İcra başçısının ailə klanı
- 12-09-2019, 18:44
- 1 208
Həmin yazıda qeyd etmişdik ki, bu yaxınlarda oxşar şikayətlə Ağsu şəhəri, Xətai küçəsi, 5 nömrəli evin sakini Oruclu Adil Aydın oğlu da rayonun icra başçısı Ənvər Seyidəliyev haqda ölkə başçısına və digər qurumlara şikayət məktubu göndərmişdi. Həmin məktubda icra başçısının qanunsuz əməlləri, qohumlarının hansı vəzifələr tutmaları və ailə biznesləri barədə şok faktlar açıqlanmışdı. Şikayətçi qeyd edirdi ki, vaxtilə Ənvər Seyidəliyev bacısı oğlu Səlim Müslümovun xeyir-duası ilə rayonda görüntü yaratmaq üçün Zərifə Əliyeva adına park tikdirib: “Həmin vaxtı mənim orada gözəl memarlıq üslubunda tikilmiş, ailəmin dolanışıq yeri olan kafemi sökdürdülər. Ənvər Seyidəliyev o vaxt mənə 80 min manat kompenasiya ödənəcəyinə söz versə də, 6 ildir o pulu ala bilmirəm. Axırda mənə dedi ki, get, pulunu Prezidentdən istə”. Şikayətçi yazırdı ki, Ənvər Seyidəliyev, sabiq nazir Səlim Müslümov, onun atası Yanvar Müslümov, həmçinin adıçəkilənlərin yaxın qohumları Ağsu və ölkənin müxtəlif bölgələrində özbaşınalıqlar ediblər: “Səlim Müslümov nazir işlədiyi dövrdə müxtəlif saxtakarlıqlar edib.Təsadüfi deyil ki, bu gün təkcə Ağsuda – onun doğulduğu kənddə elə bir adam yoxdur ki, sosial müavinət almasın. Hətta rayonda söz-söhbət dolaşır ki, Pirhəsənli kəndinin beşikdə olanlarına da yardım yazılıb. Çox maraqlıdr ki, Müslümov işdən azad olunan kimi, onun mühüm vəzifələrdə çalışmaqla milyonlara sahib olan qohumları Ağsunu “ölü” rayona çeviriblər. Özlərinə sərf edən bütün işləri, hətta şəxsi bağça tikintisini də dayandırıblar. Hətta Səlim Müslümovun hələ də hər il üçün 70 min funt-strelinq ödədiyi kiçik oğlunun İngiltərədən ölkəyə qaytarmamaq planını həyata keçirdiyini deyənlər də var. Elə bu yerdə sual edirəm: Müslümov bu qədər pulu haradan tapıb? Onun ölkədə və dünyadakı müxtəlif əmlakları hansı pulla alınıb? Siz Səlim Müslmovun Pirhəsənlidəki villasını görsəniz, heyrətə gələrsiniz. Onun kənddəki iqamətgahında yüksək təmtəraqlı, son model texnoloji avadanlıq və sistemlərlə təchiz olunmuş qəbul otağı, xidmətçiləri də var”.
A. Oruclunun yazdığına görə, Ağsuda S. Müslümov və icra başçısı olan dayısının əkin sahələri də var: “Onlar bu sahələrdə rayon camaatını qəpik-quruşa işlədirlər. İndi iş elə gətirib ki, onların da zəhmət haqqını da vermirlər”. Ağsu sakini Müslümovun “çətiri altında” karyerada irəliləyən qohumlarını siyahısını da redaksiyamıza göndərib:
1. Səlim Müslümovun dayısı, həm də bacanağı Ənvər Seyidəliyev rayonun icra başçısı;
2. Digər dayısı Fətulla Seyidəliyev “Kapitalbank”ın rayon filialının müdiri;
3. Səlim Müslümovun xalası oğlu, Fətulla Seyidəliyevin kürəkəni Eldost Mehdizadə “Kapitalbank”ın rayon filialında kredit şöbəsinin müdiri;
4. Fətulla Seyidəliyevin oğlu Mirfariz Seydəliyev Prokurorluqda orqanlarında işləyir;
5. Səlim Müslümovun digər dayısı, icra başçısının qardaşı Mirfazil Seyidəliyev pençiyaçı olsa da, rayon pambıq qəbulu məntəqəsində müdirdir;
6. Mirfazil Seyidəliyevin oğlu Mirqafil Səfərbərlik Xidmətində mühüm post tutur;
7. Ənvər Seyidəliyevin oğlu Dayənət Seyidəliyev Mərkəzi Bankda mühüm vəzifədədir. O, həmçinin atasının və Səlim Müslümovun sayəsində Bakıda şərab şəbəkəsinə və maşın təmiri sexlərinə nəzarət edir;
8. Səlim Müslümovun dayısının arvadı Şəhrabani Məlikova Ağsu Rayon Mərkəzi Xəstəxanasının baş həkimi;
9. Şəhrabani Məlikovanın qızının əri Fuad Əlizadə isə ƏƏSMN-də Dövlət Əmək Müfəttişliyinin rəisi olub;
10. Şəhrabani Məlikovanın digər qızının əri, Səlim Müslümovun əmisi oğlu Yalçın Müslümov da Səlim Müslümovun zamanında ƏƏSMN-də nazirin müşaviri olub və yeni nazir işdən çıxarıb;
11. Şəhrabani Məlikovanın digər qızının əri Zaur Bədəlov Qusarın polis rəisi;
12. S. Müslümovun dayısı oğlu Ələsgər Seyidəliyev gömrükdə işləyir;
13. S. Müslümovun dayısı oğlu Mircavad Seyidəliyev DİN-də mühüm postdadır;
14. S.Müslümovun qardaşı Radim Müslümov İsmayıllı Rayon Maliyyə İdarəsinin müdiri;
15. Radimin oğlu Xəzər Müslümov da ƏƏSMN-də işləyir;
16. S. Müslümovun digər qardaşı Vergilər Nazirliyində çalışır;
17. S. Müslümovun bacısının əri Əsgər Əsgərov DSMF-nin Nəsimi şöbəsinin müdiri olub və o da işdən çıxarılıb;
18. S. Müslümovun qaynı Ağalar Xasayev (O, həm də Ənvər Seyidəliyevin qaynıdır) DSMF-nin 3 ən ən prestijli idarəsindən birinin – Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinin rəisidir;
19. S. Müslümovun digər bacısının əri Pirallahı rayonunda yol idarəsinin rəisidir;
20. S. Müslümovla Ənvər Seyidəliyevin digər qaynı Ağası Xasayev də bankda (Bakıda) mühüm postadır;
21. Bunların digər qaynı Şahmar Xasayevin oğlu gömrükdə işləyir.
Şikayətçi yazır ki, bu siyahını uzatmağa ehtiyac duymasa da, ölkə rəhbərliyindən xahiş edib ki, Səlim Müslümov və onun komandasının özbaşınalıqları araşdırılsın, icra başçısı tərəfindən sökdürülən kafesinə görə pozulmuş hüquqları bərpa olunsun.
Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxslərin də mövqelərini dərc etməyə hazırıq.
aktualxeber.az