Ölkənin korrupsiya tərəzisindəki beş nazir barəsində sensasion - Monitorinq

Ölkənin korrupsiya tərəzisindəki beş nazir barəsində sensasion - Monitorinq Azərbaycanda ən çox korrupsiyaya bulaşmış nazirliklərin media üzərindən monitorinqini aparmışıq

Aparılan araşdırma və təhlillər nəticəsində bir neçə nazirliyin korrupsiya piramidasının zirvəsində dayandığını müəyyən etmişik.

Azərbaycanda ən çox rüşvət və korrupsiya bataqlığında boğulan Vergilər Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Nəqliyyat Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyidir.

Bu beş nazirlik ölkənin sosial-iqtisadi inkişafını baltalayır. İstər mətbuatda gedən şikayətlər, istərsə cəmiyyət arasında aparılan sorğular, istərsə də gündəlik həyatımızda müşahidə etdiklərimiz deməyə əsas yaradır ki, korrupsiya tərəzisində adıçəkilən 5 nazirlik liderlik edir.

Sahibkarlar vergidən, valideynlər təhsildən, xəstə yaxınları səhiyyədən, sürücülər nəqliyyatdakı özbaşınalıqlardan, fermerlər və kəndlilər isə aqrar sektordakı qanunsuzluqlardan cana doyub. Bir ölkənin inkişafı üçün bu 5 sektor şəffaf və sağlam olmalıdır.

Acı mənzərə ondan ibarətdir ki, Azərbaycanda sadlanan sahələr üzrə geriyə doğru irəliləyiş var, rüşvət, süründürməçilik, özbaşınalıq, keyfiyyətsizlik tüğyan edir.

Monitorinq üzrə vergilər naziri Fazil Məmmədov liderlik edir. Təhsil naziri Mikayıl Cabbarovla səhiyyə naziri Oqtay Şirəliyev qoşa gedir, korrupsiyada ikincilik uğrunda yarışırlar.

Kənd təsərrüfatı naziri Heydər Əsədov isə qudası olan nəqliyyat naziri Ziya Məmmədovu qabaqlayıb. Z.Məmmədovun səlahiyyətlərinin azaldılması ucbatından korrupsiya, maxinasiya imkanları məhdudlaşıb.

Onlar regionlardakı vəziyyətlə qəti şəkildə maraqlanmırlar. Bütün bölgələr özbaşınalıq, məsuliyyətsizlik, rüşvət və səhlənkarlıq hökm sürür. Onu da yada salaq ki, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev statistikanı açıqlayıb.

K.Əliyev bildirib ki, Vergilər Nazirliyindən 48, rayon məhkəmələrindən 37, Bələdiyyələrlə İş üzrə Mərkəzdən 23, İqtisadiyyat Nazirliyindən 9, Əmlak Məsələləri Komitəsindən 14, Dövlət Neft Şirkətindən 6, Dövlət İmtahan Mərkəzindən 5, bank sektorundan 23 material Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olub. Materialların əksəriyyəti barədə cinayət işi başladılıb.

Göründüyü kimi, ən çox şikayət və müraciətlər Vergilər Nazirliyi ilə bağlı olub. Fazil Məmmədovun rəhbərlik etdiyi nazirlik yenə də korrupsiya piramidasının zirvələrinə ucalıb.
Geri qayıt