Ağstafa sakinləri öldürmək üçün icazə istəyir - ŞİKAYƏT
- 21-07-2017, 09:53
- 115 358
Beləcə, Camal Vəliyevin heyvandarlıq təsərrüfatı məhv olub. Kəndlilər deyir,yırtıcıların kəndə hücumu ilk hadisə deyil. Daha əvvəl İsa adlı kəndilnin də bir neçə qoyununu canavar parçalayıb: "Məndən sonra qonşunun bir atı parçalandı. Kəndin o biri başında gündüz çağı bir qapıda eşşək parçalandı... Çox təhlükəli şəraitdə yaşayırıq. Bir azca qaş qaraldı, gərək girib oturasan evdə. Bilmirsən öz canını qoruyasan, yoxsa mal-heyvanı... Yolla gedəndə qəfil üstünə canavar, tülkü tullanır. Dəfələrlə müraciət etmişik ki, yırtıcı heyvanların kəndə axınının qarşısını almaq üçün tədbir görülsün. Ancaq tədbir görülmür, əvəzində yırtıcı sürüləri günbəgün genişlənir".
Ağstafa Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, bir neçə il əvvəl Dövlət Baytarlıq Xidməti ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında razılaşma olub. Vəziyyəti nəzərə alaraq, vəhşi canavar, tülkü və çaqqalların, eləcə də digər heyvanların vurulmasına icazə barədə məktub daxil olub. Rayon Baytarlıq İdarəsi də öz növbəsində yerli bələdiyyələrə məktub yollayıb ki, bələdiyyələr kəndlərdəki vəhşi heyvanları məhv etsin: "Belə hallar, əsasən, meşəətrafı kəndlərdə baş verir. Həm bələdiyyələr, həm aidiyyəti hökümət qurumları belə hallarla mübarizə aparır. Əlbəttə, bu məsələdə əhali də yardımçı olmalıdır. Hər halda bir kənddə yaşayan sakin o kəndə daha yaxşı bələddir, bu baxımdan o da bacardığı qədər yardım göstərməlidir".
Ancaq ovçular deyir, belə hadisələrin çoxalmasına səbəb canavarların vurulmasına qoyulan qadağadır. Son vaxtlar çoxalan yırtıcılar yem tapa bilmədiklərindən, kəndlərə soxulur. 46 ildir ovçuluqla məşğul olan Qədir Əhmədov bu qadağanı düzgün saymır: "Sovet vaxtı bu işi həm də fərdi ovçulara buraxmışdılar. Hər yırtıcı heyvanı məhv etməyə görə ovçuya mükafat verilirdi. İndi qadaga qoyublar - öldürmək olmaz. Ona görə də insanların təsərrüfatları məhv olub gedir. Bir gecədə, bir anda bir ailənin heyvandarlıq təsərrüfatının tam məhv olmasına razıdırlar, ovçunun yırtıcı heyvanı öldürməsinə yox...".