''İlham Əliyev Balakənə gələndə məni polisə aparırlar''

''İlham Əliyev Balakənə gələndə məni polisə aparırlar'' Münəvvər Mustafayeva beş il öncə Balakəndə baş vermiş güclü zəlzələnin fəsadlarını hələ də yaşayır. Zəlzələdə evi qəzalı vəziyyətə düşən qadın ailəsi ilə birgə çadıra sığınıb.
“Nə paltar yığmağa yer tapıram, nə oturmağa. Suyun-selin içində...”
Fövqəladə Hallar Nazirliyinin qurduğu müvəqqəti çadır onun yağış-soyuq demədən beş ildir məskənidir.
Zəlzədən sonra nazirlikdə yaradılan komissiya dağılmış evinin bərpası üçün onlardan altı min manat istəmişdi. Ailənin isə bu pula maddi gücü çatmayıb.
2012-ci ildə Zaqatalada baş vermiş 7 bal gücündə olan zəlzələ Balakən, Qax rayonlarındakı yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə də ziyan vurmuşdu.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, 2012-2014-cü illər arası zəlzələdən ziyan çəkmiş 7478 ailəyə bərpa işlərinin aparılması ilə əlaqədar olaraq 37 milyona yaxın yardım ödənilib.
Münəvvər Mustafayeva dərdini demək üçün özünü ölkə başçısı İlham Əliyevin kortecin qarşısına atıb. Bundan sonra İlham Əliyevin hər Balakənə səfəri onun Polis Bölməsində saxlanması demək olur.
“Evi düzəltmək üçün mənə 5 min vəsait lazımdır. Azərbaycanın prezidenti Balakənə gələndə məni azyaşlı uşaqla Polis Bölməsinə aparıb orada saxlayırlar. Nəyə görə? Biz cinayətkarıq? Biz İlham Əliyevə səs vermişik ki, bizim dərdimizə şərik olsun”.
Zəlzədən sonra evi dağılan Münəvvər Musatafayeva təkcə prezidentin səfərlərində polis bölməsinə düşmür. Güclü yağışlar yağanda da bölmədə gecələməli olur.
“Çox yağış yağanda, tufan qopanda Polis Bölməsinə zəng vururam, gəlib aparırlar bizi. Bir sutka, iki sutka yağış dayanana qədər aparıb bizi orada saxlayırlar”.
Ailənin şikayətlərindən sonra Balakən Rayon İcra Hakimiyyəti tərəfindən yarımtikili inşa edilib. Bir tərəfdə qəzalı vəziyyətdə olan ev, bir tərəfdə yarımtikili. İkisindən birini evə bənzətmək üçün ona maddi yardım lazımdır.
“Prezidentin maşınının altına özümü atandan sonra bu yarımtikilini inşa etdilər. O da yarımçıq qalıb. O vaxta kimi bizə ev tikməmişdilər”.
Talalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən bildirilib ki, sahəsi 100 kvadrata qədər olan evlər üçün ailələrə 4 min manat ödənilib.
“Uşaqları var, əri var. Zəhmət çəkib camaat kimi iləyib düzəltsin də evini. Dövlət ona ev tikib, kimsə uşağının boğazından kəsib onu evinə köçürtməyəcək ki?!”
Fövqəladə Hallar Nazirliyindən isə zənglərimizə cavab verən olmadı.
Münəvvər xanım isə ona verilən yardımın bir hissəsini qarciyər serrozu olan həyat yoldaşının müalicəsinə sərf edib. Qalan pulla isə özünə ev düzəldə bilməyib.
Geri qayıt