Böyük zəfərlərlə zəngin 18 il: Uğurların əsasında duran siyasi peşəkarlıq

Böyük zəfərlərlə zəngin 18 il: Uğurların əsasında duran siyasi peşəkarlıq
Azərbaycan Prezidenti İlham Əliyevin ölkə rəhbəri vəzifəsində fəaliyyətinin 18 ili tamam olub. 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs vermişdir. Bununla da Azərbaycan xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinəvə ölkədə sabitliyin qorunmasına verərək Heydər Əliyevin siyasi kursuna səs verdi.
Keçən müddət ərzində ölkə rəhbəri çox böyük uğurlara imza atıb. Azərbaycanda müstəqil dövlət quruculuğu prosesi 2003-cü ildən başlayaraq yeni dinamika alıb. Bütün istiqamətlər üzrə ciddi nailiyyətlər əldə edilib. Daxili və xarici siyasətin tam vəhdəti təmin edilib. Ölkəmiz hazırda sabit şəraitdə sürətli inkişafını davam etdirir. Özü də bu, bütün dünyada müxtəlif sahələrdə özünü göstərən böhranların fonunda baş verir. Deməli, Azərbaycan Prezidenti çox düzgün, müasir, səmərəli və fayda gətirən kurs həyata keçirir. 
İlk dəfə 2003-cü ilin oktyabrın 15-də ölkə rəhbəri seçilən İlham Əliyev göstərdiyi yüksək siyasi fəaliyyətinə görə sonra xalq tərəfindən iki dəfə də Prezident seçildi. Bu müddətdə İlham Əliyevin daim milli və dövləti maraqlardan çıxış edərək, Ulu öndər Heydər Əliyevin siyasi kursunu rəhbər tutaraq yorulmadan Azərbaycan dövlətçiliyi və xalqı üçün çalışdığını hər kəs etiraf edir. Dünyanın böyü dövlətlərinin başçıları Prezident İlham Əliyevin Azərbaycan cəmiyyətində yüksək nüfuza malik olmasını, ölkədə sabitliyin tam bərqərar olunduğunu və uğurlu idarəetməni nəzərə alaraq, əməkdaşlığa can atırlar. 

İndi İlham Əliyevin Azərbaycan dövlətinə başçılıq etdiyi son 18 ilə nəzər salanda bütün sahələrdə nə qədər böyük inkişafın getdiyinə əmin oluruq. Bu gün Azərbaycan Cənubi Qafqazın ən uğurlu müstəqil dövlətidir. Bu səbəbdəndir ki, Prezident İlham Əliyev əminliklə deyir: "Regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz".
Daxili siyasətdə Azərbaycan Prezidenti idarəetmədəki islahatları tamamilə sosial-iqtisadi, enerji, nəqliyyat, elm, təhsil, mədəniyyət, ekologiya, sənaye, kənd təsərrüfatı, hərbi və başqa sferalardakı yeniləşmələrlə, iri həcmli maliyyə tələb edən proqramlarla uyğunlaşdıra bilib. Bu iki aspekti isə cəmiyyətdə həyata keçirilən və vətəndaş cəmiyyətinin formalaşmasına xidmət edən islahatlarla harmoniya halına sala bilib.
Sosial-iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə uğurların    analizi göstərir ki, Azərbaycan 18 il müddətində sözün həqiqi mənasında nəhəng irəliləyiş əldə edib. Və bu irəliləyişin ən gözəl cəhəti ondan ibarətdir ki, həm ayrı-ayrı sferalarda aparılan islahatlar bir-birini tamamlayırlar, həm də onların hər biri insanların həyat səviyyəsinin yüksəlməsinə, maddi və mənəvi rifah halının yaxşılaşmasına xidmət edir. 
Prezident İlham Əliyev xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Azərbaycana Prezident kimi rəhbərlik etdiyi 18 ildə ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib və ən əsası 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib.  
Prezidentin rəhbərliyi ilə ölkədə iqtisadi sahələrdə əldə edilən uğur və tərəqqi digər sahələrin inkişafına da təsir göstərdi. Güclü iqtisadi tərəqqi güclü ordunun yaradılmasına təkan oldu. 2003-cü ildən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər Qarabağ münaqişəsinin aqibəti ilə bağlı bəzi dairələrdə yaranan əminliyi darmadağın etdi. Qısa müddət ərzində görülmüş işlər sayəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı. Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görüldü.
 Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı.
Prezidentin effektiv siyasəti, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı Qalib ölkəyə çevirdi. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir. 
Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Bu qayıdış Böyük Qayıdış olmaqla təkcə azərbaycanlıların Qarabağa deyil, vaxtilə deportasiya edildikləri bütün tarixi torpaqlarına qayıdışını əhatə edəcəkdir.  


İsrafil Kərimov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Geri qayıt