MİRDAMƏD SADIQOVUN İSMAYILLIDAKI MÜDHİŞ MAXİNASİYALARI
- 9-09-2019, 14:08
- 830
İsmayıllı rayonunda həyata keçirilən bir çox işlərin içində qaranlıq məqamların olduğu getdikcə daha qabarıq şəkildə üzə çıxır. Bu qaranlıq məqamlar sırasında əsas yeri bağça, məktəb təmiri və rayonda abadlıq adıyla aparılan digər işlər tutur. İcra başçısı Mirdaməd Sadıqovun “gərgin” əməyinin bəhrəsi olan vəziyyət isə artıq narazılıq üçün əsas yaratmaqdadır. Mirdaməd Sadıqovun ayrılan dövlət vəsaitlərinə göz dikməsi elə onların gördükləri işlərdən məlumdur. Rayonun mərkəzində istifadəyə verilmiş parkda aparılan təmir işləri zamanı sənədlərdə başqa, reallıqda isə tamam ayrı tikinti materiallarından istifadə olunub. Belə ki, parkın ortasındakı hovuzun yerinə sənəd üzərində mərmər daşının döşəndiyi qeyd edilsə də, reallıqda ora plastik örtük vurulduğu artıq təsdiqini tapıb. Kvadrat metrii 35-40 manat olan daşın əvəzinə, kvadratı 6-7 manat olan linenium örtüyün vurulması isə heç kiçik olmayan qazanc anlamına gəlir. Həmçinin bu proses bir neçə yerdə təkrarlanarsa, o zaman bu rəqəmin daha hansı sıfırlarla ifadə olunduğunu təxmin etmək elə də çətin deyil.
Mirdaməd Sadıqovun bir başqa “əməliyyatı” isə uşaq bağçaları ilə bağlıdır. Belə ki, rayonda yerləşən bəzi bağçalarda cari və əsaslı təmir işlərinin aparılması üçün heç də kiçik olmayan məbləğdə pul ayrılıb. Halbuki həmin bağçaların təmir işləri elə də uzaq tarixdə aparılmayıb. Məsələn, 3 saylı uşaq bağçasında əsaslı təmir işlərinin həyata keçirilməsi üçün 29.743 manat vəsait ayrılıb. Amma bağça yeni istifadəyə verildiyindən bu pulun ayrılması üçün heç bir zərurət olmayıb. Mənbələr isə bildirir ki, bu pul icra başçısı Mirdaməd Sadıqova lazım olduğu üçün, silinmək məqsədiylə ayrılıb. Görünən odur ki, icra başçısına daha çox pul lazım olub. Əks təqdirdə, təmir işlərini aparmaq üçün bir bağçaya iki dəfə pul ayırmaqla yanaşı, ikinci bağçanı da prosesə qatmazdı. Belə ki, 3 saylı uşaq bağçası və 1 saylı uşaq bağçalarında cari təmir işlərinin aparılması üçün 23.587,6 manat vəsait ayrıldığı sənədlərdə göstərilir. Üstəlik, bu bağçalar üçün 5.565 manatlıq inventarların, yataq ləvazimatlarının və xüsusi geyimlərin satın alındığı da vurğulanır. Amma uşaqların nə xüsusi geyimləri var, nə də yataq ləvazimatları…
Qeyd edək ki, Prezident İlham Əliyev keçirdiyi müşavirələrin birində bəyan etmişdi ki, ən çox korrupsiya tikinti sektorunda müşahidə olunur və bunun qarşısını almaq üçün əsaslı işlər görülməlidir. Şübhəsiz ki, Cənab Prezident bu sözləri konkret məlumatlara əsaslanaraq vurğulamışdı. Bu sözlərin təsdiqini tapan rayonlardan biri elə İsmayıllıdır. Ona görə ki, təkcə ötən il rayon mərkəzinin abadlaşdırılması üçün ayrılmış 1,1 milyon manatın hansı məqsədlərə xərcləndiyi kifayət qədər şübhəlidir. Belə ki, rayonda abadlıq işlərinin həyata keçirilməsi üçün 507.531 manat pul ayrılıb ki, bu işləri də “VÜSAL-A.R.” MMC şirkəti reallaşdırıb. Lakin rayondan gələn xəbərlər belədir ki, həmin pulların heç yarısı təyinatı üzrə sərf olunmayıb. Əksinə, icra başçısının təlimatına əsasən xərclər məqsədli şəkildə şişirdilib. Eyni proses İsmayıllı şəhərinin daxili yollarının əsaslı təmir işlərinin görülməsində də müşahidə olunur. Bu zaman 661.529 manat vəsaitlə rayonun daxili yollarının asfaltlanması nəzərdə tutulub ki, “İsmayıllı Tikinti-27” ASC reallaşdırıb. Di gəl, rayonun mərkəzi yollarında durum yaxşı olsa da, kənar məhəllələrin durumu bərbaddır.
İsmayıllıda qəribə olaylardan biri də icra başçısı Mirdaməd Sadıqovun hər il mebellərini yeniləməsi ilə bağlıdır. Qeyd edək ki, icra başçısı bir il oturduğu mebeldən növbəti il istifadə etməməyi üstün tutur. İddia edilir ki, o, köhnə mebelləri təzə adıyla tenderlərdə satış üçün satdırır və həmin mebellər təzələndikdən sonra köhnəsi hansısa idarə və müəssisə üçün təzə adı ilə sənədləşdirilir. Ayrılmış pullar da bu yolla silinir. Bundan başqa, İcra Hakimiyyəti digər maşın və avadanlıqların satın alınmasına 14.090 manat, inventarların satın alınmasına isə 18.583 manat pul ayırmaqdan da çəkinməyib.
Rayonda həyata keçirilən təmir-tikinti işlərinin daha çox hoqqabazlıq olduğunu elə İcra Hakimiyyətinin öz işçiləri deyirlər. Onlar bildirirlər ki, İsmayıllıda baş verənləri diqqətlə araşdırmaq mümkün olarsa, ortada milyonlarla manatın israf edildiyinə və ya mənimsənildiyinə şahidlik etmək olar. Məsələn, şəhər mərkəzində fəaliyyət göstərən 3 saylı orta məktəbin əsaslı təmir işlərinə 2.265.993 manatın ayrılması bunun bariz nümunəsidir. Əcəba, bu məktəb nə boydadır ki, 16 mərtəbəli bir binanın xərcini “əridir”? Hətta bu məktəbi yenidən inşa etmək lazım gəlsəydi belə, yenə də bu qədər pula gərək olmazdı. Və ya İsmayıllı İcra Hakimiyyətinin inzibati binasında cari təmir işlərinin aparılması da bu qəbildəndir. İldə bir neçə dəfə əsaslı və cari təmirə saxlanılan binanın dərdi-səri isə bitmir. Daha doğrusu, Mirdaməd müəllim dərd-sərin bitməsinə heç bir şəkildə imkan vermir. Elə bu səbəbdəndir ki, növbəti dəfə cari təmir işləri üçün 22.322 manat ayırılması tapşırığını verib. Bu sadaladıqlarımızı növbəti yazımızda davam etdirəcəyik. Ümidvarıq ki, Mirdaməd Sadıqovun özü bu gün bizə yazdığımız yazılarla bağlı bir açıqlama verəcəkdir.
Qarşı tərəfi də dinləməyə hazırıq.
DERYAZ.AZ