Putin Əliyevlə Sərkisyan arasında görüş təşkil edir

Putin Əliyevlə Sərkisyan arasında görüş təşkil edir Rusiya Azərbaycan və Ermənistan prezidentləri arasında 2017-ci ilin sonlarına qədər baş tutacaq görüşün əsas təşkilatçısı olacaq. Virtualaz.org xəbər verir ki, bu barədə Rusiya XİN-dəki mənbə “İzvestiya” qəzetinə bildirib.

“Moskva bu məsələdə əsas vasitəçi olub, çünki Minsk Qrupunun digər həmsədrlərinin Bakı və İrəvanın nümayəndələrini danışıqlar masası arxasına əyləşdirmək cəhdləri uğursuzluqla nəticələnib”-mənbə bildirib.

Rusiya XİN-dəki mənbə qeyd edib ki, konkret olaraq Fransa Bakı və İrəvanı danışıqlar masası arxasına oturtmaq istəyib, lakin bu səylər heç bir fayda verməyib. “Bununla belə dialoqun dəstəklənməsi prinsipial əhəmiyyət kəsb edir. Məhz bunun sayəsində regionda tammiqyaslı müharibə alovlanmadı. Lakin tərəflərin məqsədləri və baxışları fərqlidir”-mənbə deyib.

Xəbər verildiyi kimi bundan əvvəl Ermənistan prezidenti Serj Sərkisyan Azərbaycan prezidenti İlham Əliyevlə payızda görüşə biləcəyini mümkün hesab etdiyini bildirib. Sərkisyanın sözlərinə görə, Minsk Qrupunun həmsədrləri Ermənistan tərəfinə yüksək səviyyədə görüşün təşkili barədə müraciət edib. “Biz bu görüşdən çox şey gözləməsək də ona qarşı deyilik”-Sərkisyan bildirib.

Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü sonuncu dəfə 2016-cı ilin iyun ayında Sankt-Peterburqda olmuşdu. Həmin görüşdə Putinin tərəflərə Dağlıq Qarabağ ətrafındakı 2 rayonun azad edilməsini və bunun əvəzində kommunikasiyaların açılmasını da nəzərdə tutan plan təklif etdiyi haqda məlumatlar yayılmışdı.
Geri qayıt