İSMAYILLIDA ÖLÜM SAÇAN ZƏRNAVA YOLLARI VƏ BU YOLDAN PUL QAZANANLAR - FOTO
- 9-10-2019, 15:45
- 2 344
Artıq 50 ildir ki, öz funksiyasını yerinə yetirən körpü bu yaxın zamana qədər yararsız vəziyyətə düşmüşdü. Hətta 1997-ci ildə körpü dağılmışdı. Amma iki il sonra o vaxtlar yeni yaranan Zərnava kənd bələdiyyəsi yerli əhalinin köməyi ilə körpünü təmir etdirib hazır vəziyyətə gətirmişdir. Körpünün uzunluğu 28 metrdir və Zərnəva kəndinə gedən ən vacib piyada yoludur. Kənd camaatı demək olar ki, hər gün bu yoldan istifadə edir. Hətta körpünün başında kənd uşaqları meşələrdən yığdıqları məhsulları (kəklikotu,qaratikan və s.) satırlar. Körpünün başına bir lövhə yazıb asıblar ki — Körpüyə 2 nəfərdən artıq şəxsin çıxmağı qadağandır. Adəti üzrə məhəl qoyan yoxdu. İyirmi — otuz nəfər birdən keçir ki, bu da körpünü dağılmaq riski altında qoyaraq insanların həyatı üçün təhlükə vəd edir. Lövhə olan yerdə yerli bələdiyyədə işləyən bir nəfər dayanıb adamın birini 50 qəpikdən buraxır. Qanunsuzdur, çünki, gün ərzində bu yolla orta hesabla yığılan 300-500 manat pul heç də körpünün möhkəmləndirilməsinə sərf olunmur, kimlərinsə cibinə axır. Körpünün həndəvərindəki yol da avtomobillər üçün narahatdır. Yoldan sürüşən maşın suyu çəkilmiş çayın düz dibinə — hündürlükdən uçuruma yuvarlanacaq. Belə qəzaya düçar olanın salamat qurtarmaq ehtimalı çox azdır. Zərnava bələdiyyəsinin sədri Afaq xanıma zəng açıb körpü ilə bağlı suallarımızı verdik. Dedi ki, bələdiyyə yalnız pul yığır, körpünün vəziyyətinə isə yol istismar idarəsi cavabdehdir. Suallarımızı dərinləşdirəndə isə Afaq xanım telefonun dəstəyini yanındakı kişi xeylağına — ərinə verdi. Kişi isə bizə dedi ki, narahat olmağa dəyməz, körpü uçan deyil. Ümumiyyətlə, müşahidə etdik ki, İsmayıllı rayonunun kəndiçi yollarının vəziyyəti qənaətbəxş deyil. İsmayıllı 9 saylı Yol İstismar İdarəsinin rəisi Rəşad Cəfərova da zəng açdıq. O isə öz növbəsində günahı Xüsusi Təyinatlı Yİİ-nin üstünə atdı. Ancaq İsmayıllıya girər girməz qara tüstüsi ilə rayonu ağuşuna alan və ekologiyanı korlayan asfalt zavodların müdirinin qara əməlləri göz çıxardır.
Image result for asfalt zavod qara tüstüsü ismayıllı rayonu
Yol idarəsindən Növbəti aradığımız şəxs İsmayıllı Rayon İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Azər Bədəlov oldu. İşdə deyil, «kənarda» olduğunu dedi, baş memar Vüsal Abdullayevlə əlaqə saxlamağımızı tövsiyə etdi. Vüsal müəllim isə telefonunu qaldırmadı. Belə çıxır ki, İcra Hakimiyyətinin bir məsul işçisi yerində yoxdursa, ikincisi telefonu qaldırmağa müsaid deyilsə, demək, RİH başçısı cənab Mirdamət Sadıqov onların üzərində nəzarəti itirib. Meşələrdə ETSN-nin tövsiyələrinə əməl edilmədiyini, yüngül konstruksiyalı deyil, daşınmaz əmlak sayılan çox saylı iaşə obyektlərinin inşa olunduğunu gördük. Elə bil, həmin obyektlərin sahibləri onlara heç vaxt «gözün üstə qaşın var» deyilməyəcəyinə arxayındırlar. Belə arxayınçılığın isə yalnız iki səbəbi ola bilər — ya vaxtaşırı ödədikləri rüşvət, ya da «yuxarıdakı» himayədar şəxs.
Mövzuya qayıdacağıq.
DERYAZ.AZ