Rayona gələn yardımlar kasıblara çatmır - Cəlilabadda NARAZILIQ
- 13-05-2020, 12:12
- 1 179
“Ehtiyaclı ailələr adına göndərilən yardımlar imkanı olan şəxslər arasında bölüşdürülür. Buna görə Şiləvəngə kənd icra nümayəndəsi də işdən çıxarıldı, cinayət məsuliyyətinə cəlb olundu, hətta 1-2 gün polisdə də saxlanıldı. Ancaq nə faydası? Digər icra nümayəndələri yenə öz işindədir. Sadəcə, 1-2 nəfəri tutmaqla xalqın gözünə kül üfürürlər. Yaxın kəndlərdə tanıdığım ailələr var, acından ölür, ancaq qapıları yardım qutusu paylayanlar tərəfindən bircə dəfə də döyülməyib. Şəxsən mənim kürəkənim həbsdədir, qızım 3 azyaşlı övladını tək saxlayır, uşaqlardan biri serebral iflicdən əziyyət çəkir, qızım işləmir və o ərzağa da, o 190 manata da çox ehtiyacı vardı, heç birini vermədilər. Sadəcə əhalidə o qədər polis xofu yaradıblar ki, adamlar səslərini çıxarıb deyə bilmirlər ki, bu qutu niyə kasıbın yox, imkanlının qapısına getdi…”, – Saməddin Məmmədov deyir.
Rayonun Kazımabad kənd sakini Anar Ağayev deyir ki, bu kənddə də eyni durumdur: “Heydər Əliyev Fondu tərəfindən göndərilən yardım bağlamaları gecələr vəzifəli şəxslərin qohum-əqrəbalarının evinə ötürülür. Kəndə yolunuz düşsə, burda hamının ürəyi doludur, baş verənləri sakinlər sizə yerli-yerində danışar. İşləməyən, heç bir gəliri olmayan aztəminatlı ailələr kənarda qalıb, altında 40-50 min manatlıq maşını olanlar evlərinə ərzaq bağlamaları daşıyır”.