Ağdamda təhsil rəzaləti: Təhsil Nazirliyinin əməkdaşına bahalı avtomobil verilib

Ağdamda təhsil rəzaləti: Təhsil Nazirliyinin əməkdaşına bahalı avtomobil verilib Ölkənin təhsil sahəsində baş verənlər ölkədə böyük narahatlıqla izlənilməkdədir. Bu sahədə baş verən biabırçılıqlarla bağlı hər gün yeni xəbərlər yayılır. Bütün bunlara baxmayaraq Mikayıl Cabbarovun rəhbərlik etdiyi nazirlik bunlara laqeyd qalmaqda davam edir.

Ağdam rayonundan redaksiyaya daxil məlumat da təhsil sahəsindəki özbaşınalıqların hansı miqyasda olduğunu göstərir. Məlumatlı mənbənin sözlərinə görə, Təhsil Nazirliyinin Daxili Nəzarət İdarəsinin rəhbəri Kənan Quliyev, Ağdam rayon icra başçısı Raqub Məmmədov, rayonun təhsil şöbəsinin müdiri Mətanət Misirxanova və Təhsil Nazirliyinin Daxili Nəzarət İdarəsiniin Qarabağ bölgəsi üzrə nümayəndəsi Məhəmməd Aslanovun birgə qurduqları "direktor oyunu" ancaq şəxsi məqsədlərə xidmət edir. Belə ki, məktəb direktorlar hansısa çatışmamazlıq və ya qanunsuzluq səbəbindən vəzifədən çıxarılır, qısa bir müddət sonra başqa bir işə keçirilir. Bunun üçün isə məktəblərdə yoxlamalar keçirilir.

Məsələn. Ağdam rayonun Bnövşələr kənd məktəbinin direktoru Nailə Qasimova işdən çıxarılıb. Maraqlıdır ki, bundan sonra Nailə Qasımova qısa müddətdə özünə rayon təhsil şöbəsində məsləhətçi işini ala bilir. Bununlada da kifayətlənməyən Nailə Qasımova bir neçə aydan sonra heç bir imtahan vermədən başqa bir məktəbə direktor təyin olunub. Məlumata görə, Təhsil Nazirliyinin müavini Mətin Eynullayevin təşəbbüsü ilə Nailə Qasımova 118 saylı məktəbə direktor göndərilib. Bu da onu göstərir ki, təhsil naziri Mikayıl Cabbarovun direktorları imtahan yoluyla təyin etdirməsi barədə yaratdığı görüntülər boş sözdən başqa bir şey deyilmiş.

Ağdam rayonu Baharlı 1 qəsəbə məktəbinin direktoru Elməddin Məmmədov da analoji ssenari ilə işdən çıxarılıb. İşdən çıxarılması ilə bağlı şikayət edən Elməddin Məmmədov təhsil şöbəsində məsləhətçi işinə düzəldilir. Hansısa proseslərin sonunda, daha konkret Kənan Quliyevin əmri ilə yenidən əvvəlki işinə - Baharlı 1 məktəbinin direktoru vəzifəsinə geri qaytarılır. Eyni qayda ilə bir-neçə direktorun da işdən azad edilərək, müxtəlif işlərə keçirildiyi də bizə çatan məlumatlar sırasındadır. Hazırda isə hədəfdə 14 saylı Dördyol 1 qəsəbə tam orta məktəbinin direktoru Elman Abbasovun olduğu bildirilir. Təhsil Nazirliyinin Daxali Nəzarət İdarəsinin Qarabağ regional idarəsinin rəhbəri Məhəmməd Aslanov Elman Abbsovu məktəbdə pul yığmaqda ittiham edərək, onun təqdimatını Təhsil Nazirliyinə verib. Böyük ehtimalla Elman Abbasov direktorluqdan azad olunaraq, başqa işlə təmin olunacaq.

Redaksiyamıza daxil olan məlumatda həmçinin iddia olunur ki, Təhsil Nazirliyinin Daxili Nəzarət İdarəsinin rəhbəri Kənan Quliyev, Ağdam rayon icra başçısı Raqub Məmmədov, rayonun təhsil şöbəsinin müdiri Mətanət Misirxanova və Təhsil Nazirliyinin Daxili Nəzarət İdarəsiniin Qarabağ bölgəsi üzrə nümayəndəsi Məhəmməd Aslanov məktəblərdən paketlər alırlar. Təkcə Ağdam rayonundakı bir məktəbdəki vəziyyət deyilənlərin doğru olduğunu göstərmiş olur. Belə ki, rayondakı 101 saylı məktəbin fəaliyyəti ancaq kağız üzərindədir. Məktəb faktiki olaraq 24 kv metrlik otaqda fəaliyyət göstərir. Həmin otağa isə nəinki 11-ci sinif şağırdləri, heç məktəbin pedoqoji heyəti sığışmaz. Kənan Quliyevin sevimli kadrı olan Məhəmməd Aslanov yazılanların doğru olmadığını bildirə bilər. Onda Məhəmməd Aslanov 101 saylı məktəbin hansı şəraitdə fəaliyyət göstərdiyinə aydınlıq gətirməlidir?

Məlumatda həmçinin bildirilir i, Məhəmməd Aslanov Ağdam təhsilində baş verənlərə seyrçi qalmağın müqabilində təhsil şöbəsinin müdiri Mətanət Misirxanovdan "KİA" markalı avtomobil də hədiyyə alıb.

Mövzu ilə bağlı araşdırmalarımız davam edir.

Yazıda adları çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.

AzToday
Geri qayıt