İcra başçısı iki əlil ailənin evini başına uçurdu

Bölgə

Zərdab rayonuna yeni icra başçısı təyin edilmiş Mərdan Camalov söküntü işlərinə başlayıb...
Bu barədə tanınmış hüquqşünas Əlayif Həsənov məlumat yayıb.

O bildirib ki, yeni icra başçısı ilk söküntü işini əlil evindən başlayıb. “Bu dəqiqələrdə "ədalət" bərpa olunur. Zərdab rayonunun yeni və islahatçı rəhbərliyinin şifahi göstərişi ilə, şəhərin Dördyol adlanərazisində Elşən adlı 2-ci qrup əlilə məxsus yarımçıq tikili sökülür. Ekskavatorlar, traktorlar səf-səf dayanıb. Məhkəmə qərarı yoxdur. Tikili heç nəyə mane olmur. İlkin sənədləri var”.

Həsənov bildirib ki, Elşənin atası yoxdur. “Anası 2-ci qrup əlildir. Onunla işləyən Mehmanın atası da, anası da 2-ci qrup əlil, qardaşı 1-ci qrup gözdən əlil, qardaşının arvadı 2-ci qrup əlil, onların 2 uşağı, hər ikisi 2-ci qrup talisemiya xəstəsi və əlildir”.

O qeyd edib ki, icra başçısı Mərdan Camalov dünən Elşəni qəbul edib. “Nəticəsi özünü gözlətməyib. Ədalət zəfər çalır. İslahatlar yeni vüsət alır”.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

jamaz.info