Şirvanda üç bina işıqsız qalıb - SAHİBKAR MƏSULİYYƏTSİZLİYİ

Şirvanda üç bina işıqsız qalıb - SAHİBKAR MƏSULİYYƏTSİZLİYİ Şirvanda yeni yaşayış kompleksinə aid 3 binanın sakinləri illərdir işıq problemi ilə üzləşib.
Şirvan şəhəri M.Rəsulzadə küçəsində yerləşən yeni yaşayış kompleksinə daxil olan 3 yaşayış binasının enerji təchizatında 2008-ci ildən bəri vaxtaşırı problemlər yaşanır.
108 mənzildən ibarət 3 binanın sakinləri deyir ki, mənzillər sayğaclaşdırılsa da, “Azərişıq” Səhmdar Cəmiyyətinin “Şirvan” Regional Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən enerji təchizatı dayandırılır. Səbəb də “Şəfəq İnşaat” tərəfindən inşa olunan yeni yaşayış kompleksinin rəhbərliyinin “Azərişığ”a iri məbləğdə debitor borcun yaranmasıdır.
Sakinlərdən Valeh Mustafayevin sözlərinə görə, “Azərişığ”ın əməkdaşları istədikləri vaxt işığı söndürürlər: "Yaşlı, uşaq qalmışıq bu vəziyyətdə. Müqavilədə göstərilir ki, mənzillər enerji ilə təchiz olunur, hətta işıqlar sönərsə, ehtiyat elektrik generatoru ilə təchiz olunmalı idi. İndi nə işıq var, nə generator var, nə də qaz".
Fuad Nağıyev deyir ki, bütün sakinlərin mənzillərində smart sayğaclar quraşdırılıb: "Bəs onda bizim işığımızı niyə kəsirlər? Kimin fərdi borcu varsa, onun işığın kəssinlər. Kütləvi şəkildə bütün binaların işığını niyə kəsirlər? Bizim bu körpələrin soyuqda qalmasının günahı nədir? “Şəfəq İnşaat”a qarşı məhkəmənin də qərarı var. Amma məhkəmənin qərarı icra olunmur. Şirkətin rəhbəri Cavanşir Şirəliyev bütün bunlardan yayınır. Onu tapa bilmirik ki, dərdimizi deyək".
Mənsim Məmmədov bildirir ki, şirkətin 17-18 min manat borcunu da bizim üstümüzə yazırlar".
Eynulla Əliyevin himayəsində 7 ailə üzvü var: "İşıq sönüb, su gəlmir, qaz da yoxdur. Uşaqları aparıb başqa yerə qoymuşam ki, soyuqdan donmasınlar".
“Şirvan” Regional Enerji Rəchizatı və Satışı İdarəsinin (“Şirvan” RETSİ) müdiri Hikmət Həsənov isə deyir ki, enerji təchizatının dayandırılmasına səbəb “Şəfəq İnşaat” tikinti şirkətinin rəhbərliyi tərəfindən sənədləşmə işlərinin tamamlanmaması və adı çəkilən şirkətin enerji təchizatına görə 18 min manat borcunun yaranmasıdır: “Yeni yaşayış kompleksi tam sayğaclaşdırılaraq tikinti təşkilatı tərəfindən təhvil verilməlidir. Abonentlər də orda uçota alınmalıdır. Bu işlərə həmin şirkətin rəhbərliyi tərəfindən səhlənkar yanaşılır. Bir il ərzində biz onlarla mütəmadi olaraq əlaqə saxlamışıq, onlar sənədləşmə işlərini qaydasına salmırlar. İri məbləğdə debitor borc - 1 dekabr tarixinə 18 min manat borc yaranıb. Ödənişlər etmədiklərindən, aybaay da ödənişlər artır. Ona görə də elektrik enerjisindən istifadə qaydalarına müvafiq olaraq elektrik təchizatını orda dayandırmışdıq. Bayram günlərini nəzərə alaraq vətəndaşların enerji təchizatını müvəqqəti olaraq bərpa elədik. Yeni ildən sonra sənədləşmə işləri qaydasına salınmasa, enerji təchizatı yenidən dayandırılacaq. Vətəndaşlar tikinti şirkətindən sənədlərin qaydasına salınmasını tələb etməli, diqqətli olmalı, mənzillər alınanda bunu şirkətdən tələb etməlidirlər".
Maraqlıdır ki, problemi həll etmək üçün “Şəfəq İnşaat”ın rəhbəri Cavanşir Şirəliyevi nə sakinlər, nə “Azərişıq” rəsmiləri, nə də məhkəmə icraçıları tapa bilir. Elə biz də onu tapa bilmədik.

APA
Geri qayıt