Zaqatala sakinlərinin yol dərdi... -ŞİKAYƏT
- 1-09-2017, 09:25
- 141 599
Kənd sakini Əfqan Sarıyev deyir: "Hər gün çayı keçirik, gedirik, ərzağımızı, dərmanımızı alırıq, qayıdırıq. Çayın suyu artanda insanlar həyatla halallaşıb suya girirlər, o taya keçirlər. Bir də baxırsan ki, maşını adamqarışıq çay apardı... O qədər ölüm-itim olur bu çayda..."
Kəndlilər çayın kənarına bənd tikilməsini, o tayına keçmək üçünsə körpü salınmasını istəyirlər. Kənd sakinlərini kənddəki başqa sosial problemlər də sıxır.
Çayın bəndi olmadığından tez-tez kəndi basan su onların əkin və mal-qara sahələrini yararsız vəziyyətə salıb. Kənddə işıq, odun, su problemi, tibb məntəqəsinin, uşaq bağçasının olmaması burada yaşayanları üzür. Aygül İbrahimova: "Uşaqları qonşu kəndlərdəki bağçaya aparmaq üçün hər səhər çaydan keçmək lazımdır. Ona görə də uşaqlarımız bağçaya getmir. Səhər biri çıxır evdən işə getməyə, az sonra xəbər gəlir ki, adamı çay apardı. Zülmdəyik, gəl ki, bizi bu zülmdən xilas edən yoxdur".
Sakinlər vaxtilə zəlzələnin zərər vurduğu evlərə komissiya baxışı keçirildiyini, amma indiyədək kənddə bircə evdə də iş aparılmadığını deyirlər. Səbəb kimi isə yolun uzaqlığı, gediş-gəlişin çətinliyi göstərilir.