Xaçmazda sakinləri dağa-daşa salan kimdir?
- 8-08-2018, 09:49
- 1 700
Kənd sakinləri SİB rəhbərliyini və nəzarətçini artıq su pulu almaqda, vergi məsələsində, yerli orqanları isə onların fəaliyyətinə göz yummaqda ittiham edirlər. Onlar iddia edirlər ki, nəzarətçiyə artıq pul verilməsə su vermir.
Kənd sakinlərinin müraciəti ilə bağlı Xaçmaz rayon suvarma sistemləri idarəsinin baş mühəndisi Xaləddin Məlikovla əlaqə saxladıq. Həmsöhbətimiz bildirdi ki, rayonda 15 SİB fəaliyyət göstərir, onlar seçkili orqanlardır. İdarə yalnız ümumi nəzarət həyata keçirir. “Biz müxtəlif mənbələrdən suyu götürüb min kubmetrini 50 qəpiyə SİB-lərə satırıq. Birliklər suyu satmaqda sərbəstdirlər, fərqli qiymətlər ola bilər. Əhalidən qəbzsiz pul yığmaq olmaz.” X. Məlikov onu da əlavə etdi ki, Mollabürhan kəndinə komissiya göndəriləcək.
Maraqlıdır, 50 qəpiklik suvarma suyu hansı əsaslarla əhaliyə 11,5 AZN-yə satılır? Mollabürhan sakinləri bir neçə ildir ki, yerli SİB-dən narazılıq edirlər. Lakin şikayətlərinə məhəl qoyulmur. Bəs sakinlərin nəzarətçinin iddia etdiyi 18 000 manat borcu haradan yaranıb? Müqavilə bağlanmadığı halda kim sübut edə bilər ki, vətəndaşlar birliyə bu qədər borcludurlar? Axı müqavilə niyə bağlanmır? Nə üçün kəndlilər nağd şəkildə pul ödəyirlər? Yığılan vəsaitlərdən nə qədər vergi və sığorta ödənişi həyata keçirilir? Ümumiyyətlə, gözdən uzaq qalmış SİB-lərin fəaliyyətindəki hərc-mərcliyə nə vaxt son qoyulacaq? Açıq suallardır. Bizcə, aidiyyatı dövlət qurumları hərəkətə keçməli, kəndliləri dövlətdən incik salan bəzi SİB-lərin maliyyə fəaliyyətini araşdırmalıdırlar.
“Şimal xəbərləri”