Latviya naziri Bakıda

Latviya naziri Bakıda Latviyanın Nəqliyyat Naziri Uldis Auqulisin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Azərbaycan Respublikası və Latviya Respublikası arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirilib. İclası giriş sözü ilə açan Ekologiya və Təbii Sərvətlər Naziri, Azərbaycan tərəfdən Hökumətlərarası Komissiyanın həmsədri Hüseyn Bağırov ölkələrimiz arasında əməkdaşlıq ilə bağlı məlumatları diqqətə çatdırıb, bu görüşün səmərəli olacağı, gələcəkdə əlaqələrin daha da geniş inkişafına müsbət təsir göstərəcəyinə ümidvar olduğunu bildirib.

Öz növbəsində Latviya Respublikasının Nəqliyyat Naziri cənab Uldis Auqulis çıxış edərək qeyd edib ki, bizim əməkdaşlığımızın inkişafı, birgə layihələrin həyata keçirilməsi sahəsində böyük potensial var. Əminəm ki, iqtisadi əməkdaşlıq getdikcə daha da möhkəmlənəcək və bu da iki ölkə arasında ticarət dövriyyəsinin ildən-ilə artmasına gətirib çıxaracaq.

Görüş zamanı Azərbaycan ilə Latviya arasında ətraf mühit və regional inkişaf, ikitərəfli ticarətin və investisiyanın genişləndirilməsi, elm, təhsil, mədəniyyət, turizm, səhiyyə, nəqliyyat, rabitə və kommunikasiya sahəsində əməkdaşlıq üzrə məsələlər müzakirə edilib.

Sonda Nazir H.Bağırov bildirib ki, ölkələr arasında mövcud olan dostluq münasibətləri, böyük iqtisadi potensial, yaradılmış hüquqi baza, əlverişli investisiya mühiti əməkdaşlığın daha da genişləndirilməsinə və bundan sonra keyfiyyətcə yeni mərhələyə qaldırılmasına zəmin yaradır.
Latviya naziri Bakıda
Latviya naziri Bakıda
Geri qayıt