Gəncədə sahibkarın haqqı pozulur - ŞİKAYƏT
- 19-06-2017, 14:25
- 58 812
İlqar İbrahimovun sözlərinə görə, Gəncə şəhəri, Nizami rayon İcra Hakimiyyəti başçısının 2014-cü ildə imzaladığı sərəncamla Gəncə şəhəri Cavadxan küçəsi, 34 saylı ünvanda yerləşən 840 kv.m torpaq sahəsində «Biznes Mərkəzi» binasının yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilib. Sahibkarın xüsusi mülkiyyətində olan torpaq sahəsi də onun razılığı olmadan həmin layihənin icra olunduğu ərazidəki sahəyə qatılıb.
Sahibkar Gəncə İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırıb. Məhkəmə iddiaçının hüquqlarının təmin edilməsi və Gəncə şəhər İcra Hakimiyyətinin üzərinə uyğun öhdəliyin qoyulması barədə qərar qəbul edib: «Həmin qərara görə, istifadəmdə olan fotoatelyenin altındakı torpaq sahəsi inşa olunmuş Biznes Mərkəzinin tikintisi altına düşdüyünə görə, binanın birinci mərtəbəsində, zirzəmisi ilə birlikdə müvafiq ölçülərdə və istifadəyə yararlı vəziyyətdə qeyri-yaşayış sahəsi mənə verilməlidir. Məhkəmə qərarı 2 ilə yaxındır ki, qüvvəyə minib, ancaq icra olunmur».
Məhkəmə qərarının icrasıyla bağlı Gəncə şəhər İcra Hakimiyyətindən sahibkara məktub göndərilib. Məktubda qeyd olunur ki, inşa edilən Biznes Mərkəzinin tikintisinin sifarişçisi «Gəncə Bazar Store» MMC-nə tapşırılıb ki, mərkəzin tikinti altına düşən torpaq sahəsinə görə İlqar İbrahimovla razılıq əldə olunsun. Bina istismara veriləndə İ.İbrahimovun mülkiyyət hüquqları bərpa edilsin. Ancaq görün nə baş verib. Sahibkar davam edir: «Nizami rayon İcra Hakimiyyətinə qarşı qaldırdığım məhkəmə iddiasının əsasında Biznes Mərkəzi binasına dair sərəncamın H.Əliyev prospekti, 161A ünvanında yerləşən 110.3 kv.m torpaq sahəsinə düşən hissəsi ləğv edilib. Həmin sərəncama əsasən, «Gəncə Bazar Store» MMC-nin tikinti işlərini davam etdirə bilməsi üçün torpaq mülkiyyətçisi olaraq mənimlə razılaşması təmin edilməli idi. Ancaq bugünədək heç bir razılaşma olmayıb. Yəni, inşa olunan binanın mənim torpaq sahəmə düşən hissəsindəki tikintisi qanunaziddir».
İ.İbrahimov yazır ki, borclu məhkəmə qərarının bina tikilib başa çatdırıldıqdan sonra icra olunacağını bildirsə də, faktiki, inşa olunan binanın ona məxsus qeyri-yaşayış sahəsinə qanunsuz müdaxilə edilir. O, məhkəmə qərarının icrasında kömək üçün İnsan Hüquqları üzrə Müvəkkilə müraciət edib. Ombudsman Gəncə şəhər İcra Hakimiyyətinə iki dəfə sorğu göndərib. İcra Hakimiyyətindən verilən hər iki cavab məktubunda qeyd olunub ki, «məhkəmə qərarının icrasının mümkün olmaması barədə müvafiq akt tərtib edilib və məhkəməyə göndərilib».
Ötən ilin avqustunda Gəncə İnzibati-İqtisadi Məhkəməsində məhkəmə qərarının icrasının mümkün olmaması barədə icra məmurunun təqdimatına baxılıb və əsassız sayılaraq rədd edilib. Bu barədə məhkəmə qərardadı Gəncə şəhəri üzrə İcra İdarəsinə də təqdim edilib.