Kölgələrin knyazı – Eldar Həsənovun hakimiyyət iddiaları

Kölgələrin knyazı – Eldar Həsənovun hakimiyyət iddiaları Rusiyanın V kolonu Azərbaycan hakimiyətində – Siyahıda kimlər var?

Rusiyanın Azərbaycanda çox böyük güc sahibi olduğu heç kimə sirr deyil. Lakin Rusiyanın ən böyük gücü cəmiyyətimiz içində olan və Rusiyaya böyük rəğbət nümayiş etdirən 5-ci kolondadır. Müstəqilliymizin 25 ildən artıqdır ki, bərqərar olmasına baxmayaraq Kremlin 5-ci kolonu hələ də Azərbaycanda bütün sahələrdə mövcudluğunu qoruyub saxlayır və bu mövcudiyyət hər şeydən əvvəl dövlətimizin gələcəyi üçün böyük təhlükə yaradır. İŞİD-in bir çox ölkələrdə olan yatmış hücrələri hər nə qədər təhlükəlidirsə, Rusiyanın Azərbaycandakı 5-ci kolonu da bir o qədər təhlükəlidir. Daha doğrusu qat-qat təhlükəlidir. Çünki İŞİD-in yatmış hüceyrələri bir neçə terror aksiyası həyata keçirməyi başara bilərlərsə, Rusiyanın 5-ci kolonu Azərbaycanda hakimiyyəti dəyişməyə, dövlətin milli maraqlara zidd siyasət yürütməsinə, xarici hərbi gücün ölkədə rahat fəaliyyət göstərməsinə, separatizmin dəstəklənməsinə və ən əsası ölkəmizin yenidən işğal olunmasına və dövlətçiliyimizin süqütuna yol aça biləcək bir gücdədir. 2013-cü il prezident seçkiləri zamanı da biz şahid olduq ki, Rusiya Azərbaycanın daxili siyasətinə istədiyi zaman müdaxilə edə bilər və bunun üçün Kremlin əlində hər cür resurslar var.

Yuxarıda da qeyd etdiyimiz kimi, Rusiyanın 5-ci kolonu cəmiyyətimizin bütün sahələrini əhatə edir. Ən çox təhlükəliləri isə mətbuatda və siyasətdə fəaliyyət göstərən şəxslərdir. Siyasət dediyimiz zaman təbii ki, yüksək vəzifələr tutan məmurlardan söhbət gedir.

Rusiyanın maraqlarının təminatı Azərbaycanda həyata keçirilmədikdə Kremlin təbii olaraq ilk görəcəyi iş hakimiyyət dəyişikliyi həyata keçirmək olacaq. Bunun misalı üçün heç də uzağa getmək lazım deyil. Monteneqronun NATO-ya üzv olmaq istəyi ortaya çıxan kimi, Kreml bu Balkan ölkəsində hakimiyyət çevrilişi etməyə can atdı. Çevriliş ancaq Qərb dövlətlərinin kəşfiyyat orqanlarının vaxtında Monteneqro rəhbərliyini xəbərdar etməsi ilə baş tutmadı və uğursuz çevriliş cəhdi Kremlin Monteneqrodakı bütün mövqelərini itirməsi ilə nəticələndi.

Öncəliklə onu qeyd edək ki, Rusiyanın gərəkdiyi zaman Azərbaycanda hakimiyyət dəyişikliyi həyata keçirmək üçün bir çox alternativ nümayəndələri mövcuddur. Bu şəxslər arasında ilk olaraq nəzərə çarpacaq insanlar arasında Baş nazirin keçmiş müavini Abbas Abbasov, Putinin tələbəlik dostu olaraq tanınan işadamı İlham Rəhimov, azərbaycanlı iş adamı, FTX ilə yaxınlığı ilə tanınan rusiyalı milyarder Fərhad Əhmədov, əslən Qubanın Qırmızı qəsəbəsindən olan və həm Kremllə, həm də İsraillə güclü siyasi bağlantıları olan yəhudi əsilli iş adamları Zarah İliyev və Qod Nisanov yer alır. Bu siyahını bir qədər də uzatmaq olar və bu şəxslərin hər birindən Kremlin öz məqsədləri üçün istənilən zaman istifadə edə biləcəyi də heç kimdə şübhə doğurmur. Lakin Azərbaycan hakimiyyəti daxilində elə şəxslər də var ki, onlar istənilən zaman Kremlin əlində oyuncaq ola bilərlər. Daha doğrusu yuxarıda adı keçən şəxslərin Azərbaycan hakimiyyətinə qarşı fəaliyyətləri ancaq o zaman uğurlu ola bilər ki, onlara yerlərdə dəstək verən çox saylı gizli hücrələr olsun.

Azərbaycan daxilində belə bir şəbəkəyə, yəni Azərbaycanın bütün bölgələrində və bütün hakimiyyət strukturlarında sədaqətli adamların dəstəyinə malik olan ancaq bir nəfər var.

Kölgələrin knyazı

Rusiyanın Azərbaycandakı 5-ci kolonu ilə bağlı AzToday.az-ı məlumatlandıran mənbə bildirir ki, Kremlin Azərbaycan hakimiyyətinə qarşı əsas alternativlərindən biri və bəlkə də birincisi Azərbaycan Respublikasının keçmiş Baş prokuroru, hazırda ölkəmizin Serbiya Respublikasında, Monteneqro, Bosniya və Hersoqovinada fövqəladə və səlahiyyətli səfiri olan Eldaq Həsənovdur. Eldar Həsənovun Rusiyanın Azərbaycandakı əsas dayaq nöqtələrindən biri olduğunu qeyd edən mənbəmiz bildirir ki, Azərbaycanın Serbiya və Monteneqrodakı səfiri Kremlin bir çox aparıcı siyasətçiləri ilə – baş nazirin keçmiş müavin, 2013-cü ildə Rusiyanın rəsmi Bakıya q arşı əsas təzyiq aləti olan «Milyarderlər İttifaqı»nın üzdə görünən lideri Abbas Abbasovla və Putinin tələbəlik dostu kimi tanınan İlham Rəhimovla – çox yaxın biznes və siyasi əlaqələrə malikdir. Və bu adamın məhz Rusiya üçün çox strateji önəmə sahib olan Balkan ölkələrinin demək olar ki, hamısında birdən səfir olması heç də təsadüfi deyil. Bəzi iddialara əsasən isə Eldar Həsənov Balkan ölkələrində Azərbaycanın maraqlarından daha çox Rusiyanın maraqları üçün çalışmaqdadır.

Təqribən iki həftə əvvəl Azərbaycan mətbuatına [email protected] elektron poçtundan «Rusiyanın Azərbaycan XİN-dəki agentləri» adlı məlumat göndərilmişdi. Həmin məlumatda bir sıra səfirlərin və XİN rəhbərliyinin Rusiya təhlükəsizlik xidmətinə çalışmaları yazılmışdı. Qeyd edək k, bu məlumatın dəqiqləşdirilməsi mümkünsüz olduğu üçün Azərbaycan mətbuatında dərc olunmayıb. Maraqlıdır ki, mətbuata ötürülən həmin məlumatda Eldar Həsənovla da bağlı maraqlı məlumat yer alır.

Daha əvvəl isə Rumınıya mətbuatına Eldar Həsənov çox saylı korrupsiya qalmaqallıarı ilə gündəmə gəlmişdi. Bu ilin aprel ayında isə Azərbaycanın Balkan ölkələrindəki səfiri haqqında Azərbaycan mətbuatında şok korrupsiya faktları açıqlandı. Həmin məlumatla aşağıdakı linkdən tanış ola bilərsiniz:
http://bastainfo.com/az/2017/04/12/xin-muavinl%C9%99ri-eldar-h%C9%99s%C9%99novu-korrupsiya-ittiham-edib-sensasiyali-faktlar-v%C9%99-fotolar/

Eldar Həsənovun Rusiyadakı bir sıra əlaqələri, o cümlədən Abbas Abbasovla və Putinin dostu İlham Rəhimovla siyasi və biznes əlaqələri ilə bağlı daha ətraflı növbəti yazılarımızda bəhs edəcəyik.

Azərbaycan hakimiyyətinin təhlükəli rəqibi və ən güclü alternativi

2018-ci il prezident seçkisi öncəsi Azərbaycanda davam edən iqtisadi böhran siyasi hakimiyyətin nüfuzunu aşağı salmaqdadır. Belə ki, əhalinin maddi problemlərinin artması fonunda müşahidə olunan sosial fəsadlar hakimiyyətə olan inamı azaltmaqdadır. Hökümətin iqtisadi böhrana qarşı atdığı addımlar da problemlərin həlli üçün yetərli deyil. Həmçinin, son zamanlar Cənubi Qafqaz ətrafında geosiyasi maraqların kəskinləşməsi 2018-ci ildə keçiriləcək seçkinin Azərbaycan hakimiyyəti üçün heç də asan keçməyəcəyini deməyə əsas verir. Xüsusilə Rusiyanın təzyiqləri Azərbaycanda addımbaşı hiss edilir. Azərbaycanın ən böyük diaspor təşkilatının qeydiyyatının ləğvindən tutmuş Qarabağ münaqişəsinə qədər hər addımda Kreml rəsmi Bakını təzyiq altında saxlayır. Baş verənlər Azərbaycan hakimiyyətində mövcüd olan qruplaşmalar arasında münasibətlərin gərginləşməsinə səbəb olub. Artıq siyasi proseslərə münasibətlərdə belə hakimiyyət daxilində mərkəzdənqaçma meylləri müşahidə olunmaqdadır.

2015-ci ilin sonunda Azərbaycanda keçirilən konstitutsiya islahatları məhz hakimiyyətin möhkəmlənməsinə və xaricdən gələn təhlükələrdən sığortalanmağa hesablansa da, bu addımlar heç də gözlənilən effekti vermir. Çünki məhz konstitutsiya dəyişiklindən sonra mərkəzdənqaçma meylləri sürətlə artmaqdadır. Bu isə həm Rusiya üçün, həm də Qərb üçün Azərbaycana təzyiq və təsir etmək üçün çox münbit şərait yaradır və görünən odur ki, qarşı gələn hakimiyyət qruplaşmaları artıq xarici dəstəyə ehtiyac duymaqdadırlar və bu ehtiyac hazırda həm hakimiyyətin, həm də Azərbaycan dövlətinin əsas təhlükə mənbəyinə çevrilməkdədir.

Belə bir vəziyyətdə isə illərdir hakimiyyətə gəlməyə fürsət gözləyən qüvvələrin fəallığı diqqətdən yayınmır. Heç kimə də sirr deyil ki, hazırda Azərbaycanda hakimiyyətə gəlmək üçün ilk növbədə Kremlin dəstəyi əldə olunmalıdır. Azərbaycanda hakimiyyət dəyişikliyinin böyük ölçüdə Moskvada həll olunduğunu bilib hərəkətə keçən qüvvələrdən ən təhlükəlisi sabiq baş prokuror Eldar Həsənov hesab olunur. Eldar Həsənov elə bir fiqurdur ki, arxasına Kremlin dəstəyini aldıqdan sonra, çətinlik çəkmədən Qərbin dəstəyini də ala biləcək.

AzToday.az-a daxil olan məlumatların təhlilindən belə bir nəticəyə gəlmək olur ki, Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun hakimiyyət daxilində ciddi rəqibləri olsa da keçmiş baş prokuror şərtləri öz lehinə dəyişdirmək üçün bütün imkanları işə salıb və Azərbaycanda hər hansı bir gözlənilməz siyasi stuasiya yarandıqda, daha doğrusu Kremlin siyasi və geosiyasi hesablarında Azərbaycanda yeni stuasiyaya ehtiyac duyulduğu zaman avtomatik olaraq Eldar Həsənov kartı masaya yatırılacaq və bu kart çox qısa zaman kəsiyində bütün masaya hakim olacaq.

Eldar Həsənov kimdir?

Eldar Həsənov 1955-ci il 10 oktyabrda Kəlbəcər rayonun Laçın kəndində anadan olub. İlk ali təhsilini Dövlət Politexnik İnstitutunda alıb. 1977-ci ildə avtomatika və hesablama texnikası fakültəsinini bitirib. 1983-cü ildə SSRİ DİN Akademiyasını hüquqşünas ixtisası üzrə başa vurub. Uzun müddət Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarında müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini və rəisi, Bakı şəhəri Nizami rayonunun və Gəncə şəhərinin daxili işlər şöbəsinin rəisi vəzifələrində çalışıb. Daxili İşlər Nazirinin birinci müavini, Baş Prokurorun birinci müavini və Respublika Baş Prokuroru vəzifələrini tutub.

Eldar Həsənov 26 aprel 2000-ci ildə baş prokurorluq daxilində qeyri-sağlam mühit yaradılması, cinayət əməlinin üstünün ört-basdır edilməsi və digər ittihamlar əsasında prezident Heydər Əliyev tərəfindən vəzifəsindən azad edilib.

2001-ci ilin mart ayında Azərbaycan Respublikasının Rumıniyadakı səfiri təyin edilib, onun üçün yeni olan diplomatik sahədə fəaliyyətə başlaylb. Hazırda da diplomatik karyerasını davam etdirir.

Eldar Həsənovun Rusiyada, Şərqi Avropa ölkələində və Azərbaycanda ciddi biznes strukturları da fəaliyyət göstərir ki, bu şəxsi birmənalı olaraq kölgə milyarder də adlandırmaq mümkündür və əslində Eldar Həsənov Azərbaycanın ən varlı şəxslərindən biridir. Eyni zamanda Eldar Həsənovun hələ 90-cı illərdən Azərbaycan mətbuatı ilə çox sıx əlaqələri mövcuddur və hazırda Eldar Həsənov İlham Rəhimovla birlikdə Azərbaycanın bir sıra aparıcı mətbu orqanlarını maliyyələşdirir. Bu mətbu orqanlar isə fakitiki olaraq bir neçə ildir ki, birbaşa Eldar Həsənovun siyasi konyukturaları əsasında öz fəaliyyətlərini qurmaqdadırlar.

Şansını gözləyən siyasətçi

Eldar Həsənovu yaxından tanıyanlar onun haqqında ziddiyyətli fikirlər səsləndirsələr də, birmənalı olaraq sabiq baş baş prokuroru siyasətçi üçün bütün vacib keyfiyyətləri özündə birləşdirən şəxs kimi xarakterizə edirlər. Heydər Əliyev kimi bir siyasət duhasının qabağında öz siyasi oyunlarını oynaya bilən tək şəxs kimi onun tabeliyində işləyib, ona cavab qaytaran da məhz Eldar Həsənov olub. Heydər Əliyevin yanında Rövşən Cavadov olayından tutmuş, Binə Hava limanında əcnəbi vətəndaşla bağlı çıxan qalmaqalla bağlı keçirilən müzakirələrdə Eldar Həsənov inamlı çıxışı ilə diqqətləri özünə çəkməyi bacarmaqla yanaşı baş prokuror işlədiyi zamanlarda müxalifətlə açıq-aşkar əlaqələr saxlayırıb və bu əlaqələr indi də davam edir. Eldar Həsənov hakimiyyətdə ciddi rəqiblərinin olmasına baxmayaraq cəsarətli qərarlar verməyi bacardığını dəfələrlə sübut edib. Təkcə akademik Ziya Bünyadovun qətli zamanı Milli Məclisin sabiq sədri olan Mürtuz Ələsgərovun yaxın qohumu, Daxili İşlər Nazirliyində çalışan məşhur Nizami Qocayevi həbs etdirməsi Eldar Həsənovun çox böyük cəsarət sahibi olmasını demək üçün kifayətdir.

Eldar Həsənovun baş prokuror işlədiyi zaman ölkənin bütün strateji postlarında kadrlarını yerləşdirməsi, hətta ölkədə baş verənlərdən mərhum prezident Heydər Əliyevdən tez xəbər tutması ilə bağlı əsaslı məlumatlar var. Həmin zamanlar sabiq milli təhlükəsizlik naziri Namiq Abbasovu belə öz təsiri altında saxladığı və MTN-in imkanlarından istifadə etdiyi də iddia olunur. Ən əsası da Heydər Əliyev kimi nəhəng bir siyasətçi ilə üz-üzə qalmaqdan belə çəkinməyən Eldar Həsənov yaxın qohumu, sabiq daxili işlər naziri İsgəndər Həmidovun həbs sanksiyasını şəxsən verməsi ilə hansı siyasi keyfiyyətlərə sahib olmasını əyani nümayiş etdirə bilib.

Eldar Həsənovun daima ictimai diqqətdə qalması üçün müxtəlif manevrlər etmək potensialı var. 2012-ci ildə keçirilən “Avroviziya” mahnı yarışması zamanı səfir işlədiyi ölkələrdən Eldar-Nigar cütlüyünə ən çox səs göndərməyi bacarmaqla yanaşı Bakıda keçirilən ilk Avropa Oyunlarına Serbiyanın prezidentini gətirməklə Eldar Həsənov təcrübəli diplomat kimi də özündən söz etdirdi.

Kütlə psixologiyasını və siyasi mübarizəni mükəmməl bilən Eldar Həsənov hazırda Əliyevlər hakimiyyəti üçün çox ciddi bir rəqibdir. Müşahidələr onu göstərir ki, indiyə kimi Azərbaycanın mövcud hakimiyyətinin bu səviyyədə təhlükəli rəqibi olmayıb. Belə ki, ictimai reputasiyasını heç bir zaman zədələməyən Eldar Həsənov qısa müddətdə həm hakimiyyət, həm də müxalifət düşərgəsindən özünə güclü siyasi komanda qurmaq potensialına malikdir. Üstəlik dünyanın böyük geosiyasi oyunçularının da diqqəti cəlb etmək imkanı var. Özünün dediyi kimi Azərbaycanda baş verən bütün prosesləri nəzarətdə saxlayan Eldar Həsənov Əliyevlər hakimiyyətini tam zəif vəziyyətində açıq mübarizəyə başlamaq niyyətindədir. Bunun üçün onun “kamufulyaj” edilmiş böyük media layihələri və siyasi komandası hazırdır.

Aztoday.az-a daxil olan məlumatlar göstərir ki, sabiq baş prokuror çoxdan hakimiyyətdə yüksək vəzifə tutan bir çox şəxsləri ələ ala bilib. Bu şəxslər böyük maliyyə imkanlarına və hakimiyyətdə böyük nüfuza sahibdirlər.

Hakimiyyətə gəlmək üçün Kremllə münasibətləri yüksək səviyyəyə çatdırmaq üçün Eldar Həsənov Rusiyada yaşayan azərbaycanlı iş adamlarından da məharətlə iştifadə edir. Bu iş adamları arasında milyarderlər Fərhad Əhmədov, İlham Rəhimov, Zarah İliyev, Qod Nisanov, Vahid Ələkbərov və s. yer alır.

Eldar Həsənovun siyasi planında əsas sima Azərbaycanda hamının Putinin dostu kimi tanıdığı İlham Rəhimovdur. Aztoday.az-a daxil olan məlumata görə, Həsənov Kremlin dəstəyini sığortalamaq və Kremlin gözündə alternativsiz qala bilmək üçün İlham Rəhimovun imkanlarından maksimum istifadə etməkdədir. Həmçinin, İlham Rəhimovun ətrafında ayrı-ayrı bölgələrin tanınmış şəxslərinin toparlanması da Eldar Həsovun siyasi planında əsas məqamdır.

«Qızıl üçlük» çox başlı əjdahaya çevrilir

Xatırladaq ki, Eldar Həsənov ötən əsrin 90-cı illərində Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsində çalışarkən Azərbaycan mətbuatı onu şərti olaraq «qızıl üçlük» adlandırılan qrupa aid edirdilər. Bu üçlüyə MTN-nin o zamankı rəhbəri Namiq Abbasov, Baş nazirin müavini Abbas Abbasov və Baş prokuror Eldar Həsənov aid idi. «Qızıl üçlük» əsasən Heydər Əliyev hakimiyətinin içində alternativ güc mərkəzi olaraq bilinirdi və sonradan mərhum prezident Heydər Əliyev əsasən Rusiyaya bağlı olan bu alternativ güc mərkəzini ayırmağa nail ola bildi. Namiq Abbasov vəzifədən alınaraq Özbəkistana, Eldar Həsənov isə Rumıniyaya səfir göndərildilər. Daha sonra, prezident İlham Əliyevin dövründə vəzifəsini itirən Abbas Abbasov isə Rusiyaya üz tutdu. 2013-cü prezident seçkiləri ərəfəsində məhz Abbas Abbasovun rəhbərliyi ilə qurulan “Milyarderlən İttifaqı” Kremlin Azərbaycan hakimiyyətinə qarşı əsas təzyiq vasitəsinə çevrildi.

Zamanla Namiq Abbasov siyasətdən uzaqlaşsa da, Eldar Həsənov əksinə, son 10-15 ilin içindən siyasətdə dərin kök salmağı bacardı. O bu gün faktiki olaraq Azərbaycan siyasətinin kölgələr knyazı kimi tanınır və bu knyazın əmrində nə qədər məmur- kölgə, siyasi aktivist və nüfuzlu şəxslərin olduğunu özündən başqa heç kim yəqin ki, bilmir. Bilnən ancaq odur ki, Azərbaycanın bütün bölgələrində illərdir ki, Eldar Həsənovdan gələn buyruğu gözləyən çox nüfuzlu şəxslər var və bu şəxslərin fəaliyyəti bir neçə günün içində 1993-cü ildə olduğu kimi Azərbaycan hakimiyyətini iflic vəziyyətə gətirə bilər.
Yəni faktiki olaraq dünən Abbas Abbasov və Namiq Abbasovla ittifaq yaradaraq özünün siyasi ambisiyalarının təməlini qoyan Eldar Həsənov hazırda çox başlı əjdahaya çevrilə bilib və bu əjdəha hazırda Azərbaycan hakimiyyəinin və Azərbaycan dövlətinin bir nömrəli probleminə çevrilməkdədir…

Eldar Həsənov bütün cəbhələrdən hücuma keçir – Hücrələr oyanır

Ardı var…
Qeyd: Növbəti yazımızı Eldar Həsənovun Azərbaycandakı hücrə şəbəkələrinə həsr edəcəyik. Və oxucularımızı inandıraq ki, ikinci yazımızda Azərbaycanın bir çox bölgələrində və həmçinin hakimiyyətin müxtəlif strukturlarında çalışan və hakimiyyətə sözdə sədaqətləri şübhə doğurmayan sürpriz adlarla rastlaşacaqlar.

Bizi izləməkdə davam edin…

AzToday.az
Geri qayıt