“Sayğac qoyulanda sevinmişdik ki, qaz çəkilir...” - GİLEY
- 13-02-2018, 11:01
- 1 882
Bu sözləri Göygöl rayonu Yeni Qızılca qəsəbə sakinləri “Qafqazinfo”ya şikayətində deyib. Bildiriblər ki, 10 ildən çox bu qəsəbədə məskunlaşmaqlarına baxmayaraq, mənzillər hələ də qazla təmin olunmayıb:
“Sanki ucqar kənddə yaşayırıq. Odun peçi yandırdığımız üçün məcbur hər il evi yenidən təmir edirik. Sayğac qoyulanda sevinmişdik ki, qaz çəkilir. 3 il ötüb hələ də ortada bir iş yoxdur”.
“Qafqazinfo” məsələylə bağlı “Azəriqaz” İstehsalat Birliyi mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevlə əlaqə saxlayıb. O bildirib ki, qəsəbənin bu il qazla təmin olunması planlaşdırılıb:
“Hazırda Yeni Qızılca qəsəbəsində qazlaşdırma işləri davam etdirilir. Demək olar ki, işin 80%-i görülüb. Qəsəbədə yaşayan 1300 ailə iyun ayından etibarən qazla təmin olunacaq”.