Nazirlər hər ay Artur Rasi-zadəyə hesabat verəcək

Nazirlər hər ay Artur Rasi-zadəyə hesabat verəcək Baş nazir Artur Rasi-zadə Nazirlər Kabinetinin üzvləri qarşısında tələblər qoyub. Tələb ondan ibarətdir ki, nazirlər hər ay hesabat verməlidir və büdcə pullarının xərclənməsinə nəzarət olmalıdır. A.Rasi-zadə bu öhdəliyin prezident tərəfindən qoyulduğunu onların nəzərinə çatdırıb.

Bu barədə hakimiyyətdəki etibarlı qaynaqlardan daxil olan məlumatda iddia edilir. Məlumata görə, 2017-ci ildə korrupsiya və maxinasiyalar minimum endiriləcək.

Hökumət büdcə pullarının korrupsiyaya uğramasını istəmir. Baş nazirdən istənilən tələb də məhz hər ay nazirlərdən rəsmi və qeyri-rəsmi hesabat almasıdır.

A.Rasi-zadə 2018-ci il dövlət büdcəsi layihəsinin hazırlanmasına dair tapşırıq verib.

Baş nazir Artur Rasi-zadə “Büdcə sistemi haqqında” qanunun tətbiq edilməsi barədə” prezidentin 2002-ci il 31 oktyabr tarixli fərmanının 2-ci hissəsinin beşinci abzasına əsasən, Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin Azərbaycan prezidentinə vaxtında təqdim edilməsi məqsədilə sərəncam imzalayıb.

Bundan başqa, həmin qurumlar, nazirliklər, komitələr dövlət büdcəsi vəsaitinin səmərəli istifadəsini təmin etmək məqsədilə funksional təsnifatın müvafiq bölmələri çərçivəsində inzibati təsnifata uyğun olaraq, boş (vakant) ştatlar (vakant ştatların vəzifə adı, sayı və vəzifə maaşı göstərilməklə) barədə məlumatları hər rübdən sonrakı ayın 15-dək Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

Daxil olan məlumatda iddia edilir ki, Rusiyanın baş naziri Dmitri Medvedev hər ay nazirlərdən hesabat tələb edir. Üstəlik, bu hesabat efirdə yayımlanır və nöqsanlar birbaşa nazirlərin üzünə söylənir.

Azərbaycan belə açıq variant keçməsə də, baş nazirin onlardan hər ay hesabat istəməsi tələb olunub. Rasi-zadə qarşısında öhdəlik kimi qoyulan bu məsələ iqtisadi böhranla əlaqədardır.

İndiyə qədər nazirlərin fəaliyyətində maxinasiyalar, korrupsiya faktları qeydə alınıb. Ancaq neftdən gələn milyardlara görə büdcənin talanmasına göz yumulurdu.

2014-cü ildən iqtisadi vəziyyət dəyişib və nazirlər hər ay büdcə vəsaitlərinin xərclənməsi haqda hesabat verməlidir. Baş nazirə isə prezident tərəfindən nəzarət olunduğu xəbər verilir.

Artıq o zaman deyil ki, nazirlərin korrupsiya və mənimsəmə faktlarının üstündən sükutla keçilsin. Böhran hökuməti qənaət rejiminə keçməyə vadar edib.
Geri qayıt