Neftçala təhsil sistemində özbaşınalıq
- 12-10-2017, 15:47
- 60 592
Valideynin sözlərinə görə, məktəb rəhbərliyinin şagirdlə hansı qəsdi-qərəzliyi varsa, nə şagird bilir, nə də ailə üzvləri... Ata danışır: «Direktor məsləhət gördü ki, uşaq zəif oxuyur deyə, məktəbdən çıxarıb peşə məktəblərindən birinə yönləndirim. Mən də buna görə direktorun adına ərizə yazdım. Bir neçə gündən sonra təkrar zəng vurdu, dedi, «məsləhətdir ki, uşaq elə öz məktəbimizdə qalıb təhsilini davam etdirsin, ərizəni də cırmışam. Sentyabrda uşağı məktəbə göndər». Sentyabrın 8-də uşağı məktəbə göndərdik ki, yeni təhsil ili üçün dərsliklərini götürsün. Qayıtdı gəldi, dedi, «direktor məni qapıdan qovdu, dedi, səni məktəbdən çıxartmışam». Niyə, nə səbəbə? Bu uşağın günahı nə imiş ki, direktor onunla belə davranıb? Direktorla əlaqə saxlamışam, deyir, «gəldiz, ərizə yazdız, mən də çıxartdım». Deyirəm, «axı sonra da özün zəng vurub ərizəni cırdığını bildirdin»... Telefonu qapadır, bizimlə danışmaq da istəmir».
C.Qafarov deyir, hazırda işləri ilə əlaqədar Rusiyaya qayıdıb. Hər gün məktəb direktoruna zəng vursa da, direktor telefonu söndürür. Məktəblinin anası isə məktəbin qapısından içəri buraxılmır: «Qanun da deyir ki, orta təhsil məcburidir. Əgər uşağın təhsili zəif idisə, biz onu peşə məktəblərindən birinə yönləndirəcəkdik. Direktorun nə marağı vardı ki, ərizəmizi cırıb özümüzü də aldatsın? Bununla cibinə pul girirdi, yoxsa başı uca olurdu? Hazırda məktəbə getməli, peşə öyrənməli olan yeniyetmə ortada qalıb. Peşə məktəblərinə sənəd qəbulu çoxdan başa çatıb, məktəblərdə təhsil ili bir aydır başlayıb, mən bu uşağı hara yönləndirim? İstədiyim odur ki, bu məsələyə Təhsil Nazirliyi müdaxilə etsin, uşağın məktəbdəki təhsilini davam etdirməsinə imkan yaratsın».