Şəki Regional Mədəniyyət İdarəsində Mirvari Zeynalovadan “mirvari addımlar”
- 23-09-2019, 13:13
- 2 041
Yerli sakinlərin iddialarına görə, hazırda Şəki Regional Mədəniyyət İdarəsinin tabeçiliyində olan qurumlarda, ələlxüsus musiqi məktəblərində vəziyyət heç də ürəkaçan deyil. Çünki, verilən məlumatlarda o da iddia olunur ki, beş rayonu əhatə edən Regional idarənin tabeçiliyindəki musiqi məktəblərində müəllim-şagird davamiyyəti, heç də günün tələbləri səviyyəsində deyil. Bəzi məktəblərdə elə müəllimlər var ki, həmin şəxslər Mirvari xanım Zeynalova ilə “anlaşa bildiyindən”, onlar məktəb üzü tanımırlar. Rayonlardakı mədəniyyət evlərinin, klubların, ələlxüsus kənd kitabxanalarının giriş qapılarına asılan “zamoklar” həftələrlə açılıb-bağlanmadığından, onları “pas” elə tutur ki, “zamoklar”ı açıb-bağlamağın özü müşkül məsələyə çevrilib. Amma, belə bir halların varlığına baxmayaraq, Regional idarənin ştat cədvəlində olan və qeyd olunan qurumlarda vəzifə sahibi olan şəxslərə hər ay dövlət büdcəsində əmək haqqı ayrılır. Nyus.az saytının əldə etdiyi məlumatlara görə, Mirvari xanım Zeynalova ilin müxtəlif günlərində, yəni Yeni ildə, Novruz bayramında, Həmrəylik günündə və digər vaxtlarda “mirvari addımlar”ını atmaqla da xeyli “irəli düşə bilir”. Yəni, adı çəkilən xanımın rəhbərliyi altında və “dobro” deməsindən sonra, guya ki, tabeli qurumlarda bir çox tədbirlər həyata keçirilib deyə, vəsaitlər ayrılır, az sonra da mənimsənilir.
Nazirlik tərəfindən ayrılmış büdcə vəsaitlərindən Regional idarə rəisinin təyinatı üzrə istifadə etmədiyi, yəni, həmin vəsaitlərin böyük bir hissəsinin şişirdilmiş smetalar tərtib olunmaqla mənimsənildiyi də söylənilir. Fakr budur ki, Şəki Regional Mədəniyyət İdarəsinin tabeçiliyində olan kitabxanaların, klubların, mədəniyyət evlərinin, mədəni-tarixi abidələrin və s. bərpa və təmir olunmalarına ayrılan vəsaitlər sənədlər üzərində rəsmləşdirilsə də, bu yöndə heç bir addımların atılmadığı iddia olunur. Mirvari xanım Zeynalovanın atdığı “mirvari addımlar”ın nəticəsi olaraq, onun bu gün də Qax rayon Uşaq İncəsənət Məktəbini, Oğuz rayon Uşaq Musiqi Mərkəzini, Turan qəsəbə Uşaq Musiqi Məktəbini, Şəki şəhər 2, 3 və 4 saylı Uşaq Musiqi Məktəblərini, Şəki rayon Uşaq İncəsənət Məktəbini və digər müəssisələri öz marağına uyğun “biznes mərkəzinə” çevirməsi haqda da söz-söhbətlər dolaşmaqdadır. Nyus.az saytına daxil olan məlumatlara görə, bu gün təkcə Şəki rayonunda 150-ə yaxın mədəni-maarif müəssisəsi fəaliyyət göstərməkdədir. Adı çəkilən müəssələrdən hər birinin rəhbər şəxslərinin, ayda idarə rəisi ilə hesablaşdıqları qeyd olunur. Bu sırada Balakən, Zaqatala, Qax, Oğuz rayonlarındakı mədəni-maarif müəssisələrinin rəhbər şəxslərinin də, oxşar addımlar atdıqları söylənilir.
Ümumiyyətlə, hal-hazırda Şəki Regional Mədəniyyət İdarəsində elə bir hoqqalar, elə bir çoxsaylı qanunsuzluqlar baş verir ki, bəlkə də baş verənləri qələmə almaq üçün, hər bir KİV nümayəndəsinə həftələrlə vaxt lazım gələr. O halda sual oluna bilər ki, cənab Əbülfəs Qarayev belə bir idarəçiliyi olan bu kadrı, səbəb nədir ki, hələ də Şəki Regional Mədəniyyət İdarəsinin rəhbərliyində saxlayır? Ona görə də düşünürük ki, baş verənləri araşdırmaq, əsl həqiqətləri üzə çıxarmaq üçün təkcə jurnalistlər deyil, həm Nazirlik əməkdaşlarının, həm də, Hesablama Palatasının ciddi yoxlamalar aparmasına ciddi ehtiyac duyulur. Əgər bu yöndə ciddi addımlar atılmazsa, o halda Şəki Regional Mədəniyyət İdarəsi ilə bağlı söz-söhbətlərin “tüstüsü” çox insanları “boğacaq”.
P.S. Hörmətli çoxsaylı oxucularımız! Biz yaxın günlərdə Şəki Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini daşıyan Mirvari xanım Zeynalovanın, 05 yanvar 2017-ci il tarixdən əldə etdiyi gəlirlər hesabına sahib olduğu “Nərmin” qızıl mağazasından, dəbdəbəli gözəlliyi ilə hər kəsi valeh edən “İsam” istirahət mərkəzinin fusunkarlığından və digər gəlir gətirən obyektlərinin varlığından bəhs edəcəyik. Odur ki, bizi izləməyi unutmayın.
Nyus.Az