Beyləqanda vətəndaşı belə incidirlər... - ŞİKAYƏT

Beyləqanda vətəndaşı belə incidirlər... - ŞİKAYƏT "Klub dağıldı, bəzi ailələr başqa evlərə yerləşdirildi, bəzi ailələr ortalıqda qaldı... Biz də ortada qalmışdıq. Dedilər, ‘sizi evə yerləşdirmək imkanımız yoxdur, çalışın, elə bu dağıntı yerində özünüzə bir gün ağlayın’. Biz də özümüzə alayarımçıq bir ev tikdik". Bunu Füzuli köçkünü Nurəddin Abbasxanov deyir.
Köçkünün ailəsi 1993-cü ildən Beyləqandakı köhnə klublardan birində məskunlaşıb. Çiy kərpicdən tikilmiş və azı 80 yaşı olan bina 7 il əvvəl tamamilə dağılıb. Nurəddin Abbasxanovun deməsinə görə, binadakı köçkün ailələrin bir hissəsi köçürülüb, bir neçə ailəyə isə tövsiyə olunub ki, "hələlik, başlarını saxlasınlar". Köçkün danışır: "Biz tamamilə çöldə qalmışdıq. Çöl heyvanlarına yem olmaq istəmirdik, ailədə körpə uşaqlar vardı, bir daldalanacağımız olmalıydı. Məcbur qalıb elə dağılmış klubun yerində özümüzə kiçik bir ev tikdik. Bizdən aralıda bir mağaza var. 4 il əvvəl bir xanım çıxdı ortaya, dedi, ‘mağazanın sahibiyəm’. Sonra da bizim ev tikdiyimiz sahəyə iddia etməyə başladı".
Tofiqə Rüstəmova köçkün ailəsini ərazidən çıxarmaq üçün məhkəməyə müraciət edib. Məhkəmə də evin sökülüb, torpağın boşaldılıb T. Rüstəmovaya qaytarılması barədə qətnamə çıxarıb. Bu yaxınlarda isə "Qaçqınkom"dan (Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə dövlət Komitəsi) köçkünə məktub gəlib ki, ailəni başqa bir tikiliyə yerləşdirəcəklər. Ancaq köçkün deyir, onları yenə köhnə, istismar müddəti ötmüş, qəzalı, keçmiş idarə binasına yerləşdirmək istəyirlər: "17 il köhnə, qəzalı klub binasında yaşadıq, axırda başımıza uçdu, əşyalarımızı da daşıya bilmədik. İndi yenə bizə eyni sarsıntını, aqibəti yaşatmaq istəyirlər. Bezmişik, yorulmuşuq. Övladlarım böyüdü, ailə qurdu, qocaldı, bircə gün də rahat həyat sürmədik. Dişimizlə-dırnağımızla tikdiyimiz evi sökürlər. "Qaçqınkom" deyir, ‘köçmürsünüzsə, çadır veririk, çadıra yerləşin’. Məgər köçkünün problemi çadırla həll olunur? Axı bunlar bütün dünyaya car çəkirlər ki, bizdə çadırda köçkün qalmayıb..."
Beləcə köçkün ailəsinin tikdiyi ev sökülüb, ailəyə çadır verilib ki, orda məskunlaşsın. Üçüncü həftədir , ailə çadır həyatı sürür. Yağışlı günlərdə ailə üzvləri soyuğa və yağış sularına tab gətirməyərək çadırdan çıxıb yaxınlıqdakı evlərə paylaşıblar.
Geri qayıt