SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Zaqataladakı məmurlar xanım Makarovanı niyə incidir? - Şikayət

Zaqataladakı məmurlar xanım Makarovanı niyə incidir? - Şikayət

Tarix:

4-06-2019, 13:14

/ 1 348 dəfə oxundu.
Zaqataladakı məmurlar xanım Makarovanı niyə incidir? - Şikayət

Zaqatala rayon sakini Makarova Zülfiyə Murtuzəli qızı “Bakı-Xəbər”ə ünvanladığı şikayət məktubunda bildirir ki, rayonun bəzi qurumları tərəfindən süründürməçiliyə məruz qalıb:

“Mən üç uşaq anasıyam. Uşaqlarımı təkbaşına böyüdürəm. Evdə kişi olmadığı üçün, bütün işlərin dalınca özüm getməyə məcburam. Rayonumuzun mərkəzində, Zaqatala şəhəri, Vasif İsmayılov küçəsi 7A ünvanında olan fərdi evimə içməli su xətti çəkdirə bilmirəm. Ətraf qonşularımızın hamısına su verilsə də, bu işə məsul olan Zaqatala su idarəsinin işçisi Naib adlı şəxs məni süründürməçiliyə salıb. Artıq iki aydır ki, mən onun qapısında əsir-yesir qalmışam. Hər dəfə gedəndə deyir ki, sənədlərim gedib təsdiqə gəlməyib. Bəs necə olur ki, məndən sonra sənəd verənlərin hamısına su çəkildi, amma mənə yox? Bilirəm ki, umacağı var. Mənə bildirilir ki, təkcə suyun çəkilmə xərci üçün 500 manata yaxın pul verməliyəm. Yəqin əlavə də bir az özü üçün umur ki, məni bu şəkildə incidir. Mən ona açıq demişəm ki, tək qadın üç uşaq böyüdürəm, mənim o qədər pulum yoxdur. Əgər bu layihə dövlət hesabına reallaşırsa, mən niyə o qədər pul ödəməliyəm? Dövlətin müəyyən etdiyi rüsumu isə qəpiyinə kimi ödəməyə hazıram”.

Xanım şikayətçinin sözlərinə görə, onların ailəsi digər bir süründürməçilik faktı ilə pay torpaqları ilə bağlı sənədin alınmasında üzləşib. Zülfiyə xanım bildirir ki, Zaqatala rayonu Danaçı kənd bələdiyyəsinin sədri Əmrullah Həlləyev müxtəlif bəhanələrlə onlara qanuni verilməli olan sənədi vermir ki, onlar həmin sənədlə notariusda lazım olan əməliyyatı aparsınlar: “Atamın adına olan torpaqlarla bağlı hər il dövlətin rüsumunu ödəyirik. Bunu təsdiq edən bütün sənədlər də əlimizdə var. Ancaq bələdiyyə sədri deyir ki, guya bizim 300 manata yaxın borcumuz var. Bunu da əsas gətirib bizə ödədiyimiz pula aid sənədi vermir. Yəni o, sənəd verməlidir ki, bizim torpaq vergisinə heç bir borcumuz yoxdur, amma bunu etmək istəmir”.


Şikayətçinin süründürməçilikdə ittiham etdiyi hər iki şəxslə əlaqə saxladıq. Zaqatala Rayon Su İdarəsinin məsul işçisi Naib müəllim bizimlə söhbətində belə bir müraciətin olduğunu təsdiqlədi: “Biz də istəyirik ki, həmin xanıma əlimizdən gələni edək. Mən hazırda məzuniyyətdəyəm, amma tapşıracam ki, o işi həll etsinlər. Həmin xanım əvvəllər arteziandan istifadə edib. Əraziyə su çəkiləndə isə Rusiyada yaşadıqları üçün, vaxtında suyu çəkdirməyiblər. Hazırda sənədlərini regional idarəyə göndərmişik, təsdiqlənsin, köməklik edəcəyik. Amma suyun çəkilməsi ilə bağlı bütün xərci özü çəkməlidir. Sizə bir daha söz verirəm ki, bu məsələ ilə ciddi maraqlanacağam”.

Torpaq vergisinin ödənilmədiyini iddia edən bələdiyyə sədri Əmrullah Həlləyev də bizim sorğumuzu cavablandırdı. Onun sözlərinə görə, həmin ailə ilə heç bir qəsdi-qərəzi yoxdur: “Makarov Murtuzəli və onun rəhmətə gedən bacısına məxsus topaq sahələri ilə bağlı həmin ailə hansısa varislik məsələsini qanuni şəkildə həll etmək sitəyir. Buna görə də notariatdan torpaq vergisinin tam ödənildiyi ilə bağlı sənəd istəyirlər. Mən həmin sənədi ona görə verə bilmirəm ki, onların borcu var. Ailə iddia edir ki, ödənişi daim ediblər. Mən də bunu inkar etmirəm. Amma elə dönəmlər olub ki, borcları qalıb. Onlar Ədliyyə Nazirliyinə də şikayət ediblər. Hətta başqa qurumun hesabdarları da yoxlayıb bu qənaətə gəldilər ki, onların həqiqətən borcu var. Həmin borcu mən ağlımdan demirəm. Mərkəzləşmiş informasiya portalında da bu göstərilir. Hətta istəyirlər prokurorluğa müraciət etsinlər, gəlib yoxlasalar görəcəklər ki, mən haqlıyam. Pul ödəmək o demək deyil ki, sənin borcun ola bilməz”.
Zaqataladakı məmurlar xanım Makarovanı niyə incidir? - Şikayət
Zaqataladakı məmurlar xanım Makarovanı niyə incidir? - Şikayət

Şərhlər

XƏBƏR LENTİ