşı olsun. 13 min kreditə pul götürdük, 6 min bir nəfərdən borc aldım, min manat da mənə verilən kompensasiyadan pul qalmışdı. Hissə-hissə o pulu İlhamə Bayramovaya verdim. Bir neçə ay gözlədik, bu gün-sabah deyə-deyə məndən vaxt qazanmağa çalışdı. Bir gün öyrəndim ki, bu qadının işi polisdədir. Getdim Əhəd Abıyevin yanına, dedi xəbərim yoxdur, mən onu tutduracam, o fırıldaqçıdır və s. Polisdə istintaq obyektiv getmədi. Hər şeyi səthi araşdırdılar. Məndən başqa, bir neçə şikayətçi var idi. Hiss olunurdu ki, Əhəd Abıyevin tapşırığı var ki, İlhamə Bayramovaya təzyiq göstərilməsin. O, tamamilə sərbəst şəkildə polisə gedib-gəlirdi, üzümüzə də dururdu ki, ona pul verməmişik. İş prokurorluğa getdi. Orda da işi uzatdılar və bir-bir bizi sıradan çıxardılar. Mənim də işimi mülki olaraq dəyərləndirib, cinayət işinə daxil etmədilər. İlhamə Bayramovanın işi indi Gəncə Ağır Cinayətlər Məhkəməsindədir, amma öyrəndiyimə görə, onun üzərində cəmi 3 min manata yaxın pul qalıb. Çox güman ki, Əhəd Abıyev onun həbsə düşməsinə imkan verməyəcək, işi də ən ağır halda şərti cəzayla bağlayacaqlar”, – deyə Arzu Məmmədov qeyd edib.
O əlavə edib ki, artıq neçə dəfə Əhəd Abıyevin qəbuluna gedib-gəlir. “İlk vaxtlar Əhəd Abıyev məni qəbul edib o puldan xəbəri olmadığına and içirdisə, indi ümumiyyətlə məni icra hakimiyyətinə buraxdırmır. Mən əminəm ki, bu işlərdən Əhəd Abıyevin xəbəri olub. Əgər elə olmasaydı, onun ən yaxınında olan bir qadın təkbaşına neçə nəfər müharibə veteranını aldada bilməzdi. Mən üzümü ölkə rəhbərliyinə tuturam ki, bu məsələni nəzarətə götürsünlər. Qarabağ qazilərinə kələk gələn Əhəd Abıyev cəzasız qalmasın”, – deyə aprel qazisi vurğulayıb.

Qarşı tərəfin mövqeyini öyrənmək üçün Daşkəsən RİH-ə etdiyimiz zənglər cavabsız qaldı. Lakin yaxın günlərdə məsələni daha obyektiv araşdırıb oxuculara çatdırmağa çalışacağıq.
Geri qayıt