Balakəndə nişan mərasimi keçirənlər barəsində toplanmış materiallar məhkəməyə göndərilib

Bölgə

Balakən Rayon Polis Şöbəsinə rayonun Yeni Şərif kəndində karantin qaydalarının pozularaq, nişan mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları dərhal həmin ünvana gələrək, 30-a yaxın şəxsin biryerə toplaşdığını və ev sahibi Nəcməddin Urkayevin karantin qaydalarını pozaraq, qızına nişan mərasimi keçirdiyini aşkar ediblər. N.Urkayev və məclisi təşkil edən digər 8 nəfər Polis Şöbəsinə dəvət edilərək onlarla profilaktik söhbətlər aparılıb. Onların barəsində toplanmış materiallar məhkəməyə göndərilib .

Polis əməkdaşları tərəfindən ölkədə elan edilən karantin rejimi qaydalarına rayon ərazisində riayət edilməsi məqsədilə keçirilən reyd zamanı isə Qazbinə kəndində yerləşən kafedə müştərilərin sosial məsafəni gözləmədən əyləşdikləri və masaların bir-birinə yaxın qoyulduğu aşkarlanıb. Kafe sahibi barəsində materiallar məhkəməyə göndərilib, karantin rejiminin tələblərini pozan 7 müştərinin hər biri 200 manat cərimələnib.