"Rəsmi Bakının İrana şərtləri var" - GƏLİŞMƏ

"Rəsmi Bakının İrana şərtləri var" - GƏLİŞMƏ

İranın Qum şəhərində Qarabağa həsr olunmuş beynəlxalq konfrans keçirilirb. Konfransda İranın xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçı, Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov, parlament üzvləri, eləcə də Belarus, Rusiya, Gürcüstan və Ukrayna nümayəndələri iştirak ediblər. İranın xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçı bildirib ki, Azərbaycan İran üçün çox önəmli və əhəmiyyətli ölkədir. Onun sözlərinə görə, hazırda Azərbaycan-İran münasibətləri yüksək səviyyədədir və iki ölkə arasında bu münasibətlərin davam etdirilməsi üçün addımlar atılır:

“Bu münasibətlər yaxşı qonşuluq siyasəti çərçivəsində aparılır”. Nazir müavini bildirib ki, iki ölkə arasında müxtəlif sahələrdə birgə layihələr icra olunub: “Səhiyyə turizmi və sərhəd mübadilələrini buna misal göstərmək olar”.

Əraqçı əlavə edib ki, Qarabağ münaqişəsi başlanandan İran Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsini dəstəkləyib: “İran həmişə Azərbaycan ərazilərinin işğalına qarşı olub. Bunun bariz nümunəsi Xudafərin su bəndinin inşa edilməsi ilə əlaqədar Azərbaycanla İran arasında müqavilənin imzalanmasını göstərmək olar. Bu su bəndi inşa edildiyi zaman işğal olunmuş ərazilərdə idi. Azərbaycanla İran arasındakı müqavilə İranın Ermənistanın işğalçılığına qarşı olduğunu göstərir. Bununla əlaqədar Ermənistan tərəfi ilə müzakirə aparıldı və onların su bəndi ərazisini tərk etmələri və heç bir müdaxilə etməmələri istənildi. Artıq bu su bəndi İran və Azərbaycan münasibətlərinin simvoluna çevrilib”. Xatırladaq ki, Azərbaycan-İran münasibətləri həssas zəminə qədəm qoyduğu bir zamanda İranın xarici işlər nazirinin müavini Məhəmməd Kazım Səccadpur da Azərbaycanda səfərdə olub. Məhəmməd Kazım Səccadpur Azərbaycanın, İranın və Türkiyənin analitik mərkəzlərinin birgə konfransında iştirak üçün Bakıya gəlib. XİN rəsmisi Qarabağa, işğaldan azad edilmiş ərazilərə də aparılıb. Səccadpur Qarabağ xanlığının qurucusu Pənahəli xanın “İmarət” kompleksində olub, ermənilərin burada törətdiyi dağıntıları, erməni vandalizminin izlərini gözləri ilə görüb.
Siyasi şərhçi Aqşin Kərimova görə, Tehran Azərbaycanla münasibətləri normallaşdırmaq istəyir, Bakının isə şərtləri var.

Analitik bildirib ki, Bakı tələb edir ki, İran Qarabağda sülhməramlıların nəzarət zonasında olan ərazilərə qanunsuz yükdaşıma siyasətindən əl çəksin və işğalçı Ermənistana dəstəyinə son qoysun:

“Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsində İran avtomobillərinin yoxlanılması ilə Bakı-Tehran münasibətləri gərginləşdi. İran bunun ardınca əzələ nümayişi üçün Azərbaycanla sərhəddə hərbi təlimlərə başladı. Təlimdən öncə niyyətinin Azərbaycan-Türkiyə-Pakistan birgə təlimlərinə qarşı olduğunu da Həsən Amulinin dili ilə açıqladı. Ancaq proseslərdən qazanclı çıxan Azərbaycandır, çünki Bakının Türkiyə, İsrail, Pakistan və Böyük Britaniya kimi müttəfiqləri var. Üstəgəl, müttəfiqlik əlaqələrinin dərinləşməsi Azərbaycana böyük hərbi üstünlüklər də qazandırır, bu isə İran üzərində əlavə rıçaqdır. Belə bir zamanda İran xarici siyasətinin strateji hədəflərini cızan bir şəxsin Bakı səfəri onu deməyə əsas verir ki, Tehran təkləndiyini hiss edir və buna görə Bakı ilə hesablaşmaq məcburiyyətini anlayır. Səccadpurun tərcümeyi-halındakı karyerası Tehranın xarici siyasətinin siması kimi diqqəti çəkir. Tehran Universitetini bitirdikdən sonra nüfuzlu xarici universitetlərdə təhsilini davam etdirən Səccadpur beynəlxalq siyasəti yaxşı bilir. Məhz bu səbəbdəndir ki, 2013-2016-cı illərdə İran xarici işlər nazirinin strateji işlər üzrə müşaviri vəzifəsində çalışıb. İndi isə o, nazir müavini olmaqla yanaşı, həm də İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəridir. Bir sözlə, İran XİN-in “beyin mərkəzi”nin simasıdır, məhz bu səbəbdən Tehran Səccadpurun diplomatik tərzinə, strateji baxışına arxayın olub onu Bakıya göndərib. Bəs Bakıdakı görüşdə hər hansı ortaq nöqtə tapılıbmı? Görünən və yayılan fotolardan aydın olur ki, yeganə ortaq nöqtə diplomatik etiket qaydalarının yüksək səviyyədə nümayiş etdirilməsidir. Səccadpur konfrans zamanı da diplomatik jestini nümayiş etdirərək İran-Azərbaycan münasibətlərinin yaxşı olduğunu vurğulayıb. Bağlı qapılar arxasında keçirilən görüşlər isə görünür, heç də ürəkaçan olmayıb”.

Ekspert qeyd edib ki, Səccadpur səviyyəsində keçirilən görüşlərdə ortaq məxrəcə gəlinməsi üçün hər iki tərəfin nazirlərinin görüşünün keçirilməsi razılaşdırılıb. Ancaq bu məsələdə Türkiyənin vasitəçiliyi ön plana çıxır:

“Deməli, Ankara Bakı-Tehran münasibətlərindəki gərginliyi aradan qaldırmaq istəyir. İranın Azərbaycana əzələ nümayişi həm də Ankara üçün bir təhdiddir. Ankara məsələni yoluna qoymaq istəyir. Buna görə BMT Baş Assambleyası çərçivəsində Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlunun iranlı həmkarı Hüseyn Əmirabdullahian arasında keçirilən görüşdə üçtərəfli görüşə razılıq əldə olunub. Çavuşoğlu bundan əvvəl Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovla görüşmüşdü. Görünür ki, müzakirələrdə cənab Bayramova da üçtərəfli görüş təklifi çatdırılıb. Azərbaycan-Türkiyə-İran XİN başçılarının görüş tarixi bəlli olmasa da, düşünmək mümkündür ki, görüşdə Bakı və Ankara Tehrana qarşı arqumentlərini ortaya qoyacaq”.
Geri qayıt