"İcra başçısı bizi bura yığanda söz verdi ki..." - ŞİKAYƏT
- 1-07-2017, 11:38
- 87 511
Ağdaş sakini Hicran Musayeva 21 ildir ki, evsiz-eşiksiz qalıb. 1996-cı ildə baş verən zəlzələdən evi əşyaları ilə birlikdə alt-üst olub. Elə həyatı da... Evi dağılan ailəni əvvəl çadıra, sonra da dağılmaq üzrə olan başqa bir evə köçürüblər. İndi də bu qəzalı evdə qızı və azyaşlı nəvələriylə hər an uçqun həyəcanı yaşayır: “2002-ci ilin avqustunda icra başçısı bizi bura yığanda söz verdi ki, tezliklə bizə ev tikilib veriləcək. 15 il keçir, hələ də qəzalı taxta evdə yaşayırıq. Azca təkan baş versə, hamımız sınıq-salxaq, ikimərtəbəli, taxta evin altında qalacağıq. Heç olmasa, körpələrə yazıqları gəlsin. Sütunlar, döşəmə, tavan çürük-çürükdür. Ağdaşı bəzəyirlər, bütün binaları üzləyirlər, ancaq gəlib bizim vəziyyətimizlə maraqlanmırlar. 1 ilə yaxındır ki, özüm də insult keçirmişəm. Mən də ölsəm, bu tifillərin halı necə olacaq? Heç olmasa, bunların gələcəyini düşünsünlər, bircə otaq da olsa, versinlər, yığım onları bir ocaq başına, sonra rahat ölüm".
Qarşı tərəfi də dinləməyə hazırıq..
DİA.AZ