Lerikdə daha bir məmur və oğlu prezidentin tapşırığına qarşı

Lerikdə daha bir məmur və oğlu prezidentin tapşırığına qarşı Lerik rayon icra hakimiyyətinin birinci müavini Cəlil Baxşıyevlə rayonda fəaliyyət göstərən dövlət idarələrinin müdirləri arasında konflikt yaşandığı barədə xəbər vermişdik. Daxil olan məlumatda deyilir ki, Lerikin icra başçısı Rövşən Bağırov məzuniyyətdə olduğu üçün İcra Hakimiyyətində toplantını Cəlil Baxşıyev çağırıb, ancaq bəzi idarə müdirləri toplantıya qatılmaqdan imtina ediblər. Əsl qalmaqal da bundan sonra başlayıb. Belə ki, başçı əvəzi iclasa qatılmayan idarə müdirlərinə zəng edərək onları hədələyib və təhqir edib.
Bundan sonra bir sıra idarə müdirləri onunla görüşməkdən ümumiyyətlə imtina ediblər. 14 iyul 2017-ci il tarixdə çağırılmış iclas isə əsasən birinci müavin Cəlil Baxşıyevlə Rayon Mədəniyyət və turizm şöbəsinin müdiri Aqil Sucayev arasında dava ilə yadda qalıb. Hətta Aqil Sucayev İcra Hakimiyyətinə gələrək Baxşıyevlə əlbəyaxa davaya çıxıb.
Rayondakı etibarlı mənbənin verdiyi məlumata görə, Cəlil Baxşıyev idarə müdirlərini söyən zaman içkili olub. Bu halın da ənənəvi olduğu iddia edilir. Onu da qeyd edək ki, Baxşıyev icra başçısının müavini olmaqla yanaşı, həm də hakim Yeni Azərbaycan Partiyasının Lerik təşkilatının sədridir. Onun YAP adı ilə rayonda talançılıq etməsi də iddia olunur. Belə ki, rayon idarə müdirlərinə bütün işçilərdən YAP-a üzvlük haqqı yığmağı da şərt kimi qoyub və bu məsələni özü üçün qazanc mənbəyinə çevirməyə çalışır. O deyib ki, YAP-ın üzvü olan və olmayan hər kəs üzvlük haqqı verməlidir.
Bu günlərdə azerinews.org saytı Cəlil Baxşyevlə bağlı daha bir qalmaqallı xəbər yaydı. Xəbərdə deyilir ki, icra başçısının müvini C.Baxşaliyev dəbdəbəli həyata və bahalı avtomobillərə də sahibdir. Hətta oğlu Cavid Baxşıyev də atasının topladığı sərvəti geninə-boluna xərcləməklə məşğuldur. Onun dəbədəbəli həyatı da diqqət çəkir. Bakıda əsl harın məmur övladı həyatını yaşayır.
Varlı həyat tərzi ilə seçilən Cavid Baxşiyevin həm də narkotik istifadəçisi olduğu deyilir. Onun buna görə dəfələrlə saxlandığı, lakin atasının müdaxiləsindən sonra sərbəst buraxıldığı bildirilir. Rahat həyat yaşamağa öyrənən məmur oğlu “zerkalni” nömrələrlə bahalı avtomobillər sürürür və qayda pozuntularına görə tez-tez polisə düşür, – sayt yazır.
Məlumata görə Baxşıyevin rayondakı biznesini qardaşı idarə edir. Rayonda məşhur “Doqquz qardaş” adlı istirahət mərkəzinin də Baxşyevə məxsus olduğu heç kəsə sirr deyil.
Rayon sakinləri isə dəfələrlə belə bir adamın rayonda önəmli post tutmasından şikayətçi olublar. Dəfələrlə ölkə başçısına müraciət ünvanlayıblar.
Qeyd edək ki, bir müddət bundan öncə isə ölkə başçısı İlham Əliyev növbəti dəfə harınlıq edən general Novruzəli Orucovun oğlunu cəzalandırdı, özünü isə vəzifədən qovdu. Belə ki, 2017-ci il iyulun 3-də Bakı şəhər sakini Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi “BMW” markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq etmişdi. Bundan sonra oğlunun qanunsuz əməllərinə görə, N.Orucov Prezident İlham Əliyevin sərəncamı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi vəzifəsindən azad edildi. Buna qədər də bir neçə məmur və oğlu prezident İlham Əliyev tərəfindən cəzalandırılıb
Ölkə başçısı məmurlara dəfələrlə xəbərdarlıq edərək onlara xalqı incitməyəmi tapşırıb: “Hər bir dövlət məmuru təmiz işləməlidir, xalqla bir yerdə olmalıdır, təvazökar, işgüzar və vətənpərvər olmalıdır, rüşvət almamalıdır, özünü xalqdan üstün tutmamalıdır, işlədiyi bölgələrdə, sahələrdə hörmət qazanmalıdır və Vətənə sadiq, sədaqətli olmalıdır. Heç bir xarici dairənin təsiri altına düşməməlidir. Bax, budur əsas prinsiplər. Hər bir dövlət məmurundan tələb edirəm ki, bu prinsiplərə əməl etsin”.
Amma görünən odur ki, Cəlil Baxşıyev və oğlu Prezidentin, “Vəzifəli şəxslərin uşaqları qudurğanlığa yol verirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər. Kim onlara bu statusu verib? Onların güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə, mən də lazım bildikdə çıxaracağam. Əgər bir də bilsəm ki, kiminsə ailə üzvü xuliqanlıq edib, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq” tapşırığına məhəl qoymurlar.

(ardı var)
Geri qayıt