Zərdab rayonunda məktəb problemi... - ŞİKAYƏT

Zərdab rayonunda məktəb problemi... - ŞİKAYƏT “Dərs ili yaxınlaşır. Gəl ki o məktəbə uşaq göndərmək istəmirik. O sinif otaqları uşaqların həyatı, sağlamlığı üçün təhlükəlidir. Hökumət qurumlarına dəfələrlə yazmışıq, xeyri yoxdur”. Zərdabın Şəftəhal kənd sakinləri növbəti təhsil ilində övladlarını kənd məktəbinə buraxmaq istəmirlər.

Kənd sakini Zaur Qurbanovun deməsinə görə, səbəb məktəb binasının çox köhnə, təmirsiz olması, məktəbdə tədris üçün lazımi ləvazimatların və şəraitin yoxluğudur: “Məktəbdə qardaşımın üç övladı təhsil alır. İldə iki dəfə Bakıya müalicəyə aparırıq. Sinif otaqları soyuq olur, uşaqların ciyərləri sıradan çıxır, böyrəkləri sidik saxlamır".

Kənd sakinləri deyir, məktəb binasında tualet yoxdur. Oğlanlı-qızlı – bütün şagirdlər həyətdə dörd tərəfi sınıq-salxaq taxtayla bağlanmış, qapısı açıq qalan yerə gedirlər. "Uşaqlar ayaqyolu üçün dərsarası qaçıb evə gəlirlər. Məktəbdə heç bir şərait yoxdur. Təhsil şöbəsinə şikayətlərdən sonra gətirib adamların ağzını yummaq üçün yalandan bir-iki şüşəsini dəyişirlər, çöldən görünən yerləri rəngləyirlər. Qışda istilik olmur deyə, rütubət, nəmişlik uşaqların səhhətini pis günə qoyur. Mən uşağı ilboyu bronxitdən müalicə etdirirəm, o, bu xəstəliyə məktəbdəki şəraitsizlik üzündən tutulub".
Geri qayıt