Füzuli ziyalıları Prezidentə təşəkkür və müraciət məktubu ünvanlayıblar
- 4-11-2020, 16:53
- 789
Məktubda ziyalılar həmçinin Qarabağ həqiqətlərinin dünya xalqlarına çatdırılması istiqamətlərində çalışdıqlarını və beynəlxalq qurumlara müraciətlər ünvanladıqlarını bildiriblər: “Xalqımızın hər bir nümayəndəsi kimi biz də ordumuza maddi-mənəvi və informasiya dəstəyini daha mütəşəkkil həyata keçirmək məqsədilə var qüvvəmizlə çalışır və bütün imkanlarımızı səfərbər etmişik. Cəbhədə hərbi əməliyyatlarla yanaşı, qızğın informasiya müharibəsinin getdiyi hazırkı şəraitdə biz də kütləvi informasiya vasitələrində müxtəlif çıxışlar edirik. Qarabağ həqiqətləri, erməni irqçi faşist ideologiyasının ifşa edilməsi, ədalətli dövlət siyasətinin təbliği, xalqımızın vətənpərvərlik ruhunun və haqq işinin dünya xalqlarına çatdırılması yönündə əlaqədə olduğumuz müxtəlif ölkə alimləri və ziyalılarıyla məqsədyönlü məlumatlandırma işləri aparırıq. Dağlıq Qarabağ müharibəsi ilə bağlı obyektiv məlumatların daha geniş dünya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə xaricdə fəaliyyət göstərən beynəlxalq qurumlara, universitet və elmi mərkəzlərə, görkəmli alim və mütəxəssislərə, ziyalılara, gənclərə, tələbələrə tərəfimizdən xüsusi məktublar və müraciətlər göndərilib.”
Füzuli rayon ziyalılarının müraciətində mənfur düşmənin mülki əhaliyə qarşı həyata keçirilən terror əməlləri də pislənilmiş və bu həssas zamanda hər zaman dəstəyi ilə Azərbaycanın yanında olan qardaş Türkiyə dövləti ilə dostluq əlaqələrinin sarsılmazlığı və möhkəmliyi vurğulanmışdır. Bununla yanaşı, ziyalılar Qəhrəman Azərbaycan Əsgərinin tezliklə Azərbaycan bayrağını Şuşaya, Xankəndinə sancmaqla tarixi ədaləti bərpa edəcəyinə əminliklərini ifadə edərək işğal altındakı torpaqlarımızın düşmən tapdağından azad ediləcəyi günün o qədər də uzaqda olmadığını qeyd ediblər. “Xalqımıza qürurunu, özgüvənini, inamını qaytarmış, ümidsizliyi, sınıqlığı qovmuş, birliyimizi, yekdilliyimizi bərqərar etmiş və Prezident İlham Əliyevdən Azərbaycana əbədi yadigar qalacaq “Qələbə Bayramı Günü"müzə az qalıb. İndi isə böyük qələbəyə doğru addım-addım qətiyyətlə yaxınlaşırıq. Yolumuz Qubadlıya, Şuşaya, Xankəndinə, Laçına, Kəlbəcərədir! YOLUMUZ BÖLÜNMƏZ VƏTƏNƏDİR!