SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Qəhrəman ana prezidentə müraciət etdi - VİDEO

Qəhrəman ana prezidentə müraciət etdi - VİDEO

Tarix:

2-03-2018, 09:41

/ 1 340 dəfə oxundu.
Qəhrəman ana prezidentə müraciət etdi - VİDEO

xalqxeber.az-a Ağcabədi rayon Kəhrizli kənd sakini, ”Qəhrəman-Ana” Allahverdiyeva Manya Məmməd qızı tərəfindən ərizə daxil olub.Qəhraman ananın Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə ünvanladığı müraciətini olduğu kimi dərc edirik.
"Cənab Prezident Mən 12 uşaq dünyaya gətirib,onları tərbiyə edib boya-başa çatdırmışam. 1984-cü ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə mən ”Qəhrəman-Ana” fəxri adına layiq görülmüşəm. Həmin dövrlərdə yəni 1967-1988-ci illər arasında pambıqçılıq sahəsində böyük nailiyyətlərin qazanılmasında zərbəçi kolxozçu kimi müstəsna xidmətlərim olmuşdur. Çoxlu sayda fəxri fərmanlara və mükafatla layiq görülmüşəm. Ulu Öndərimiz və mərhum prezidentimiz Heydər Əliyev Həzrətlərinin hələ 70-ci illərdən sonra respublikaya rəhbərlik etdiyi vaxtda onun göstərdiyi qayğılar sayəsində mən qeyd etdiyim nailiyyətlərə və çoxlu sayda vətən övladları böyütməyə nail olmuşam.
Kiçik qızım Allahverdiyeva Səbinə Hüseynxan qızı 2010-ci ildə həmkəndlimiz Quliyev Anatoli Malik oğlu ilə ailə həyatı qurmuşdur. 6 il birgə yaşayandan sonra onlar rəsmi qaydada boşanmışdılar. 2016-cı ilin dekabr ayında boşanmadan sonra qızım Allahverdiyeva Səbinə işə gedərkən onun keçmiş həyat yoldaşı Quliyev Anatoli Malik oğlu kəndin mərkəzində, ictimaiyyətin gözü qarşısında öz minik maşınını qızımın üstünə sürmüşdür. Qızım Səbinə özünü yolun kənarına atmış,sonra bir neçə nəfərin köməkliyi ilə onu iş yerinə aparmış və ona yardım göstərmişlər.
Üstündən bir neçə gün keçdikdən sonra bu hadisəni olduğu təfsilatı ilə həmkəndlilərimizdən bir neçə nəfəri oğlum Allahverdiyev Mais Hüseynxan oğluna xəbər vermişlər. Oğlum bu eşitdiyi xəbərin təsiri altında qızımın keçmiş həyat yoldaşı olmuş Anatolini axtarıb tapmış, onu əvvəlcə sorğu suala tutmuş, sonra da onun üzr istəmədiyini və təkəbbürünü görüb ona bıçaqla bədən xəsarəti yetirmişdir.Elimizin gözəl adət və ənənələri var. Ancaq çox təəssüf edirəm ki, həmkəndlimiz Anatoli bizim adət ənənələrimizlə başqa millətlərin adətlərini qarışdırmağa addım atmışdır və bunun da acı nəticəsi və ağırlığı bizim ailənin üzərinə düşmüşdür. Mən anayam, özü də 12 uşaq dünyaya gətirib,tərbiyə edən anayam. İstəməzdim ki, hətta hər hansı bir içki düşgününün də oğlumun əli ilə burnu qanasın. Ancaq nə edək. Adət-ənənələrə uyğun olmayan və birbaşa ictimaiyyətin gözü qarşısında qadın ləyaqətinə, qadın şərəfinə yönələn hər hansı ictimai əxlaqsızlıq və qanuna zidd hərəkətlərin hətta mənim heç vaxt istəmədiyim halda və qəbul etmədiyim tərzdə cavablandırılması reallıq olur!
Oğlum Mais Allahverdiyev 7-il 6 ay həbs cəzasına məhkum edilmişdir. Həmkəndlimiz Anatoli Quliyev isə həmin vaxt bir neçə gün müalicə aldıqdan sonra sağalıb öz lazımsız və lüzumsuz həyatını sürməkdə davam etməkdədir. Oğlum Mais 2015-ci ildə ailə həyatı qurmuşdu. O həbs olunduqdan sonra 2017-ci ildə onun ilk övladı dünyaya gəlmişdir. Çox əfsuslar olsun ki, bu günə qədər ata öz uşağını görməmişdir.
Cənab Prezident !
Mən anayam, özü də çoxuşaqlı anayam,71 yaşım var. Mənə, 12 uşaq böyüdüb cəmiyyətə qovuşduran bir anaya hörmətiniz, həm də uca Tanrıya, onun yaratdıqlarına hörmətinizdir! Sizi öz vicdanınızın hökmünə buraxıram və Peyğəmbərimizin bir cümləsi ilə bizə verdiyi dəyəri bir daha Sizə xatırladıram-“Cənnət anaların ayaqları altındadır” Qoy uca Tanrı Sizə və övladlarınıza yar olsun və qorusun! İnanıram ki, Siz heç vaxt öz vicdanı borcunuzu yerinə yetirməkdən çəkinməmişsiniz və çəkinməyəcəksiniz də!
Oğlum Allahverdiyev Mais Hüseynxan oğlunun məhkum olunduğu cəzanın başqa bir cəza növü ilə əvəzlənməsi və yaxud da cəzanın yerdə qalan hissəsindən tam azad olunması üçün verəcəyiniz əfv və yaxud da amnistiya qərarı azərbaycanda həm də çoxuşaqlı anaya və qadına azərbaycan millətinin göstərdiyi hörmətin göstəricisi olardı!
Böyük hörmətlə: “Qəhrəman-Ana” Allahverdiyeva Manya Məmməd qızı

Şərhlər

XƏBƏR LENTİ