Cəlilabadda hakimiyyətə qarşı pandemiya sabotajı: yardımlar gecə paylanır?
- 28-04-2020, 12:33
- 946
Cəlilabad rayonundan olan şikayətdə yazılır ki, o şəxslər ki, yardım və 190 manat düşür, onlardan rüşvət istəyirlər. 190 manatdan ya 30 manat, ya da ki, 40 manat tuturlar: “Kəndlər üzrə elə adamlara yardım edirlər ki, əslində onlar imkanlı şəxslərdir və onlar camaata yardım etməlidirlər. Sadəcə, onlar bu yardımı verən adamlara yaxın insanlardır, onların qohum-əqrəbalarıdırlar. İmkansızlar da buna uzaqdan tamaşa edirlər, səslərini çıxara bilmirlər. Onları hədələyirlər və bildirirlər ki, bizə bunu yuxarıdan tapşırıblar. Kimə istəyirsiniz, şikayət edin, kimsədən qorxmuruq”. Bununla bağlı daxil olan şikayətdə bildirilir ki, məsələn, yetim-yesirdən Soyuqbulaq kəndində cəmi iki nəfərə, Vənlik kəndində üç nəfərə, Fətullahqışlaq kəndində bir nəfərə, Hacıcavad kəndində bir nəfərə, Çünzəli kəndində iki nəfərə yardım vermişlər. Ağdaş və başqa kəndlərdə də eyni vəziyyətdir. Onların hər birindən də 30-40 manat pul tuturlar. Onu da qeyd edək ki, bu kəndlərdə tək qadın və kişilər, imkansız ailələr sıyahı üzrə onlara təqdim olunubdur. Bu siyahı kənarda qalıb və özlərinin böyük siyahısı işə salınıb. Maraqlıdır ki, 190 manatı isə adətən gecə qaranlıq düşəndə paylayırlar ki, başaqları xəbər tutub birdən Azərbaycan Respublikasının Prezidentinin saytına yaza bilərlər. Öz adamlarına da bərk-bərk tapşırırlar ki, kimsəyə deməsinlər…
Bütün bu cür hərəkətlər isə onların adına deyil, ölkə başçısının adına yazılır. Çünki pandemiyaya qarşı bu tədbirlər məhz onun göstərişi əsasında həyata keçirdirilir. Amma rüşvətə bulanan, millətin ağır günündə də nəfsini boğa bilməyən məmurlar və onların yerlərdə nökərləri millət verilən bu paydan da oğurluqlar edir, dövlətin imicinə zərbələr vururlar.