Füzulidə kənd təsərrüfatı kooperativləri yaradılır
- 9-09-2017, 11:01
- 88 669
Kooperativ iştirakçıları bildirirlər ki, məqsədləri 105 kənd sakininin könüllü birləşməsi əsasında iri kənd təsərrüfatı müəssisəsi yaratmaq, kollektiv istehsal potensialından səmərəli istifadə etməklə rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək və məhsuldarlığı artırmaqdır.
Əhmədalılar kənd sakinləri olan kooperasiya iştirakçılarının böyük bir hissəsi əvvəllər onlara verilən torpaqları əkib-becərə bilmədiklərini, torpaqdan lazımi qazanc götürmədiklərini vurğulayırlar. Bildirirlər ki, vəziyyətdən çıxış yolu kooperativ yaratmaqdadır. “Yəni burda əsas məqsədimiz torpağı, texnikanı, gücləri bir yerə toplayıb kollektiv təsərrüfat yaradmaqla, yaxşı qazanc götürməkdir. Bu yolla az zəhmət və xərc çəkməklə daha çox və keyfiyyətli məhsul əldə etmək mümkündür. Kənd təsərrüfatı kooperasiyalarının yaradılması ilə heç kəs heç kəsə torpağını vermir. Hər bir adamın öz torpağı öz mülkiyyətində olur. Sadəcə torpaqdan birgə istifadə olunur”-deyə kooperasiya iştirakçıları vurğulayıblar.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Əhmədalılar kəndində olmuş, kooperativ iştirakçıları ilə görüşmüşdür. Alı Alıyev ölkə başçısının kənd təsərrüfatı kooperasiyaları yaradılması ilə Fərmanından irəli gələn məsələlərdən danışmışdır. Bildirmişdir ki, kənd sakinlərinin torpaqlarını birləşdirib könüllü kooperativlər yaratmaları cəbhə bölgəsində yaşayan məcburi köçkün əhalinin sosial rifah halının yüksəlməsinə, məşğulluq səviyyəsinin artmasına gətirib çıxaracaqdır.
Alı Alıyev eyd edib ki, yaxın günlərdə Əhmədalılar kəndində daha bir kənd təsərrüfatı kooperativinin yaradılması nəzərdə tutulur. Belə ki, daha 473 kənd sakini 230 hektar torpaq sahələrini birləşdirərək kooperativ yaratmağı planlaşdırır.
Rayon İcra Hakimiyyətinin başçısı qeyd edib ki, rayonda kənd təsərrüfatı kooperasiyaları yaratmaqla füzulililər Prezident cənab İlham Əliyevin Kənd təsərrüfatı kooperasiyası haqqında” Fərmanına və “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamına öz töhfələrini verəcəklər.