Ədalət və beynəlxalq hüquqa əsaslanan siyasətin uğurları

Ədalət və beynəlxalq hüquqa əsaslanan siyasətin uğurları

Bir sıra dövlətlərin vaxtilə soyuq müharibə dövründə iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün təsis etdiyi Qoşulmama Hərəkatının oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda 60 illiyinə həsr olunmuş Yüksək Səviyyəli Toplantısı öz işinə başlayıb. 1961-ci ildən fəaliyyətə başlayan və Azərbaycan da daxil olmaqla dünyanın 120 ölkəsinin üzv olduğu Qoşulmama Hərəkatı hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilib.
Belqradda təsis edildiyi ilk gündən qlobal sülh, ədalət və həmrəylik naminə həyata keçirdiyi səylər vasitəsilə beynəlxalq arenada mühüm rol oynayan Hərəkata 2019-cu ildən Azərbaycan sədrlik edir. Azərbaycanın hazırda Qoşulmama Hərəkatına səmərəli sədrlik müddəti Hərəkat üzvləri tərəfindən təqdirəlayiq hal kimi qiymətləndirilir. Ölkə başçısı İlham Əliyev Qoşulmama Hərkatının 60 illiyinə həsr olunmuş Yüksək Səviyyəli Toplantıda videoformatda çıxışı zamanı bildirdi ki, Azərbaycan koronavirusa qarşı mübarizələrini dəstəkləmək üçün Qoşulmama Hərəkatının üzvləri daxil olmaqla, 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərib. Azərbaycan təmənnasız olaraq dörd ölkəyə 150 min doza peyvənd ianə edib. Azərbaycanın “peyvənd millətçiliyi”nə və peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyaclarından daha artıq miqdarda alınmasına qarşı narazılığını açıq şəkildə ifadə etməsi məsələsinə də toxunan cənab Prezident dünyada mövcud olan peyvənd dozalarının 75 faizinin 10 zəngin ölkə tərəfindən alındığı halda, aşağı gəlirli ölkələrdə peyvəndlənmə göstəricisinin 2 faizdən az olduğunu söyləmişdi.
Toplantıda həm də beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərarları ilə bağlı ikili standarlar, Azərbaycana qarşı son 30 ildə selektiv yanaşmaya da xüsusi diqqət çəkildi. Beynəlxalq münasibətlərdə tüğyan edən ikili standartlardan istifadə edən Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq təqribən 30 il ərzində Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlaması, həm öz ərazisində, həm də işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirməsi, Xocalı soyqırımında törədilən insanlığa sığmayan qətliamlar toplantı iştirakçılarının diqqətinə bir daha çatdırıldı.
Azərbaycanın beynəlxalq arenada nüfuzunun gündən-günə artması, Hərəkatın əsas prinsiplərinə sadiqliyi, uğurlu və səmərəli sədrlik müddəti Qoşulmama Hərəkatının üzvləri tərəfindən təqdirəlayiq hal kimi qiymətləndirilmiş və Azərbaycanın sədrlik müddəti bir il-2023-cü ilin sonuna kimi uzadılması barədə qərar verilmişdir. Prezident İham Əliyevin qeyd etdiyi kimi “Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyin bundan sonra da möhkəmləndirilməsi və Hərəkatın siyasi çəkisinin, qlobal nüfuzunun artırılması istiqamətində fəaliyyətinə davam edəcəkdir”.

Fuad Heydər – YAP Səbail Rayon təşkilatının məsləhətçisi
Geri qayıt