Dərin tarixi köklərə malik Azərbaycan-Türkiyə münasibətləri xalqlarımızın gələcəyinə xidmət edən yüksək əməkdaşlıq səviyyəsindədir

Dərin tarixi köklərə malik Azərbaycan-Türkiyə münasibətləri xalqlarımızın gələcəyinə xidmət edən yüksək əməkdaşlıq səviyyəsindədir
Ölkəmiz müstəqillik qazandıqdan sonra, bütün digər sahələrdə olduğu kimi, xarici siyasət sahəsində də mühüm addımlar atıldı. Ulu Öndər Heydər Əliyev  hakimiyyətə gəlməsi ilə, Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsindən xilas etməklə yanaşı, uğurlu gələcəyə hesablanmış siyasət xəttinin möhkəm təməlini qoydu. Qonşu dövlətlərlə, xüsusilə dost və qardaş Türkiyə ilə bütün sahələrdə davamlı  əməkdaşlıq əlaqələri quruldu.   Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı siyasi, iqtisadi, mənəvi, eləcə də geostrateji mahiyyəti ilə ötən dövr ərzində öz təsdiqini tapdı. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Dövlətlərimiz arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.
Bu gün Azərbaycan-Türkiyə münasibətləri əsil qardaşlıq nümunəsidir. Dövlət olaraq, bütün sahələrdə yüksək səviyyəli əməkdaşlıq etməklə yanaşı, təkcə ölkələrimizin deyil, ümumilikdə regionun gələcək inkişafı üçün Azərbaycan-Türkiyə münasibətləri müstəsna əhəmiyyət daşıyır. Əliyev-Ərdoğan birliyi və həmrəyliyi, dövlət başçılarının bir-birinə “qardaşım” deyərək müraciət etmələri xalqlarımız üçün də, dünya birliyi üçün də nümunədir.
Hazırda  Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr ən yüksək səviyyədədir. Elə sahə yoxdur ki, biz o sahədə əməkdaşlıq etməyək. İki qardaş ölkə kimi biz bütün sahələrdə qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edirik. Təhsil, səhiyyə, hərbi və bütün başqa sahələrdə olduğu kimi, iqtisadiyyat sahəsində də əməkdaşlıq sürətlə inkişaf edir. Böyük  potensiala malik olan ölkələrimiz arasında yüksək iqtisadi əməkdaşlıq mühiti yaranıb. Təsadüfi deyildir ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin istifadəyə verilməsi Azərbaycanın, Türkiyənin və digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayır.
Qardaş ölkə olaraq Türkiyə hər zaman Azərbaycanın yanında olmuş, sevincimizə sevinib, kədərimizə kədərlənmişdir. 44 günlük Vətən müharibəsi zamanı
 Türkiyə dövlətinin və onun prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək sözün həqiqi mənasında təmənnasız qardaşlığın təntənəsi idi. Vətən müharibəsi dövründə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi.Hələ müharibənin ilk günlərindən Türkiyənin Azərbaycanın haqq işinə dəstək verməsi, mənəvi və siyasi cəhətdən Azərbaycanın yanında olması, sülhə, sabitliyə hesablanmış davranış idi. Eyni zamanda bu davranış,  bütün dünyaya bir siqnal oldu ki,  Azərbaycanın öz doğma torpaqlarını işğalçılardan təmizləmək üçün apardığı haqq mübarizəsinə kimsə müdaxilə etməsin. Noyabr ayının 10-da imzalanmış Bəyanata əsasən Rusiya-Türkiyə Monitorinq Mərkəzinin yaradılması postmüharibə dövründə də Türkiyənin regionda təhlükəsizliyin təminatçısı və nəzarətçisi olacağından xəbər verir.
Bəllidir ki, hazırda dövlət tərəfindən işğaldan azad edilmiş ərazilərdə böyük tikinti-quruculuq işləri aparılır. Hər zaman olduğu kimi, Qarabağın yenidənqurma işlərində də Türkiyə-Azərbaycan qardaşlığı birlikdədir. Belə ki,  işğaldan azad edilmiş torpaqlarımızın yenidən tikilib qurulmasında  Türkiyə dövləti yaxından iştirak edir. Azad edilmiş ərazilərdə start verilmiş bərpa quruculuq işlərini həyata keçirtmək üçün təbii ki, ilk kontraktlar Türkiyə dövləti ilə imzalanıb. Görüləcək böyük həcmli işlər birgə həyata keçiriləcək, Türkiyə şirkətlərinin burada fəaliyyəti üçün yeni imkanlar yaranacaq.  
Sevindirici hakdır ki, rayonumuzun ərazisindən keçən, böyük strateji əhəmiyyətə malik  Füzuli- Şuşa, Füzuli-Hadrud, Füzuli-Zəngilan  avtomobil yollarının  inşası ilə bağlı artıq  türk şirkətləri fəaliyyətə başlayıb. Rayonumuzun gələcək inkişafında xüsusi əhəmiyyətə malik Füzuli Beynəlxalq  Hava Limanının  tikintisinə artıq start verilib. Bu böyük layihənin  inşasında da  türk şirkətləri yaxından iştirak edirlər. 44 günlük Vətən müharibəsindəki tarixi qələbədən sonra qardaş ölkənin aparıcı şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq işlərində yaxından iştirakı iqtisadi əlaqələrin inkişafında yeni dövrün başlanğıcının əsasını qoydusa, YAP və AKP arasında imzalanmış niyyət protokolu iki ölkənin siyasi arenasında müxtəlif istiqamətlərdə yaxınlaşmanın müjdəçisi oldu.
Bu günlərdə Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsi olan sevindirici xəbər almışıq ki, bu xəbər bizləri həm sevindirir, həm də qürurlandırır. Belə ki, Türkiyənin  Sakarya Böyük Şəhər Bələdiyyəsi işğaldan azad edilmiş Füzuli şəhəri ilə qardaşlaşma memarandumu təşəbbüsü ilə çıxış etmişdir.
İyun ayının 7-də  “Hədiyyə Karvanı Yollarda-Azərbaycan” layihəsi çərçivəsində Türkiyənin Uşaq Oyunları və İdman Klubları Federasiyasının əməkdaşları rayonumuzda qonaq oldular. Qardaş Türkiyədən gələn qonaqlar  şəhid ailələrini ziyarət etdilər, şəhid uşaqlarına müxtəlif hədiyyələr təqdim etdilər. Qardaşlığımızın daha bir nümunəsi olan bu görüşlər rayonumuzda böyük sevgi ilə qarşılandı. 
Əminik ki, Türkiyə-Azərbaycan qardaşlıq və dostluq münasibətləri gələcəkdə də yüksək səviyyədə inkişaf edəcək, bu münasibət  Azərbaycanda, eləcə də regionda davamlı sülhün və sabitliyin təminatçısı olacaqdır. Ölkə başçımız cənab İlham Əliyevin  apardığı uğurlu xarici siyasətin ana xəttini təşkil edən Türkiyə-Azərbaycan əlaqələri gündən-günə daha da inkişaf edəcək, ölkələrimizin rifahına, işıqlı sabahına zəmin yaradacaqdır. Prezident İlham Əliyevin sözləri ilə ifadə etsək, “Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir”.

Ramella Məmmədova 
Əməkdar müəllim

Geri qayıt