Karantin rejimi ilə əlaqədar Qubada polis və Daxili Qoşunların əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır
- 15-10-2020, 11:47
- 905
DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov bildirib ki, qərarla əlaqədar Quba Rayon Polis Şöbəsinin və Daxili Qoşunlarının əməkdaşları gücləndirilmiş iş rejimində xidmət həyata keçirirlər.
Quba şəhərinə, rayonun Zərdabi qəsəbəsinə və Rustov kəndinə giriş-çıxışlarda postlar qurulub, operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, nəqliyyat vasitələrinin giriş-çıxışı məhdudlaşdırılıb.
Bundan əlavə şəhərdaxilində yerləşən iri marketlərdə, ictimai iaşə müəssisələrində və sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində polis əməkdaşları və hərbi qulluqçular tərəfindən birgə reydlər təşkil olunur. Sosial məsafəni gözləməyən, tibbi maskadan istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılır və bu tədbirlərin vətəndaşların sağlamlığı üçün həyata keçirildiyi onların diqqətinə çatdırılır.