Elmar Vəliyevin maliyyə rəisi olan xalası oğlu muradına çatmadı

Elmar Vəliyevin maliyyə rəisi olan xalası oğlu muradına çatmadı Bərdə Maliyyə İdarəsinin rəisi Mehman Allahverdiyev Gəncə şəhər icra başçısı Elmar Vəliyevin və Hərbi prokuror Xanlar Vəliyevin xalası oğludur
Maliyyə rəisi bu qohumluq əlaqələrindən yüksək səviyyədə istifadə etməkdədir.
Bərdə şəhərində maliyyə maxinasiyaları, büdcə vəsaitlərinin idarə olunması, büdcə təşkilatlarına çatan maliyyənin mənimsənilməsi, gizli şəkildə pul yeyintisi halları M.Allahverdiyevin nəzarətindədir.
Onun sürətlə varlanması və ambisiyalarının böyüməsi eyni vaxta təsadüf edib. Maliyyə rəisi mal-mülkünün sayını artırıb, biznes imkanlarını yaxşılaşdırıb, sonra daha yüksək vəzifəyə getmək planı qurub. Lakin onun arzusu ürəyində qalıb.
M.Allahvderdiyevin “elçi”ləri yuxarı dairələrə xahişə getsələr də, ona daha yüksək post verilməsini razılaşdıra bilməyiblər.
Onun rayonlardan birinə icra başçısı getməyə hazır olduğu və ətrafında artıq məsələnin həll edildiyi barədə şaiyələr yaydığı söylənirdi. Lakin E.Vəliyevlə X.Vəliyev Bərdənin maliyyə rəisi postundan onu qaldırıb taxta çıxara bilməyiblər.
Əslində, maliyyə naziri Samir Şərifovun da onu əvəzləmək istəyi olub. Ancaq xalası oğlanlarının xahişini yerinə yetirib və onu vəzifəsində saxlayıb.
Bu da M.Allahverdiyevdə arxayınçılıq yaradıb ki, Bərdədə ağalıq edə bilər. Bundan əvvəl isə, Mehman Allahverdiyev Yevlaxın maliyyə idarəsinə rəhbərlik edib. İndi Yevlaxın büdcə təşkilatlarının rəhbərləri çox xoşbəxtdirlər.
Maliyyə rəisi Bərdənin abadlıq-quruculuq işlərinə, inzibati binaların tikintisinə, məktəblərin, mədəniyyət ocaqlarının təmirinə, o cümlədən invertar xərclərə ayrılan dövlət vəsaitlərini ustalıqla maxinasiya edib.
Mehman Allahverdiyevin fəaliyyəti nə Yevlaxda, nə də indi Bərdədə heç bir inkişafa səbəb olmur. Buna görə də yerliictimaiyyət maliyyə şefinin maxinasiyalarından şikayətlər edir, müxtəlif instansiyalara narazılıq ifadə edən müraciətlər ünvanlayırlar.
Maliyyə rəisi büdcə təşkilatlarına və xüsusən də uşaq bağçalarına, məktəblərə “divan tutur”. Onun tələbi büdcədən ayrılan pulları yarıbayarı bölüşdürməkdir.
Bu təlimata əməl etməyənləri cəza gözləyir və barəsində yuxarı dairələrə məruzə olunur. Odur ki hədə-qorxu ilə üzbəüz qalmış yerli məmurlar rəisin bütün əmrlərinə boyun əyməyə məhkum olublar.
M.Allahverdiyev idarə müdirlərinə qeyri-rəsmi şəkildə mesajlar göndərir. Onlara çatdırır ki, hesablaşmaq lazımdır. Bu pullar isə Bərdə və Yevlaxda maliyyə rəisinin obyektlərinin sayını artırır.
Qeyd olunur ki, Mehman Allahverdiyevin öz işində yol verdiyi bir çox ciddi nöqsanlar, hələ onun Yevlaxda işlədiyi vaxtlarda Maliyyə Nazirliyi tərəfindən aparılmış yoxlamalar zamanı da aşkar olunub.
Lakin məlum səbəblərdən həmin nöqsanların aradan qaldırılması və qanun pozuntularına yol vermiş idarə rəisinin cəzalandırılması istiqamətində konkret addımlar atılmayıb.
Təbii ki, əlaqədar instansiyaların problemlərə belə yanaşma tərzi bir tərəfdən vətəndaşların hüquqlarının pozulmasına, digər tərəfdən də dövlət vəsaitlərini külli miqdarda mənimsənilməsi hallarının daha da artmasına səbəb olur.
Rəhbərləri “xüsusi imtiyazlardan” yararlanan maliyyə idarələrinin bir çoxu isə, müəyyən vasitələrlə bütün yoxlama və təftişlərdən yayınmağa müvəffəq ola bilirlər
Geri qayıt