Xızıda "sayğac lotuluğu" -Şikayət

Xızıda "sayğac lotuluğu" -Şikayət “Azərişıq” ASC-nin Xızı Enerji Təchizatı satışı idarəsinin rəisi Elxan Alıyev rayonda abonentlərin gününü əməlli-başlı “qara edib”. İşıq idarəsi müdiri əhaliyə “gün verib, işıq vermir”.
Rayonda qanunları saymayan, yazılmamış qanunlarla hərəkət edən idarə rəisi cəmi 27 manata borca görə bu günlərdə bir vətəndaşın sayğacını söküb aparıb.
Bu barədə Xızının Fındığan kənd sakini Rauf Qədirov şikayətində bildirib ki, işıq pulu borcu varsa, sayğac müsadirə oluna bilməz. Onun sözlərinə görə, məhkəmə qərarı olmadan sayğacın götürülməsi qanunsuzluqdur.
R.Qədirov bildirib ki, Xızıının əksər yerlərində bu problem var və vətəndaşlar borcunu ödəyirlər: “Mənim sayğacımı cəmi 27 manata görə çıxarıb. Hər kəsin borcu var və imkan daxilində ödəyir. Məhkəmə qərarı olmalıdır ki, sayğac götürülsün.
Başa düşə bilmirəm, borca görə sayğac aparırlar? Yas məclisində işıqları kəsirlər. Rayon işıq idarəsinin rəisi deyir ki, heç kimi tanımıram, onun öz qərarları var”.
Şikayətçi məsələ ilə bağlı ''Azərişıq'' ASC rəhbəri Baba Rzayevə və Baş Prokuror Zakir Qaralova müraciət edib.
E.Alıyev isə R.Qədirovun sayğacını borca görə deyil, əlavə xətt çəkdiyinə görə apardığını söyləyib.
Abonent isə bunun yalan olduğunu, heç bir əlavə xətt çəkilmədiyini bildirib, hətta belə hal varsa da, vətəndaşı cərimə gözlədiyini xatırladıb. Heç bir halda sayğac sökülüb aparıla bilməzdi.

Geri qayıt