Füzulidə yas mərasimləri: Sadə, israfçılıqdan kənar, islami qaydalara uyğun - FOTO
- 16-08-2018, 10:00
- 1 728
xalqxeber.az xəbər verir ki, rayonun axundu Nəriman Nəsirov deyir ki, 2014-cü ildən hal-hazıra kimi rayonun ərazisində 1000-ə yaxın yas mərasimi olub ki, həmin mərasimlərdə ehsan süfrələri sadə, israfçılıqdan uzaq islami qaydalara uyğun keçirilib. Nəticədə orta hesabla rayonda 6 milyon manatdan artıq vəsaitə qənaət olunub ki, həmin vəsaiti vətəndaşlar digər sosial problemlərinə sərf ediblər.
Rayon sakinləri bildirirlər ki, ehsan süfrələrinin sadə, təmtəraqdan uzaq keçirilməsi ilə onlara əvvəlki kimi maddi zərər vurmur, banklara, kredit təşkilatlarına borclu qalmalarına səbəb olmur. Rayonda ehsan məclislərindən toplanan vəsaitlə vətəndaşlar həm yas mərasimlərini yola verir, həm də mərhumun dəfn oluması, qəbrüstü abidəsinin düzəldilməsi və qəbrin götürülməsi kimi işlərini də yerinə yetirirlər.
Füzuli rayonunda ehsan süfrələrinin sadə, islami qaydalara uyğun, israfçılıqdan kənar keçirilməsi isə ərazidə aparılan dini maarifləndirmə işləri və bu məsələ ilə bağlı dini hökmlərin tələblərinin əhaliyə düzgün izah olunması ilə mümkün olmuşdur. Bu məsələdə xüsusilə rayonun din xadimləri, ağsaqqallar və ziyalılar insanları dini yöndən maarifləndirir, əhali arasında dini təbliğat işləri aparırlar. İnsanlarda artıq yas mərasimlərinin məhz bu cür israfçılıqdan kənar, sadə islami qaydalara uyğun keçirilməsinin ictimai və sosial sifariş olması qənaəti formalaşıb. Yas mərasimlərinin keçirilməsi ilə bağlı heç kimə təzyiq də edilmir, bu məsələdə yalnız İslamın tələbləri insanlara izah olunur.