Nazim İsmayılov sabiq müdirə “Təkzib yaz, sənə iş verdirəcəm” dedi, amma...- İTTİHAM

Nazim İsmayılov sabiq müdirə “Təkzib yaz, sənə iş verdirəcəm” dedi, amma...- İTTİHAM Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovla rayon Təhsil Şöbəsinin keçmiş müdiri Elman Bünyadov arasında ötən ilin sonlarında baş verən insident yenidən gündəmə gəlib.
Məsələ ilə bağlı məlumat verən mənbənin sözlərinə görə, N.İsmayılov ondan şikayətçi olan sabiq şöbə müdirinə bəzi vədlər verib, lakin sonradan o vədləri yerinə yetirməyib. Mövzuya keçməzdən öncə xatırladaq ki, Elman Bünyadov baçının göstərişləri ilə rayonda vəzifəsinə aid olmayan işlərə, tədbirlərə pul xərclədiyini açıqlamışdı. O, mətbuata ünvanladığı məktubda konkret rəqəmlər göstərirdi. Lakin sonradan təkzib xarakterli açıqlama verərək belə bir məlumat yaymadığını bildirdi. Maraqlıdır ki, həmin “təkzib” AFN-ə də göndərilmişdi, özü də Sabirabad RİH-in rəsmi e-mail ünvanından.
Redaksiyamızı məlumatlandıran mənbənin sözlərinə görə isə bu “təkzib” məktubu məhz Sabirabad RİH-də yazılıb: “Başçı sabiq müdiri görüşə çağırıb və ona təklif edib ki, əvvəlki açıqlamasını təkzib edən məktub yazıb imzalasın. Əvəzində isə ona iş, əvəzləyici direktor işləyən xanımının isə bu vəzifəyə təsdiqlənəcəyini vəd edib. Elman Bünyadov bu vədlərə inanaraq təkzib məktubu yazıb imzalayıb və mətbuata göndərilib. Lakin Nazim İsmayılov onun yanında hazırkı Təhsil Şöbə müdiri Pəhləvan Qarayevi çağırıb tapşırıq versə də, sonradan bu tapşırıq elə başçının özünün göstərişi ilə yerinə yetirilməyib. Üstəlik, Elman Bünyadovun qardaşı, 29 il Sabirabad ətçilər məktəbində müavin işləyən Bünyadov Vidadi və 4 il əvəzetmə ilə məktəb direktoru işləyən həyat yoldaşı işdən çıxarıldı. Bütün bunlar onu göstərir ki, Nazim İsmayılov rayona qanunlarla yox, qisasçılıq hisləri ilə rəhbərlik edir”.
Sabirabad Təhsil Şöbəsinin sabiq müdiri Elman Bünyadov məsələ ilə bağlı suallarımızı cavablandırarkən məlumatı bəzi məqamlarını çıxmaq şərtilə təsdiq etdi. Bildirdi ki, N.İsmayılov həqiqətən də onun yanında Təhsil Şöbəsinin hazırkı müdiri Pəhləvan Qarayevə onu işlə təmin etmək tapşırığı verib: “Lakin başçı bunu mənim təkzib məktubu yazmağım qarşılığında etməyib, sadəcə olaraq, öz səlahiyyətlərindən istifadə edib bir zabit atasına kömək etmək istəyib. Amma Pəhləvan Qarayev onun tapşırığına məhəl qoymadı, mənim qardaşımı və xanımımı da işdən çıxartdı. Mənə deyir ki, sənin işlə təmin olunmana nazirlik icazə vermir. Mən Təhsil Nazirliyinə müraciət etdim, dedilər ki, yalan söhbətdir, bizim səninlə nə qərəzimiz ola bilər? Belə çıxır ki, Pəhləvan Qarayev nə rayon rəhbərliyini, nə də mərkəzi aparatı sayır. O zaman mən üzümü tuturam aidiyyatı qurumlara, qoy gəlib araşdırsınlar görək 2016-2017-ci dərs ili üçün ayrılan vəsaitlər hanı”.
Məsələ ilə bağlı rayon İH-dən mövqe almaq istəsək də, təəssüf ki, qurumun rəsmi internet saytında göstərilən telefonlara cavab verən tapılmadı. Quruma bir neçə ay əvvəl e-mail ünvanı vasitəsilə göndərdiyimiz sorğunun da cavablandırılmaması bu istiqamətdə cəhdlərin faydasız olduğunu ortaya qoyur.
Sabirabad Təhsil Şöbəsinin müdiri P.Qarayevlə də əlaqə saxlamaq cəhdlərimiz boşa çıxdı. Onun mobil telefonuna edilən zənglər cavabsız qaldı.
Hər bir halda qarşı tərəfin mövqeyini verməyə hazırıq.

AFN.az
Geri qayıt