Zərdabda məhkəmə qərarı niyə icra olunmur? - borc qalmaqalı

Zərdabda məhkəmə qərarı niyə icra olunmur? - borc qalmaqalı Zərdab rayon sakini Abdullayev Vahid Əlisahib oğlu həmyerlisi İsgəndərli Yaşar Talıbxan oğluna müqavilə ilə verdiyi borcu geri ala bilmir.
Bu barədə borcverən şəxsin nümayəndəsi Əzimzadə Fariz Akif oğlu məlumat verib. Əzimzadənin sözlərinə görə, 2014-cü il sentyabrın 2-də Yaşar Vahiddən xaricdən dərman preparatları gətirmək adı ilə 30 min manat pul alıb. Lakin sonradan bunun dələduz əməl olduğu ortaya çıxıb.
Məsələ bəlli olandan sonra isə borcverən şəxs məhkəməyə müraciət edib. İş Ali Məhkəməyə qədər gedib çıxandan sonra, sözügedən dövlət qurumu 3 oktyabr 2017-ci il tarixində borcun tam ödənilməsi ilə bağlı qərar qəbul edib. Lakin bu qərar tam icra olunmayıb:
“Ali Məhkəmə qərar verdi ki, borclu olan şəxs bizə 23500 manat pul qaytarsın. Lakin o, indiyədək bizə 11 min 900 manat pul verib. Qalan pulu ödəmədiyinə görə, Zərdab rayon icra şöbəsi İsgəndərli Talıbxan barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1 maddəsi ilə protokol tərtib edib. Bu iş iki ilə yaxındır ki, Zərdab rayonunun icra şöbəsinə yönəlib. Lakin icraçı Səbuhi Kərimov bu məsələdə səhlənkarlığa yol verdiyi üçün hələ də məhkəmə qərarları icra olunmur. Ümumilikdə bu işlə bağlı 6 məhkəmədə qalib gəlmişik. Bütün məhkəmə proseslərində haqlı olduğumuz üçün xeyrimizə qərar verilib. Səbuhi Kərimov deyir ki, mənim əlimdən gələn bir şey yoxdur. İsgəndərli Yaşarın pulu yoxdur, ödəyə bilmir. Halbuki, belə olan halda, o bir neçə sutkalıq həbs olunmalıdır ki, məsuliyyətini başa düşsün, aldığı borcu geri qaytarsın”.
“İndiki durumda onun bizə 11600 manat borcu var. O, bu pulu hissə-hissə, hər ay 300 manat ödəmək yolu ilə qaytarmaq istəyir. Lakin məhkəmə qərarlarına uyğun olaraq, borcun qalan qisminin tam şəkildə ödənilməsinin tərəfdarıyıq. Əlimizdə 6 məhkəmə qərarı var, amma heç biri icra olunmur. Belə hallarda vətəndaşın son ümid yeri məhkəmələrdir. Ancaq məhkəmə qərarları da icra olunmayandan sonra, biz dərdimizi kimə deyək, kimə danışaq? Bu boyda icra şöbəsi bir dələduzun əlində qalıb. Bilmək olmur, maraqları nədir, hansı fikirdədirlər”, -deyə zərərçəkənin nümayəndəsi qeyd edib.

Yenicag.az
Geri qayıt