Kürdəmir sakinləri nədən narazıdır? - ŞİKAYƏT
- 28-06-2017, 10:09
- 57 933
Təbii sual doğur ki, mollakəndlilərin yol problemi niyə çözülmür? Kənd sakini Zaur Hacıyevin sözlərinə görə, bütövlükdə 43 kilometr olan Zərdab-Mollakənd yolunun təmiri Zərdaba düşən tərəfdəki 26 kilometrlik bölümdən başlanıb və ardından Mollakənd yolunda iş görülüb. Ümumilikdə bu yola ayrılan vəsait mənimsənildiyindən, işlər keyfiyyət tələblərinə cavab verməyib:
«Yolu «Azəravtoyol» ASC-nin 71 saylı Yol İstismar İdarəsi təmir edib. Gəlin, görün, 3 ilə çəkilən yol necə cadar-cadar olub. Çəkilən yoldan əsər-əlamət qalmayıb. Keyfiyyətsiz material, ucuz və səriştəsiz fəhlə qüvvəsinin gördüyü iş bundan artıq ola bilməzdi. Pul bizim cibimizdən büdcəyə yığılır, oradan da yol təmiri adıyla ayrı-ayrı məmurların cibinə gedir».
Sakinlər bildirirlər ki, yararsız hala düşən yolda çuxurlar törəndiyindən qəzalar da qaçılmaz olur.
Kənd sakini Nadir Quliyev də qısa müddətdə yolun bərbad vəziyyətə düşməsindən təəccübünü gizlətmir: «Zərdabdan kəndimizə yol çəkiləndə o qədər sevindik... Çox əziyyət çəkirdik. Bu kəndlə Zərdabı təsərrüfatlar da bağlayır, bir çox sosial məsələ də. Belə görünür, yenə o günlərə qayıtmaq üzrəyik».