Masallıda məktəbi şadlıq evinə çevirirlər?

Masallıda məktəbi şadlıq evinə çevirirlər? Masallı rayonunun Kürdəbaz kəndində yaşanan olay yerli sakinlərin narahatlığına səbəb olub.

Belə ki, 15 sentyabrda uşaqlarını məktəbə aparan valideynlər kənd məktəbinin bağlandığını və heç kimin içəri buraxılmadığını görüblər. Onlar müvafiq qurumlardan bunun səbəbini öyrənmək istəsələr də, məktəbin niyə bağlandığı deyilməyib və qonşuluqdakı Qarğalıq kəndinin məktəbinə getmələri söylənilib. Sentyabrın 18-də isə Kürdəbazlılar məktəbin yenidən açılmasını tələb etmək üçün etiraz aksiyası keçiriblər.

Sakinlər deyir ki, 9 ildir fəaliyyət göstərən məktəbi 30 il əvvəl kənd sakinləri öz hesablarına tikiblər. Onlar iddia edir ki, 100-dən artıq şagirdin təhsil aldığı məktəbi şadlıq sarayı kimi işlətmək üçün bağlayıblar.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov isə açıqlamasında dedi ki, məsələ ilə bağlı araşdırma aparılır. “Yaxın günlərdə məlumat verəcəyik”.
Geri qayıt