Şanlı qəhrəmanlıq salnaməsi

Şanlı qəhrəmanlıq salnaməsi “Qarabağ bizim üçün ədalət, milli qürur və beynəlxalq hüquq məsələsidir” 
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti 

      Tarixin müxtəlif dövrlərində müharibələrə aparan münaqişələr olub və belə münaqişələr indi də dünyanın bir çox yerlərində mövcuddur. Bu münaqişələr xarakterinə, səbəb və nəticələrinə görə bir-birindən fərqlənirlər. Erməni və ermənipərəst qüvvələrin etnik münaqişələr adı altında dünyaya tanıtmaq və qəbul etdirmək istədikləri Dağlıq Qarabağ münaqişəsi, əslində, Azərbaycanın tarixi ata-baba yurd torpaqlarına tuşlanmış əsassız ərazi iddiasıdan ibarətdir. İki yüz ildən çox bir müddətdə Azərbaycan xal¬qı vaxtaşırı erməni şovinist-millətçi ünsürlər tərəfindən yalanlarla dolu ərazi iddia¬la¬rını təmin etmək üçün həyata keçirdikləri deportasiya, soyqırımı və etnik təmizləmə siyasəti ilə üzləşmişdir. Münaqişənin obyektinə çevrilmiş torpaqların əsl sahibi olan azərbaycanlılar ermənilərin xain hücumları nəticəsində dəfələrlə öz doğma torpaqlarından qovulmuş, qaçqın və köçkünə çevrilmişlər. 
Azərbaycanlıların doğma torpaqları, ata-baba yurdu olan Qərbi Azərbaycandan (indiki Ermənistan) kütləvi şəkildə deportasiyaya məruz qalması ilə onlara qarşı böyük miqyasda ağır cinayətlər törədilmişdir. Azərbaycan-türk əhalisinin torpaqlarına, sakinlərin boşaldılmış mülklərinə müxtəlif ölkələrdən erməni  mənşəli əcnəbilər köçürülərək monoetnik dövlət yaradılmışdır. Monoetnik Ermənistan dünya ermənilərinin, dini missionerlərin əlaqələndirici bir mərkəzinə çevrilmişdir. Bu, Cənubi Qafqazda etno-siyasi və əsassız ərazi iddiaları ilə davam edən  proseslərə, regionun siyasi mühitinə təsirini  göstərməyə başlamışdır. 
Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası Azərbaycana qarşı işğalçı müharibə aparıldığını, ədalətsiz olaraq onun ərazi bütövlüyünün pozulduğunu və torpaqlarının ermənilər tərəfindən zəbt olunması səbəbindən vətəndaşlarının yurd-yuvalarından didərgin salınmasını təsdiq edən 822, 853, 874, 884 saylı dörd qətnamə qəbul edib. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi bu qətnamələr Azərbaycan Respublikasının ərazi bütövlüyünü, beynəlxalq sərhədlərin pozulmazlığını və ərazi əldə etmək məqsədilə gücdən istifadənin yolverilməzliyini bir daha təsdiq edərək, erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərini dərhal, tam və qeyd-şərtsiz tərk etməsi, münaqişənin sülh yolu ilə həllinə mane olan hər cür hərəkətlərdən əl çəkməsi tələblərini irəli sürsə də, işğalçı  ermənilər tərəfindən yerinə yetirilmədi. Onlar 27 illik bir müddət ərzində dünya dövlətlərinə, onların qəbul etdkləri qaydalara meydan oxuyub, hörmətsizlik nümayiş etdirməkdə davam etdilər. Ermənistanın qeyri-konstrukiv mövqe tutması üzündən münaqişə sülh yolu ilə həllini tapmadı, ədalət bərpa edilmədi. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildən qəbul etdiyi və 27 il kağız üzərində qalan qətnamələrini Azərbaycan dövləti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında “güclü yumruq” olub birləşən Azərbaycan xalqı, rəşadətli Azərbaycan əsgəri reallaşdırmalı oldu.
I Qarabağ müharibəsindən əvvəl, 1990-cı illərdə Dağlıq Qarabağda əhalinin əksəriyyətini azərbaycanlılar təşkil etsə də, onlar ermənilər tərəfindən soyqırıma məruz qalaraq öldürülmüş, sağ qalanlar isə təhdidlərə, təzyiqlərə düçar olub qeyri-insani münasibət nəticəsində ata-baba yurd-yuvalarından qovulmuşlar. Nəinki Dağlıq Qarabağda, erməni əhalisinin heç vaxt sıx yaşamadığı Dağlıq Qarabağla inzibati sərhəddə yerləşən yeddi rayonda etnik təmizləmə törətdilib, insanlar məhv edilib, əmlakları qarət edilib, mülkləri, torpaqları ələ keçirilmişdi.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə, danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış  Minsk Qrupunun fəaliyyəti bir nəticə vermədi, davam edən erməni təxribatları nəticəsində insanların yaşamaq hüququna qarşı qəsdlər törədilməkdə davam edir, hər gün cəbhə bölgələrində və ona yaxın ərazilərdə azərbaycanlı hərbiçilər, mülki şəxslər arasından qurbanlar verilirdi. 
Ermənistanın qəbul etdiyi təcavüzkar və hücum xarakterli milli təhlükəsizlik strategiyası və hərbi doktrina, işğal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasətini genişləndirməsi, “yeni ərazilər uğrunda yeni müharibə” çağırışı, mülki şəxslərdən ibarət “könüllü dəstələri” yaratmaq qərarı, 2020-ci il iyulun 12-də Ermənistan – Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətməsi, eyni zamanda bütövlükdə qoşunların təmas xəttində gərginliyi artırması, cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmləşdirməsi, böyük həcmdə silah-sursat toplaması Ermənistanın genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi. 2020-ci ilin iyul, avqust və sentyabr aylarında ardıcıl baş verən təxribatlar nəticəsində yenidən atəşkəs pozuldu, mülki əhaliyə kəşfiyyat-diversiya qrupları tərəfindən hücumlar edildi. 2020-ci ilin 27 sentyabrında Azərbaycanın şəhər və kəndlərinin ağır artilleriyadan bombardmana tutulması Azərbaycan Ordusunun uğurlu “Dəmir Yumruq” əməliyyatına başlamasına səbəb oldu. 44 günlük Vətən müharibəsi erməni silahlı qüvvələri və Qarabağda formalaşan terror qruplaşmalarının darmadağın eilməsi və noyabr ayının 10-da Azərbaycan Respublikası, Rusiya Federasiyası və Ermənistan Respublikası arasında üçtərəfli Bəyanatın imzalanması ilə nəticələndi.
“Böyük Ermənistan” xülyasında boğulan erməni rəhbərləri və erməni silahlı qüvvələri tərəfindən beynəlxalq hüququn norma və prinsipləri, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini, habelə elan edilmiş humanitar atəşkəs rejiminin tələbləri  həmişə  kobud şəkildə pozulmuşdur. Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti çərçivəsində dinc insanların, evlərin, mülki obyektlərin, tibb personalın məqsədli atəşə tutulması onların beynəlxalq hüququn normalarına, o cümlədən beynəlxalq humanitar hüquq və Cenevrə Konvensiyalarının tələblərinə məhəl qoymadığını, üzərinə götürdüyü öhdəlikləri aşkarcasına pozduğunu və adi humanizm  prinsiplərindən çox uzaq olduqlarını göstərirdi.
Cenevrə Konvensiyaları silahlı münaqişələr zamanı və ya fövqəladə hallarda mülki əhali, xüsusilə, onun ən müdafiəsiz hissəsi olan qadınlara və uşaqlara əzab-əziyyət gətirən hücumların edilməsini və ya onların bombardman olunmasını qadağan etmişdir. BMT-nin 1974-cü il tarixli "Qadın və uşaqların fövqəladə hallarda, silahlı münaqişələr dövründə müdafiəsi haqqında Bəyannamə"si silahlı münaqişələr dövründə insan hüquqlarına hörmət edilməsinə aid digər beynəlxalq hüquq aktlarında göstərildiyi kimi, müharibə edən tərəflərin hərbi əməliyyatların gedişində qadınlara və uşaqlara qarşı törətdikləri bütün repressiya və qəddarlıq, insanlıqdan kənar davranış formaları pislənilərək, cinayət kimi qəbul edilmişdir. Göstərilənlərə zidd olaraq II Qarabağ savaşı getdiyi günlərdə yenidən Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan şəhər və rayonlarımıza erməni hərbi birləşmələrinin 2020-ci il oktyabrında Bərdənin və onun kəndlərinə, Tərtərə, 5 dəfə ayrı-ayrı zamanlarda Gəncə şəhərinə “Smerç” tipli raket hücumları, böyük dağıdıcı qüvvəyə malik ballistik “claster” tipli raketlərdən ağır artilleriya zərbələrinin endirilməsi, bombalanması nəticəsində qadınlar, uşaqlar daxil olmaqla 100-dən çox insan öldürülmüş, daha çox sayda dinc əhali yaralanıb, xəsarət almış, mülki infrastruktur obyektlərinə, dinc sakinlərə məxsus fərdi yaşayış evlərinə və nəqliyyat vasitəsinə xüsusilə külli miqdarda ziyan dəymişdir.
Döyüş əməliyyatları gedən bölgəyə aidiyyəti olmayan şəhər, qəsəbə və rayonların bombalanması, daha çox itkiyə məruz qoymaq üçün qəsdən artilleriya hücumlarının gecə saatlarında və ya əhalinin sıx toplaşdığı yerləri hədəfə almaqla həyata keçirilməsi Ermənistanın  terrorçu dövlət, onun rəhbərlərinin terrorçu olduğunu, nə beynəlxalq humanitar hüquqa, nə də onun prinsiplərinə məhəl qoymadığını bir daha sübuta yetirdi. Ərazi iddiaları ilə hamını təngə gətirən, qonşu dövlətlərin yardımları hesabına yaşasa da, onların başının bəlasına çevrilən, “məzlum, incidilmiş xalq”  obrazını daim çox məharətlə ifa edən, siyasi havadarlarının sifarişi ilə oynayan Ermənistanın mənfur faşist xuntasının təcavüzkar, terrorçu siyasəti göz önündədir və bu siyasət regionda sülhə, dinc asayişə qarşı hər zaman ciddi təhlükə olmuşdur.
Ermənistan elə bir  riyakar və barbar dövlətdir ki, dünya dövlətlərinə cəbhədə atəşkəsin yaranması çağırışı ilə yalvarışlar edir  və həmin dövlətlərin vasitəçiliyi  ilə atəşkəs elan ediləndən üç dəqiqə sonra özü tərəfindən dinc insanları, şəhər və qəsəbələri atəşə tutmaqla, bombalamaqla atəşkəsi pozurdu. Bu, istər  dinc dövr olsun  ya hərb meydanı olsun, ikiüzlü erməni xislətinin növbəti dəfə nümayiş etdirilməsidir.
Azərbaycan Hökuməti, BMT, Avropa İttifaqı dövlətləri, Türkiyə tərəfindən qəsdən dinc əhalinin hədəfə alınmaqla artilleriya hücumlarına məruz qalması sərt formada qınanmışdır və Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi qiymətləndirilmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev hücumu müharibə cinayəti adlandırmış, elan edilmiş atəşkəs razılaşmasının pozulması kimi qiymətləndirmiş və ermənilərə uyğun cavabın veriləcəyini bildirmişdir: - “Biz eyni qaydada cavab verməyəcəyik. Biz onlara döyüş meydanında cavab verəcəyik. Biz şəhərlərə, mülki şəxslərə hücum etmirik, yalnız döyüş meydanında cavab veririk. Əlbəttə, biz özümüzü müdafiə etməliyik. Əgər onlar hücum edirlərsə... onlar itirdikləri mövqeləri geri almaq istəyirlərsə, sakit dura bilmərik. Biz özümüzü müdafiə etməliyik... nə qədər çox müdafiə olunuruqsa, daha çox əraziləri azad edirik. Azərbaycan Prezidentinin öz müsahibəsində verdiyi cavab Azərbaycan dövlətinin mövqeyini əks etdirir. Biz özümüzü müdafiə edirik! Vətənin müdafiəsi, işğal olunmuş torpaqlarımızın azad edildiyi günlərdə xalqla dövlətin indiyədək görünməyən sıx birliyi yarandı. Xalq öz siyasi liderinə sonsuz sevgi, hörmət göstərib inam və etimadla onun ətrafında sıx birləşdi. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu.
XXI əsrdə insanlığa qarşı ən ağır cinayətlər törədən  Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və təxribatçı əməllərini beynəlxalq ictimaiyyət kəskin şəkildə qınamalıdır. Ermənistana beynəlxalq hüququn öhdəliklərinə, qonşu dövlətlərin dinc yanaşı yaşamaq prinsiplərinə əməl etməyə məcbur olduğu bildirilməlidir.
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının xüsusi əhəmiyyət daşıyan bir məsələ olduğunu, Azərbaycana qarşı bir sıra hallarda çox əsassız ittihamlar irəli sürüldüyünü, qərəzli, saxta məlumatlar dərc edildiyini, ona görə xarici mediada bizim təbliğatımızın, mövqeyimizin çatdırılmasının xüsusi əhəmiyyət daşıdığını Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrə öz çıxışlarında qeyd edib. Almaniyanın ARD televiziya kanalına müsahibəsi zamanı alman müxbirinin Qarabağın nəyə görə xalqımız üçün bu qədər önəmli olduğu sualına cavabında Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır... Qarabağ bizim üçün ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır” cavabı, dövlət başçımızın digər çıxışları, verdiyi müsahibələr, apardığı dialoqlar onun səmimilik, millilik, vətənpərvərlik, yurdsevərlik, insanpərvərlik kimi ali, humanist keyfiyyətlərə sahib olduğunu, eyni zamanda yüksək elmi-siyasi intellektə, geniş, hərtərəfli dünyagörüşə, yüksək səviyyədə siyasi dialoq aparmaq bacarığına, ünsiyyət mədəniyyətinə malik olduğunu təsdiq etdi. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində Müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini azad etdi. Həmçinin Ağdam, Kəlbəcər və Laçın rayonları hərbi əməliyyatlar aparılmadan və qan tökülmədən Azərbaycana qaytarıldı.
Azərbaycanın cəbhədə qazandığı qələbələr, xüsusilə Şuşanın erməni əsarətindən qurtarılması işğal olunmuş torpaqlarımızın geri qaytarılması üçün apardığı Vətən müharibəsinin taleyində həlledici rol oynadı. Azərbaycanın iqtisadi gücü, xalqın əzmi və iradəsi, xalq-iqtidar birliyi, müasir ordu quruculuğu qələbəni təmin edən mühüm amillər oldu. Dünyanın nüfuzlu beyin mərkəzlərindən hesab edilən ”Valday” Beynəlxalq Diskussiya Klubunun 2019-cu ilin oktyabrında keçirilən XVI illik iclasında Azərbaycan Prezidenti cənab İlham Əliyevin çıxışında özünəməxsus qətiyyət, cəsarətlə dediyi “Qarabağ Azərbaycandır və nida!” lakonik və dəqiq cavabının arxasında iqtisadi və siyasi müstəqillik, güclü və dinamik iqtisadiyyat, yenidən qurulmuş və ən müasir hərbi texnikaya, yüksək təlim keçmiş cəsur, vətənpərvər canlı qüvvəyə malik qüdrətli Ordu, Ali Baş Komandanın ətrafında sıx birləşmiş, haqq-ədalət işinə boyük inamı olan xalq dayanırdı. Bu hökmün xitamı Müzəffər Ali Baş Komandanın 2021-ci ilin aprelində etdiyi çıxışında dediyi “Mən dəfələrlə bildirmişəm, Dağlıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan bunu həll edib və 30 ilə yaxın kağız üzərində olan qətnamələri yerinə yetirib və artıq münaqışə tarixdə qalıbdır” sözləri ilə verildi. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı şanlı qəhrəmanlıq salnaməsi yazaraq, zəfər çaldı. 

   Dilarə Hacıyeva,
Bakı Slavyan Universitetinin dosenti 
Geri qayıt