Quba polisi Xocalı Soyqırımı qurbanlarını yad edib
- 26-02-2018, 12:40
- 3 008
xalqxeber.az-a Daxili İşlər Nazirliyindən verilən məlumatda deyilir ki, tədbirin əvvəlində Xocalı soyqırımı qurbanlarının, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
RPŞ-nin rəisi, polis polkovniki Süleyman Neymətov keçən əsrin sonlarında ən dəhşətli üsullarla törədilmiş faciələrdən biri kimi tarixə düşən Xocalı faciəsinin tarixdə ən qanlı hadisələrdən olduğunu, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini, əsir götürülən insanların isə işgəncələrə məruz qaldıqlarını bildirib. S.Neymətov qeyd edib ki, bir gecənin içində qədim Xocalı şəhəri yerlə-yeksan edilərək, qarlı fevral gecəsində yüzlərlə soydaşımız soyuqdan donaraq və düşmən gülləsinə tuş gələrək şəhid olub, əsir düşüb, girov götürülüb.
S.Neymətov bildirib ki, Ermənistanın işğalçılıq siyasəti, Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Xocalı faciəsinə siyasi-hüququ qiymət verilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Daha sonra çıxış edənlər Xocalıda törədilən soyqırımı qurbanlarının məruz qaldıqları dəhşətlər, törədilmiş görünməmiş vəhşiliklər barəsində məlumat veriblər. Mərasimdə çıxış edən Xocalıdan olan məcburi köçkün ailələrinin təmsilçiləri erməni vandallarının törətdiyi qətliamın tarixdə ən dəhşətli faciə olduğunu, cinayətkarların gec-tez ədalət məhkəməsi qarşısında cavab verəcəklərinə əminliklərini ifadə ediblər.
Mərasimin sonunda Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin əziz xatirəsinə ehsan süfrəsi verilib.