Zaqatalanın Car məscidinin vəzifədən çıxarılan imamı asi düşüb - QMİ-nin əmrinə tabe olmur

Zaqatalanın Car məscidinin vəzifədən çıxarılan imamı asi düşüb - QMİ-nin əmrinə tabe olmur Zaqatala rayonu Car məscidində imam vəzifəsindən azad olunan Hacı Məhəmməd Vasiyev Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) əmrinə tabe olmayaraq, fəaliyyətini davam etdirir.

Hacı Məhəmməd Vasiyev bildirib ki, kənd camaatının xahişi ilə fəaliyyətini davam etdirir və dəfələrlə məscidin dindarları tərəfindən onun işinə bərpa olunması üçün QMİ-nin bölgə nümayəndəliyinə müraciət edilsə də, cavabsız qalıb.

O qeyd edib ki, məscidə məxsus dini icmanın də qeydiyyatı üçün sənədləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerdəki şöbəsinə təqdim ediblər: "Lakin məscidimizə nə imam təyin edilir, nə də mənim imamlığım yenidən təsdiqlənir. Bir neçə dəfə kənd camaatı adından QMİ-də olsam da, idarənin yerdəki nümayəndəsi vasitəsi ilə söz verilsə də, hələ ki, nəticə yoxdur”.

QMİ-nin Zaqatala-Balakən bölgəsi üzrə qazısı Hacı Malik Bilalov APA-ya bildirib ki, həmin məscidin imamı ondan əvvəlki qazının vaxtında - 2015-ci ildə işdən azad olunub.

O, artıq 1 ildən çoxdur, məscidə QMİ tərəfindən imam təyinatının olmamasını orada dini icmanın təkrar qeydiyyatdan keçməməsi ilə əlaqələndirsə də, Hacı Məhəmməd Vasiyevin fəaliyyətini davam etdirməsi barədə danışmaq istəməyib.
Geri qayıt