XXI əsrin Xəzər quldurları- II Hissə-FOTOLAR
- 18-09-2018, 09:02
- 1 659
Bəzi brokonyerlər iddia edir ki, Xəzərdə arabir qonşu Rusiyaya məxsus “baydalar” peyda olur. 3-4 asma mühərrik qoyula bilən, yüksək sürətlə hərəkət edən və uzunluğu təxminən 10 metrə çatan bu qayıqların adı qaçaqmalçılıqda çox çəkilir. Lakin belə bir söz-söhbət də var ki, bəzən baydalar Xəzərin Rusiya sektorunda ovladıqları nərəcinsliləri çox ucuz qiymətə bizimkilərə satırlar.
Ötən yazıda qeyd etmişdik ki, brokonyerlərə qarşı mübarizənin başında nəqliyyatda baş polis idarəsinin su nəqliyyatında polis idarəsinin Xaçmaz xətt polis bölməsi dayanmalıdır. On ildən çox quruma rəhbərlik edən İsmayıl Həsənovun hələ ki, əməlli-başlı bir tədbir keçirdiyinin şahidi olmamışıq. Bildiyimiz bircə budur ki, onun gözləri qarşısında axşamüstülər Xəzərdən çıxan motorlu qayıqlarda “çalquş” adlandırılan nərəcinslilər olur. Bölmə şefi üçün uzağa getmək lazım deyil. İstəsə, elə villasından da brokonyerlərin qanunsuz əməllərini görə bilər. Yəqin ki, görmək istəmir, bu ona sərf etməz. Çünki deyilənə görə, Orxan Ağayev adlı bir serjantı buraxıb brokonyerlərin canına... O da can-aman başa düşmür.
İsmayıl Həsənov barəsində çox məlumatlar var. Əslində bu bölmənin gərəkliliyi belə sual altındadır. Onsuz da yazıb-yazmasaq da brokonyerlər öz işlərindədirlər. İsmayılınsa başqa problemləri də var, özəl biznesini də idarə etməlidir.
Bəli, dövlət çox mühüm və strateji bir sahədə ciddi qayda-qanun yaradılmasını bunlara etibar edib. Lakin yəqin ki, ortalıqda beş-on cərimədən başqa heç nə yoxdur. Brokonyerlərə gəldikdə isə, onların himayədarları rəngarəngdir. Aralarında hüquq-mühafizə orqanlarının rəhbərliyində təmsil olunan şəxslərdən tutmuş, hərbçilərədək kimi istəsən tapa bilərsən. Xaçmazda oturub havayı aylıq yığdıranlar da var. Elə bilməyin ki, hər motorlu qayığa da “haqq” qoymaq olar.
Ekologiya və təbii sərvətlər nazirliyində ciddi islahatlar gedir. Bu qurumun məqsədlərindən biri də brokonyerliyin qarşısını almaqdır. İlkin vəziyyət göstərir ki, nazirlik işə möhkəm girişib. Görəsən axıra çatdıra biləcəkmi?
Oxucular deyə bilərlər ki, biz brokonyerlərin və onlardan aylıq rüşvət yığan dövlət qurumlarının adlarını çəkmədik. Görünən kəndə nə bələdçi? Onsuzda hamı bilir ki, Xəzərdən axan çirkli pullar kimlərin cibinə gedir. Onların adlarını oxumağa isə tələsməyin. Növbəti yazıların birində hər kəsi öz adı ilə çağıracağıq. Siyahı bizdədir.
Qarşı tərəflərin mövqeyini də olduğu kimi dərc etməyə hazırıq.
Yazıya bir neçə fotoşəkil əlavə edirik. Kimə məxsus olduğunu bilirsinizsə bizə yazın.
“Şimal xəbərləri”